Məhkəmə qərarları › İş №2(045)-1227/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1227/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1227/2024 13.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(045)-1282/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, 27 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahdan 27 aprel 2017-ci il tarixdə X2 adlı övladı anadan olmuşdur. Goranboy Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(045)-1282/2021 saylı qətnaməsi ilə cavabdehlə nikahın pozulması, uşağın onun himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin məbləğdə müəyyən edilmiş alimentlə uşağı tək saxlamaqda çətinlik çəkir. Uşaq böyüdükçə ehtiyacları çoxalır, xərcləri artır. Cavabdeh hər ay 235 manat aliment ödəmək imkanındadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, yenidən ailə həyatı qurmuş və yeni ailəsindən uşağı vardır. Hazırkı tələb üzrə qeyd edilən məbləğdə aliment ödəməyə imkanı çatmır. O, cəmi 150 manat aliment ödəyə bilər. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın qismən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı 894968 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 27 aprel 2017-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Məhkəməsinin 2(045)-1282/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış və həmin tarixdə Goranboy RİH başçısının Boluslu kənd lƏDÜ nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 № ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra tərəflərin yetkinlik yaşına çatmamış uşaqları-xx.xx.2017-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 02 avqust 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 130 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir; Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay bir uşaq üçün 235 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 27 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh 30 manat (50 manat*12ay=600 manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy rayon Məhkəməsinin 2(045)-1282/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə 27 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy rayon Məhkəməsinin 2(045)-1282/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə 27 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar