Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1196/2025 02.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona 840 manat pulu, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qiyabi tanıyırdı. Aralarında xoş münasibət var idi. Ondan telefon almış və pul haqq-hesabı olmuşdur. 2022-ci ilin sentyabr ayında ona zəng edərək “Apple watch” markalı saat almaq istədiyini, ancaq pulunu nisyə vermək imkanı olduğunu dedi. O da şəhərdə maraqlanmış X1 ona olan borcu bütöv verməyini və 1310 azn olduğunu bildirmişdir. Cavabdeh inamı olduğundan tanışlarından nisyə götürmüş və Cavabdeh vermişdir. Saatı götürdüyü tanışının inamı olsun deyə Cavabdeh öz kimliyinin sürətinə öz xətti ilə nə qədər ilkin pul verdiyini və qalan borcu neçə aya nə qədər ödəyəcəyi haqda qeyd edib imza atmağını bildirmişdir. O, onunla razılaşmışdır .xx.xx.2022 tarixdə Cavabdeh öz kimliyinin surətinə öz xətti ilə 300 azn ilkin verib, qalan 1008 azn məbləği hər ay 84 azn olmaqla 12 ay ərzində ödəyəcəyini qeyd edib imza atmışdır. Cavabdeh xx.xx.2022 tarixdə 84 azn, xx.xx.2022 tarixdə 84 azn (cəmi 168azn) pul verib. Qalan 840 manat borcu verməkdən boyun qaçırdır. O, hər dəfə müxtəlif bəhanələr tapır və borc ödəmkdən boyun qaçırdır. Cavabdehin belə hərəkət etməsi onu məcbur etdi ki, o, məhkəməyə müraciət edib, çünki artıq başqa yolu yoxdur, məcburdur ki, bu mübahisənin həllini məhkəmədə axtarsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlərdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cavabdeh tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli sadə yazılı əqdən görünür ki, o, İddiaçı “Apple watch” markalı saatı ilkin 300 manat ödəniş etməklə, 12 ay müddətinə hər ay 84 manat ödəmək şərtilə nisyə almışdır; "xxxx" ASC-nin ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı maddi hüquq normalarına əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “Apple watch” markalı saatın satışına dair sadə yazılı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Hazırkı mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır; 606.4-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1 -ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, iş materiallarını təhlil edərək, daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı iradə ifadəsi əsasında sadə yazılı nisyə alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı “Apple watch” markalı saatı 1308 manata cavabdehə nisyə satmış, cavabdeh də aldığı malın dəyərindən ilkin olaraq 300 manat ödəniş etmiş, yerdə qalan pulu hər ay 84 manat olmaqla, 12 aya ödəyəcəyi barədə yazılı vəd vermiş, iki ay ödəniş etdikdən sonra verdiyi vəddən boyun qaçıraraq, qalıq 840 manat borcunu bugünədək ödəməmişdir. Nəticədə cavabdeh iddiaçı qarşısında öhdəliyini tam yerinə yetirmədiyi üçün 840 manat borcu yaranmışdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia təmin edilməli, Cavabdeh İddiaçının xeyrinə 840 (səkkiz yüz qırx) manat məbləğində borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır Şərh оlununlаrа əsаsən MPM-in 216-220, 227, 233 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçının xeyrinə 840 (səkkiz yüz qırx) manat məbləğində borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1196/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1196/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver