Məhkəmə qərarları › İş №2(045)-1107/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1107/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1107/2023 14.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədirliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 164,02 manat əsas borc, 16,63 manat faiz borcu, 30,94 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilimiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3,1 manat məbləğində borc olmaqla, cəmi 214,69 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş və ödəniş cədvəli ilə əsaslandırmışdır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 10-MY-1-0-1957-19 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə, illik 25 faiz olmaqla 10000 manat məbləğində kredit verməyi, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2019-cu il tarixli, 10-MY-1-0-744-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 10-MY-1-0-1957-19 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2019-cu il tarixli, 10-MY-1-0-744-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 10-MZ2-1-0-2274-14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, 10-MY- 1-0-1957-19 nömrəli müqaviləsi üzrə Cavabdeh1 164,02 manat əsas borcu, 16,63 manat faiz borcu, 30,94 manat cərimə, 3,1 manat əldən çıxmış fayda olmaqla, cəmi 214,69 manat kredit borcu vardır; Hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 36 müddətinə, illik 25 faiz olmaqla müqavilə üzrə 10000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 və Cavabdeh3 borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, Cavabdeh2 və Cavabdeh3 da zamin olduğu üçün əsas borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan normaları rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddia tələbi əsas və faiz borcu, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hissələrində əsaslıdır və həmin hissələrdə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 30,94 manat məbləğində dəbbə pulu hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 5 (beş) manat məbləğində müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 164,02 manat əsas borc, 16,63 manat faiz borcu, 5 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilimiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3,1 manat məbləğində borc olmaqla, cəmi 188,75 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 119, 214-220, 227, 233, 284-1, 284-5.3, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 164,02 manat əsas borc, 16,63 manat faiz borcu, 5 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilimiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3,1 manat məbləğində borc olmaqla, cəmi 188,75 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar