Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1168/2023 16.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 8900,01 manat məbləğində əsas borcun, 957,63 manat məbləğində faiz borcunun, 207.9 manat məbləğində cərimə borcunun, cəmi 10065,54 manat borcun və 121 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 18.5% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə, bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh2 və Cavabdeh3 (zaminlər) həmin müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini və mülki işə onların iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən etiraf edərək bildirdi ki, iddia tələbini əsas və faiz borcu hissəsində qəbul edir. O, həqiqətən bankdan kredit götürmüşdür. Lakin, maddi vəziyyəti aşağı olduğundan ödəniş edə bilmir. Borcunu hissə-hissə ödəməyə maddi imkanı çatır. Lakin, tələb olunan cərimə borcunun azaldılmasını xahiş edir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh3 iddia tələbini qismən etiraf edərək bildirdi ki, o, həiqəən də zamin kimi Cavabdeh1 bank qarşısında öhdəliklərini yerinə yetirməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddia tələbini əsas və faiz borcu hissəsində qəbul edir. Lakin, tələb olunan cərimə borcunun azaldılmasını xahiş edir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, digər Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Rеspublikası Mülki-Prosеssual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC (bank) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CC/13403/85/29 nömrəli kredit sazişindən görünür ki, bank borcalana 36 ay müddətinə, illik 18,5 %-lə, 10000 manat məbləğində kredit vermişdir. Həmin sazişdən görünür ki, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 xx.xx.2022-ci il tarixli, CC/13403/85/29 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşlər; xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 10000 manat Cavabdeh1 tərəfindən qəbul edilmişdir; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 8900,01 manat əsas, 957,63 manat faiz, 207.9 manat cərimə borcu vardır; X1 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 121 manat dövlət rüsumu ödəmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, CC/13403/85/29 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 18,5 %-lə, 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürsə də, lakin kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka 8900,01 manat əsas, 957,63 manat faiz, 207.9 manat cərimə borcu, cəmi 10065,54 manat məbləğində borcu yaranmışdır. Yaranmış borcu ödəməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Həmçinin, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi Cavabdeh1 xx.xx.2022-ci il tarixli, CC/13403/85/29 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti üzərinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər öhdəliklərini icra etməmiş, bununla da kreditora ziyan vurmuşlar. Buna görə də, cavabdehlər öhdəliklərinin pozuntusu üçün kreditor qarşısında məsuliyyət daşımalıdır. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 207.9 manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 8900,01 manat əsas borc, 957,63 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 9877,64 manat borc və 118,78 manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) tutulmalıdır. Qeyd olununlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 8900,01 manat əsas borc, 957,63 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 9877,64 manat borc və 118,78 manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-1168/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1168/2023
16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver