Məhkəmə qərarları › İş №2(045)-1235/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1235/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1235/2023 18.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2008.11 (iki min səkkiz manat on bir qəpik) manat məbləğində əsas borcun və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. 30 oktyabr 2020-ci il tarixli 669 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. 17 avqust 2022-ci il tarixli 408 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 22 aprel 2022 və 28 iyul 2022-ci il tarixlərdə Oba- Goranboy 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmiş, 22 aprel 2022-ci il və 28 iyul 2022-ci il tarixlərdə aparılmış “inventarizasiya nəticələrinə” dair aktlara əsasən yekun ziyan məbləği cəmi 2820 manat 21 qəpik məbləğində məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmiş, ümumi kənarlaşma məbləğindən bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, cavabdehin yekun olaraq qalıq borcu 1.813 manat 48 qəpik təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdeh həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 22 aprel 2022-ci il tarixdə 2565.41 manat və 28 iyul 2022-ci il tarixdə 2292.13 manat kənarlaşma müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2355 manat qalmış, əlavə olaraq tutulmalar 346.89 manat çıxıldıqdan sonra borc 2008.11 manat olmuşdur. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 15 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və işçi satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir; 15 oktyabr 2020-ci il tarixli 629 saylı əmrdən çıxarışdan (işə qəbul etmə haqqında) görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 3 Şöbəsinə 15 oktyabr 2020-ci il tarixdən satıcıkassir vəzifəsinə işə qəbul edilmişdir; 15 oktyabr 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, işçi tam maddi məsul vəzifəyə qəbul olunmuş və işçi işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür; 30 oktyabr 2020-ci il tarixli 669 saylı əmrdən çıxarışdan (vəzifə dəyişikliyi haqqında) görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 3 Şöbəsində 30 oktyabr 2020-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir; 30 oktyabr 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin (vəzifə dəyişikliyi ilə əlaqədar) surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, işçi tam maddi məsul vəzifəyə qəbul olunmuş və işçi işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür; 22 aprel 2022-ci il tarixli növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Oba-Goranboy 1 filialında aparılmış inventarizasiya nəticəsində 2565.41 manat kənarlaşma müəyyən edilmiş, Oba-Goranboy 1 filialında aparılmış inventarizasiya nəticələri maddi məsul şəxs Cavabdeh iştirakı ilə araşdırılmış və o, çıxarılan nəticə ilə razı olmuşdur; 22 aprel 2022-ci il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Oba-Goranboy 1 filialında aparılmış inventarizasiya nəticəsində 2565.41 manat kənarlaşma müəyyən edilmiş, bu yekun aktda adları qeyd olunan bütün material qiymətliləri maddi məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq inventarizasiya siyahısına daxil edilmişdir. Bununla bağlı inventarizasiya komissiyasına heç bir iradı olmamışdır; 28 iyul 2022-ci il tarixli növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Oba-Goranboy 1 filialında aparılmış inventarizasiya nəticəsində 2292.13 manat kənarlaşma müəyyən edilmişdir; 28 iyul 2022-ci il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Oba-Goranboy 1 filialında aparılmış inventarizasiya nəticəsində 2292.13 manat kənarlaşma müəyyən edilmişdir; 28 iyul 2022-ci il tarixli imtina aktından görünür ki, Oba-Goranboy 1 (534) mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə 28 iyul 2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məxsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-2292.13) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir; 01 avqust 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 28 iyul 2022-ci il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (təhvil-təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalamanın mütləq olduğu bildirilmiş və Daxili Nəzarət Departamentinə yaxınlaşmağı xahiş olunmuşdur; 17 avqust 2022-ci il tarixli 408 saylı əmrdən çıxarışdan (işdən azad haqqında) görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış 8 Şöbəsinin administratoru Cavabdeh əmək müqaviləsinə 17 avqust 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsi müddətinin qurtarması) xitam verilmişdir; 16 yanvar 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh 3 gün müddətində 2008.11 AZN borcun ödənilməsini təmin etmək xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir; 16 fevral 2023-cü il tarixli maddi məsuliyyətə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 22 aprel 2022-ci il tarixdə 2565.41 AZN, 28 iyul 2022-ci il tarixdə 2292.13 AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2008.11 AZN borc qalmışdır. Beləliklə, Cavabdeh 16 fevral 2023-cü il tarixə İddiaçı MMC-yə olan ümumi borcu 2008.11 AZN təşkil edir; 08 oktyabr 2023-cü il tarixli maddi məsuliyyətə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 22 aprel 2022-ci il tarixdə 2565.41 AZN, 28 iyul 2022-ci il tarixdə 2292.13 AZN kənarlaşma müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2355 AZN borc qalmışdır, əlavə olaraq qeyd edilən şəxsdən tutulmalar 346.89 AZN çıxıldıqdan sonra borc 2008.11 AZN olmuşdur. Beləliklə, Cavabdeh 08 oktyabr 2023-cü il tarixə İddiaçı MMC-yə olan ümumi olaraq borcu 2008.11 AZN təşkil edir; 16 may 2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən hazırki tələb üzrə 41 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış mübahisədir və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 30-cu fəslinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin a bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir; 10-cu maddəsinin ç bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir; 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda; 192-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır; 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar; 194-cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; 199-cu maddəsinin a bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər; 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir; 202-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır; 203-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır; 203-cü maddəsinin 2-ci hissəsinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir; 205-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və 30 oktyabr 2020-ci il tarixli 669 saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. Cavabdehlə 15 oktyabr 2020 və 30 oktyabr 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmış və o, tam maddi məsul vəzifəyə qəbul olunaraq işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Lakin, 22 aprel 2022 və 28 iyul 2022-ci il tarixlərdə aparılmış inventarizasiya nəticəsində işlədiyi müddət ərzində cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması müəyyən edilmiş, həmin tarixli inventarizasiya nəticələrinə dair aktlara əsasən yekun ziyan məbləği cəmi 2820 manat 21 qəpik məbləğində müəyyən edilmişdir. 17 avqust 2022-ci il tarixdə cavabdehlə əmək müqaviləsinə xitam verilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq cavabdehə müvafiq dövriyyə güzəşti edilmiş və ümumi məbləğin bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Hazırda cavabdehin qalıq borcu 2008 manat 11 qəpik təşkil edir və həmin məbləğdən heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunun, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqənin, habelə dəymiş ziyanın həqiqi miqdarının araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (maddə 206). Qeyd edilənlərə əsasən məhkəmə işəgötürən tərəfindən hazırkı iddianın qaldırılmasınadək həmin müddəalara riayət olunub-olunmadığı barədə hüquqi dəyərləndirmə aparmış və iş materialları ilə təsdiqlənmişdir ki, işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmuş, hər hansı bir pozuntuya yol verilməmişdir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. İşçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Belə ki, əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılmasıdır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Bu prinsipə müvafiq olaraq, qanunverici, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrini sadalayaraq, onun əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək (Əmək Məcəlləsinin 10cu maddəsinin “a” bəndi) və işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq (Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndi) vəzifələrini müəyyən etmişdir. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi inventarizasiya aktları əsasında 22 aprel 2022-ci il tarixdə 2565.41 manat və 28 iyul 2022-ci il tarixdə 2292.13 manat kənarlaşma olduğu müəyyən edilmişdir. Halbuki qeyd olunan kənarlaşma faktının mövcudluğunun müəyyən edilməsi və işçinin bu faktı təsdiq etməsi özü-özlüyündə Əmək Məcəlləsinin 191-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu kimi qiymətləndirilə bilməz. Maddə işəgötürənin istənilən maddi itkilərə məruz qaldığının belə iddiaların təmin olunması üçün yetərli olmadığını, bununla yanaşı, işçinin qanuna zidd əməlinin mövcud olmasını və bu əməllə zərər arasında səbəbli əlaqənin müəyyən edilməsini zəruri şərt kimi nəzərdə tutur. Əmək qanunvericiliyinə əsasən bunun üçün işəgötürən tərəfindən həmin Məcəllənin 192, 203 və əlaqəli digər maddələrinin tələblərinə cavab verən araşdırma aparılması tələb olunur. Araşdırma ilə işçinin kənarlaşmada təqsirinin olub-olmaması müəyyən edilməlidir. Araşdırmanın nəticəsinə əsasən işçinin kənarlaşmada təqsiri müəyyən edilmiş və özünün etirafı ilə də təsdiq olunmuşdur. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddia tələbi aktivlər üzrə və növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktlara əsasən etiraf edilmiş borcun tutulması barədədir. İddiaçı cavabdehdən aralarında yaranmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrlə rəsmiləşdirilmiş münasibətlərin pozulması nəticəsində yaranmış, yəni ona vurulmuş maddi ziyanın əvəzini tələb edir. İddiaçı tələbinin əsası kimi onunla əmək münasibətlərində olan və tam maddi məsuliyyət barədə müqavilə bağlamış cavabdehin imzaladığı həmin aktlara istinad etmişdir. Cavabdeh işlədiyi müddət ərzində iddiaçıya tələb olunan məbləğdə maddi ziyan vurmuşdur. Bunu iddiaçının təqdim etdiyi aktivlər üzrə və növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktlar təsdiq edir. Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndindən göründüyü kimi işçinin əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı işəgötürənə vurduğu zərərə görə tam maddi məsuliyyəti onlar arasında işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında yazılı müqavilənin olması ilə şərtləndirilmişdir və bu müqavilə də tərəflər arasında mövcuddur. Həmçinin, iddiaçının yaratdığı inventarizasiya komissiyasında cavabdeh də iştirak etmiş, 22 aprel 2022-ci il tarixli növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktda cavabdeh Oba-Goranboy 1 filialında aparılmış inventarizasiya nəticələrinin onun iştirakı ilə araşdırıldığını və çıxarılan nəticə ilə razı olduğunu öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda həmin tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktda isə cavabdeh bu yekun aktda adları qeyd olunan bütün material qiymətlilərinin onun iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq inventarizasiya siyahısına daxil edildiyini, bununla bağlı inventarizasiya komissiyasına heç bir iradı olmadığını öz imzası ilə təsdiq etmiş və beləliklə, borcunu etiraf etmişdir. Cavabdeh qeyd olunan aktları imzalamaqla və onlarda göstərilənlərlə razılaşdığını bəyan etməklə iddiaçıya ziyan vurduğunu qəbul etmiş və iddiaçını cavabdehin ona ziyan vurmasını sübutetmə yükündan azad etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin 28 iyul 2022-ci il tarixli araşdırmanın nəticələri ilə tanış olmaması və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etməsi onun maddi məsul şəxs kimi məsuliyyətini aradan qaldırmır. 28 iyul 2022-ci il tarixli imtina aktından da məlum olur ki, cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Həmçinin, 01 avqust 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehə 28 iyul 2022-ci il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (təhvil-təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalamanın mütləq olduğu bildirilmiş və ondan Daxili Nəzarət Departamentinə yaxınlaşmağı xahiş olunmuşdur. Göründüyü kimi bu barədə işəgötürən tərəfindən cavabdehə bildiriş göndərilmişdir. Cavabdehin qeyd edilənlər barədə məlumatsız olması nəticəsinə gəlmək üçün də əsas yoxdur. Çünki iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinə 17 avqust 2022-ci il tarixdə xitam verilmiş, inventarizasiya aparıldığı tarixdə cavabdeh işçi olmuş, inventarizasiya cavabdehin iştirakı ilə keçirilmiş, sadəcə cavabdeh özü bundan imtina etmişdir. Həmçinin, 22 aprel 2022-ci il tarixli inventarizasiya cavabdehin şəxsən iştirakı ilə keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə aktlar tərtib edilmiş, cavabdeh isə həmin aktlarla razı olaraq həqiqiliyini öz imzası ilə təsdiq etmişdir. Cavabdehlə əmək müqaviləsinə xitam verilməsi faktı da iddia tələbinin təmin edilməsini aradan qaldırmır. Nəzərə alınmalıdır ki, istənilən halda işçinin zərərə görə maddi məsuliyyət daşıması üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsində müəyyən olunan şərtlər mövcud olmalıdır. Yəni, ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Göründüyü kimi sadalanan hər üç şərt mövcud olduğundan cavabdeh iddiaçıya qəsdən ziyan vurmuşdur və buna görə cavabdehin maddi məsuliyyəti yaranmışdır. İddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu sübut etmişdir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2008.11 (iki min səkkiz manat on bir qəpik) manat vəsait və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2008.11 (iki min səkkiz manat on bir qəpik) manat vəsait və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar