Məhkəmə qərarları › İş №2(045)-1030/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1030/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1030/2023 05.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “1980 manat məbləğində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulan maddi zərərin əvəzində 1980 (bir min doqquz yüz səksən) manat və ödənilmiş 39,80 manat dövlət rüsumunun əvəzi alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Goranboy rayonunun Muzdurlar kəndində yaşayır. O, yaşadığı ərazidə heyvandarlıqla məşğul olur, yəni ki, ailəsinin dolanışığı üçün bir-iki iri və xırda buynuzlu heyvan saxlayır. Hər il bir-iki iri buynuzlu heyvan sataraq bir təhər ailəsini dolandırır. Cavabdehi əvvəllər tanımamışdır, 2022-ci ilin aprel ayının sonunda işlədiyi qapıdan iribuynuzlu heyvan alanda tanımışdır. Bildirir ki, onunda bir dənə iri buynuzlu heyvanı var, satmaq üçün bazara çıxardaçaqdır. Cavabdeh isə dedi ki, “mən alaram”. 01 may 2022-ci il tarixdə onlara gələrək heyvana baxdı və dəyərindən də bir az aşağı, yəni 1980 (bir min doqquz yüz səksən) manata razılaşmışlar. Cavabdeh bildirdi ki, heyvanı aparır bir həftədən sonra pulunu gətirəcək. O, da cavabdehin bu sözlərinə inanmışdır. Bir ildir ki, onu aldadır. Dəfələrlə evlərinə getmiş, lakin hər dəfə ona söz versə də, bugünə kimi borcunu qaytarmamışdır. O da məcbur olub onun hərəkətlərindən Goranboy rayon Prokurorluğuna, sonra isə Polis şöbəsinə şikayət etmişdir. Cavabdeh verdiyi ifadələrdə etdiyi əməli etiraf etsə də, onun pulunu vermək istəmir. Hər iki orqanın ona ünvanladığı məktubda işin mülki xarakterli olduğu bildirilir. Ona görə də, məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu zərərə görə 1980 (bir min doqquz yüz səksən) manat pul alınaraq ona verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, yaşadığı ərazidə heyvandarlıqla məşğul olur və xırda buynuzlu heyvan saxlayır. Hər il heyvan sataraq ailəsini dolandırır. Cavabdehi əvvəllər tanımamışdır, 2022-ci ilin aprel ayının sonunda qapısından iribuynuzlu heyvanı alamağa gələndə tanımışdır. O, bir baş iri buynuzlu heyvanı satmaq üçün bazara çıxardacağı ərəfədə cavabdeh həmin heyvanı özü alacağını və pulunu bir həftəyə ödəyəcəyinə söz vermişdir. Bundan sonra heyvanı 1980 (bir min doqquz yüz səksən) manata nisyə satılmasına dair razılığa gəlmişlər. Cavabdeh sözügedən heyvanı aparsa da, bir ildir ki, aldığı malın pulunu ödəmir və ona hər dəfə bir bəhanə gətirərək bugünə kimi borcunu ödəməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, iddiaçıdan nisyə bir baş iribuynuzlu heyvanı iddiaçının bildirdiyi kimi 1980 manata yox, 1850 manata almış və pulunu bir həftəyə qaytaracağına söz versə də, maddi vəziyyətində yaranmış çətinliklərə görə öhdəliyini vaxtında icra edə bilməmiş və borcundan bugünə kimi cəmi 1100 manat ödəyə bilmişdir. Qalıq 750 manatı isə yaxın vaxtlarda ödəyəcəyini iddiaçıya bildirsə də, qarşı tərəf onunla razılaşmamışdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, 1100 manatı iddiaçıya ödəməsini təsdiq edən hər hansı yazılı sənədi yoxdur və polis orqanlarında verdiyi izahatında heyvanı 1890 manata aldığını polis əməkdaşının onu məcbur etməsi nəticəsində yazmışdır. Polisin bu hərəkətlərindən hər hansı yuxarı orqana şikayət verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Prokurorluğu tərəfindən verilmiş 376-2Ş-22 nömrəli, 01 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ilə arasında olan pul mübahisəsi mülki xarakterli olduğundan iddiaçıya məhkəməyə müraciət etməsi izah edilmişdir; Goranboy Rayon Polis Şöbəsi tərəfindən verilmiş 197-12374B-3222 nömrəli, 07 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh barəsində müraciətlə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir; Cavabdeh Goranboy rayon Polis şöbəsinə xx.xx.2022-ci il tarixdə verdiyi izahatından görünür ki, o, İddiaçı həmin iribuynuzlu heyvanı 1890 manata almağa razılaşmış və həmin pulu bir həftəyə qaytaracağına söz versə də, borcunu verə bilməmişdir; "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 21337 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 39,80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bir baş iribuynuzlu heyvana dair şifahi nisyə alğı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin aldığı malın dəyərini bir həftə ərzində iddiaçıya ödəməyi öhdəsinə götürməsi işin mübahisəsiz hallarıdır. Hazırkı mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin): 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Həmçinin işə əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” qərarından görünür ki, cavabdeh polis şöbəsində verdiyi izahatında iddiaçıya 1890 manat borcunun olmasını etiraf etmiş, lakin məhkəmədə verdiyi izahatında iddiaçıya 1850 manat borcunun olduğunu, həmin borcdan 1100 manat hissəsini ödədiyini və hazırda iddiaçıya 750 manat borcunun qaldığını bildirmişdir. Belə olan halda, hazırkı iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, habelə iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1 -ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatı arasında olan uyğunluq və uyğunsuzluqları müqayisəli şəkildə təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında nisyə alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı iribuynuzlu heyvanı 1890 manata cavabdehə nisyə satmış, cavabdeh də aldığı malın dəyərini bir həftəyə ödəyəcəyi barədə vəd versə də, bugünədək borcunu ödəməmişdir. Məhkəmə, cavabdehin malı 1850 manata alması, həmin məbləğdən 1100 manat hissəsini iddiaçıya ödəməsi və hazırda sonuncuya 750 manat borcunun qalması barədə izahatını inandırıcı hesab etmir, bunu mülki məsuliyyətdən yayınmaq kimi qiymətləndirir, çünki cavabdeh bu faktları hər hansı mötəbər dəlillərlə sübuta yetirə bilmir. Eyni zamanda iddiaçı da malı cavabdehə 1980 manata satması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə, aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, Cavabdeh malı iddiaçıdan 1890 manata almış və iddiaçı qarşısında öhdəliyini yerinə yetirməyərək malın dəyərini ödəməmişdir. Məhkəmə, iddia tələbinin ödənilmiş 39,80 (otuz doqquz manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib “Dövlət rüsumu haqqında” qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 38,90 manat məbləğində müəyyən edilməli və qalıq 0,90 manat (doxsan qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1890 (bir min səkkiz yüz doxsan) manat məbləğində borc pul və ödənilmiş 38,90 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1890 (bir min səkkiz yüz doxsan) manat məbləğində borc pul və ödənilmiş 38,90 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar