Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-113/2025 27.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16057,21 manat əsas borc, 1302,81 manat faiz borcu və 343,68 manat cərimə borcu olmaqla, ümumilikdə 17703,69 manat borc və 143,11 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 10 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 14.7 faizlə 36 ay müddətinə 21000 manat kredit götürmüşdür. Lakin, borclu müqaviləsnin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29 avqust 2024-dək Cavabdeh banka 10 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 16057.21 manat əsas borc, 1302.81 manat faiz borcu və 1374.69 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 18734.71 manat borcu vardır. Cavabdeh 10 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1374.69 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-ı miqdarında olmaqla, yəni 343.68 manat məbləğində tələb olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, hərbçidir və krediti götürən zaman Kəlbəcər rayonunda xidmət edib və həmin dövrdə yüksək əmək haqqı alıb. Hazırda xidmət yeri dəyişditi üçün aldığı əmək haqqı azalıb və buna görə də , kredit ödənişlərində maddi çətinliyi yaranmışdır. Ekspert rəyi ilə razıdır. Odur ki, iddia tələbinin ekspert rəyinə uyğun təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 aprel 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 14.7 faizlə 36 ay müddətinə 21000 manat məbləğində kredit verməyi, Cavabdeh həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 10 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 29 avqust 2024-cü il tarixədək banka 16057.21 manat əsas borc, 1302.81 manat faiz borcu və 343.68 manat cərimə borcu olmaqla ümumilikdə, cəmi 11703.69 manat məbləğində kredit borcu vardır; Hökümət ödəniş portalının ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 143,11 manat məbləğində dövlət rüsumu ödəmişdir; “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçısıdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1652 nömrəli, 17 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 10 aprel 2023-cü il tarixli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: əsas borc üzrə 16088,05 manat və faiz borcu üzrə 1241,60 manat. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC tərəfindən 10 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən illik 14.7 faizlə 36 ay müddətinə 21000 manat məbləğində kredit verilmiş, Cavabdeh kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 343,68 manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi əsasən azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini icra etməmiş, bununla da kreditora ziyan vurmuşdur. Buna görə də, cavabdeh öhdəliklərinin pozuntusu üçün kreditor qarşısında məsuliyyət daşımalıdır. Məhkəmə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 9.1.20-ci maddələrini rəhbər tutaraq hesab edir ki, cavabdeh “vətən müharibəsi iştirakçısı” olduğuna görə dövlət rüsumu ödəməkdən azad olunduğu üçün ödənilmiş 143,11 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 16088,05 manat əsas borc, 1241,60 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, ümumilikdə 17379,65 manat məbləğində borc pul tutulmalı və ödənilmiş 143,11 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2: kod 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 16088,05 manat əsas borc, 1241,60 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, ümumilikdə 17379,65 manat məbləğində borc pul tutulsun. Ödənilmiş 143,11 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2: kod 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-113/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-113/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver