Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1102/2025 28.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşağı 06 mart 2017-ci il təvəllüdlü X5 onun himayəsinə verilməsi və Cavabdeh hər ay sapit pul məbləğində 246 (iki yüz qırx altı) manat niqdarında alımentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 31 may 2016-cı ildə ailə qurmuşlar. Lakin, bu barədə olan nikahı rəsmi qeyd etdirməmışlər. Birgə yaşadıqları müddətdə bir uşaqları olmuşdur. Cavabdehlə birgə yaşamaq mümkün olmadığı üçün ayrılmışlar. Ayrılmaqlarına səbəb cavabdehin ailəsi ilə maraqlanmaması, başqa birisi ilə münasibətdə olması və sair səbəblər olmuşdur. Bir aydan artıq olar ki, ayrılaraq atası evinə getmişdir. Gedərkən uşağı orta məktəbdə oxuduğu üçün onu təhsilindən ayırmamaq üçün razılaşıblar ki, hələlik atasının yanında qalsın, o da isdədiyi vaxt gəlib uşağı ilə görüşüb ünsüyyətdə olar. Ancaq cavabdeh sözünə əməl etməmiş, ona uşağı ilə görüşüb ünsüyyətdə olmağına belə imkan yaratmamışdır. Məhkəməyə təqdim etdiyi atalığın müəyyən edilməsi haqqında Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh uşağına atalıq vermişdir. Uşağının doğum haqqında səhadətnaməsinin surətindən görünür ki, o, hələ azyaşlıdır, ana qayğısına daha çox ehtiyacı var. Ona görə istəyir ki, uşağının qayğısına özü qalsın, onun təlim-tərbiyəsi, təhsilləri, sağlamlığı ilə özü məşğul olsun. Uşağı da bunu istəyir. Uşağının onunla qalması, onun himayəsinə verilməsi müəyyən edilməlidir. O, cavabdehin uşağı ilə istədiyi vaxt görüşməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, məhkəmə prosesi dövründə uşaq onun yanına qayıtmış və hazırda onun himayəsindədir. Odur ki, alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddiaçının izahatına uyğun izahat verərək, alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini və uşağın atanın himayəsinə verilməsini istədiyini bildirdi. Məhkəmə iclasında dindirilmiş 06 mart 2017-ci il təvəllüdlü X6 hazırda anası İddiaçı ilə birgə yaşadığını və onun himayəsində qalmaq istədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-lV seriyalı 657523 nömrəli doğum haqqında arayışdan görünür ki, X6 xx.xx.2017-ci ildə Goranboy şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Maraqlı şəxs başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya xx.xx.2017-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalması və himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflərin birgəliyindən xx.xx.2017-ci il təvəllüdlü X6 adlı uşağı doğulmuşdur. Tərəflərin xeyli vaxtdır faktiki olaraq ailə münasibətləri kəsilmiş, hər biri ayrı-ayrılıqda yaşamaqla, birgə təsərrüfat aparmırlar. Tərəflər arasında uşağın kimin yanında qalması barəsində fikir ayrılığı vardır. İddiaçı uşağın saxlanması üçün 246 manat tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur; 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir; 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə iddia tələbinin xx.xx.2017-ci il təvəllüdlü X5 iddiaçının himayəsinə verilməsinə dair qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi uşaq artıq iddiaçının yanında və himayəsindədir, onunla birgə yaşayır. Odur ki, zərurət aradan qalxdığı üçün iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə aliment tutulması hissəsinə dair qeyd edir ki, əvvəla iddiaçı cavabdehin həmin məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq 246 manat müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, cavabdehdən iddiaçının xeyrinə uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimenttutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun iddiaçının himayəsində qalmağa başladığı tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun iddiaçının himayəsində qalmağa başladığı tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,475 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1102/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1102/2025
28.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver