Məhkəmə qərarları › İş №2(045)-1026/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1026/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1026/2023 06.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları X1 üçün alimentin miqdarının dəyişdirilərək 220 (iki yüz iyirmi) manat məbləğində tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 adlı bir övladı olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birilərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Nikahları pozulmuşdur və onlar ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə onun himayəsindədir. Hal-hazırda 120 manat aliment alır. Bu da uşağın tələbatını ödəmir. Onun özü də heç bir yerdə işləmədiyi üçün uşağın saxlanmasında maddi çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağstafa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 316485 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X6r; Goranboy Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(045)-581/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə X9 arasında Ağstafa RİHB-nin Həsənsu kənd İƏD üzrə icra nümayəndəliyində 10 avqust 2018-ci il tarixdə 08 nömrə ilə qeydə alınmış nikah qeydiyyatı ləğv edilmiş, 01 iyul 2017-ci il tarixdə anadan olmuş X3 anası X5 yanında qalması və anasının himayəsinə verilməsi, 01 sentyabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh 01 iyul 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 (yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq iddiaçı X7 verilməsi qət edilmişidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X4 adlı övladı doğulmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. İddiaçı birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 30 manat (60 manat*12ay=720 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 01 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində müəyyən edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar