Məhkəmə qərarları › İş №2(045)-1281/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1281/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1281/2025 10.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həsminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3758,2 manat pulun, habelə ödənilmiş 57,58 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin iyul ayında nəvəsi X1 ailə həyatı qurmasına görə ona cehiz mebel almaq istəmişdir. Bunun üçün Goranboy rayonu Goran qəsəbəsində yerləşən “Ayla” mebel mağazasına müraciət etmiş, mağazada onları hazırki iş üzrə Cavabdeh adlı şəxs qarşılamışdır. Rəşad bildirdi ki, kreditlə onlara mebel verə bilər. O da bir gün sonra nəvəsini gətirmiş və nəvəsi həmin mağazada təxminən 3100 manat dəyərində mebel dəsti bəyənmişdir. Həmin Rəşad mağazanın daxilində ona krediti rəsmiləşdirmiş və müqaviləyə imza atdırmışdır. Sonra isə bildirdi ki, bir gün sonra mebeli ünvana göndərəcəkdir. Bir gün sonra Rəşad mebeli onun yaşadığı kəndə göndərmiş və həmin mebel evdə quraşdırılmışdır. O, mebeli kredit götürdüyünə görə hər ay 305 manat məbləğində ödəniş etməli idi. Ona görə də, 2023-cü ilin iyul, avqust və sentyabr ayında isə 305 manat banka ödəniş etmişdir. Bundan sonra yəni, 2023-cü ilin avqust ayında nəvəsini yola vermədikləri üçün evə qayıtmış və ər evinə getmək istəmədiyini bildirmişdir. Məhz bu səbəbdən kreditlə götürdüyü mebelləri qaytarmaq üçün cavabdehə zəng etmiş, cavabdeh də bankla və mağaza müdiriyyəti ilə danışıb bu barədə məlumat verəcəyini bildirmişdir. Növbəti gün Rəşad ona zəng edərək mebeli qaytarmağı razı olduğunu və kreditin başqa adamın adına sənədləşdirilməsi üçün 220 manat pul göndərməyini bildirmişdir. O da xx.xx.2023-cü il tarixdə cavabdehin ona verdiyi kartına 220 manat pulu göndərmişdir. Bundan sonra cehizin nəvəsinin ər evindən çıxarılması üçün Göygöl rayon Polis Şöbəsinə müraciət etmiş və təxminən 3 gün sonra həmin yerə Rəşad maşın göndərmiş, polis əməkdaşlarının iştirakı ilə mebelləri maşına yığmış və Rəşad dediyi kimi o, maşın sürücüsünə 150 manat pul vermişdir. Bundan sonra cavabdehlə telefon əlaqəsi saxlayanda, mebellərin sağ-salamat çatdığını və krediti onun adından çıxardıb başqa adamın adına rəsmiləşdiriləcəyini bildirmişdir. Lakin buna baxmayaraq, bir müddət sonra ona "xxxx" adlı bank olmayan kredit təşkilatından zəng gəlmiş və borcunun olduğu, ödəmədəiyi tədqirdə məhkəməyə veriləcəyi bildirilmişdir. Bundan sonra o, Rəşada zəng edib soruşanda, Rəşad onun mebelini satıb pulunu xərclədiyini və krediti özü ödəyəcəyini bildirmişdir. Lakin sonradan cavabdeh heç bir ödəniş etmədiyindən o, məcbur olub Goranboy Rayon Polis Şöbəsinə müraciət etsə də, cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir (iddia tələbində göstərilən cavabdehin Polos Şöbəsində verdiyi izahatla öz təsdiqni tapır). Həmçinin bildirir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən bank ondan 3538 manat 20 qəpik pul tələb edir. Lakin buna baxmayaraq, cavabdeh ona dəymiş ziyanı ödəməmişdir. Məhz bu səbəblərdən də, o, məcbur olub cavabdehin kart hesabına ödədiyi 220 manat, kreditlə bağlı 3 aylıq ödəniş etdiyi 915 manat, həmçinin bankın ondan tələb etdiyi 3538 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, NMA-0044136-25 nömrəli maliyyə arayışından görünür ki, Bokt "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 805-AYM- 0281-23 saylı kreidt müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borcu 2415,06 manat, faiz borcu 760,88 manat, cərimə borcu 362,26 manat, ümumi borcu 3538,20 manat təşkil edir; Göygöl Rayon Məhkəməsinin e-2(066)-1463/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 2415,06 manat əsas, 760,88 manat faiz, 362,26 manat cərimə olmaqla, cəmi 3538,20 manat borc məbləği və məhkəmə xərci olaraq 55,78 manat dövlət rüsumu tutularaq iddiaçı Bokt "xxxx" QSCnin xeyrinə ödənilməsi qət edilmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış HK-1-151 nömrəli material üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Araşdırılan material üzrə Cavabdeh oğli izahatında göstərmişdir ki, o, Goranboy rayonu Goran qəsəbəsində yerləşən "Ayla" adlı mağazada satıcı işləmiş, 2023-cü ilin yay aylarında İddiaçı müştəri kimi o, işlədiyi mağazaya gəlmiş, mağazada gələrək nəvəsi üçün mebel lazım olmasını demiş, həmin vaxt mağazada olan bir dəst mebeli bəyənmiş, pulunun olmadığını demiş, o, isə İbuşa “lazım olsa kredit kimidə rəsmiləşdirə bilərik” demişdir. Həmin vaxt mebelin qiyməti 3100 manat təşik etmiş və o, həmin vaxt əməkdaşlıq etdikləri "xxxx" bank olmayan kredit təşkilatı ilə əlaqə saxlamış və İddiaçı adına kredit rəsmiləşdirmiş və bir gün sonra o, maşın vasitəsi ilə həmin mebelləri İbuşun nəvəsinin ər evinə Göygöl rayonu Hacıməlik qəsəbəsinə göndərmişdir. Təxminən bir ay sonra İbuş ona zəng edərək nəvəsinin ailəsində narahatçılıq olduğunu, nəvəsi boşandığını ona görədə mebellərin geri qaytarmaq istədiyini bildirmişdir. O da İbuşa köməklik etmək məqsədi ilə onunla razılaşmış, İbuşa mebel istifadə olunduğuna görə onu bir qədər aşağı qiymətə satacağını və krediti özü hissə-hissə ödəyəcəyini demişdir. Həmin vaxt İbuş onunla razılaşmış və o, maşın göndərərək İbuşun nəvəsinin evindən mebelləri yığıb Goranboy rayonu Goran qəsəbəsinə gətizdirmişdir. “Ayla” adlı mağazada yenidən mebeli qurdurmuş və təxminən 20 gün sonra 2100 manat pula həmin mebeli digər müştəriyə satmışdır. Maddi vəziyyəti pis olduğuna görə həmin pulları ehtiyaclarına xərcləmiş və krediti ödəyə bilməmişdir; Göygöl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərarının surətindən və həmin tarixli e14088/2025-2-16 nömrəli bildirişin surətindən görünür ki, borclu İddiaçı Göygöl Rayon Məhkəməsinin e-2(066)- 1463/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “Hökümət ödəniş portalının” ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 67 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı maddi hüquq normalarına əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı nəvəsi üçün “Ayla” mebel mağazasından mebel əldə etmiş, lakin maddi imkanı olmadığına görə həmin mebel mağazanın işçisi, yəni Cavabdeh iştirakı ilə onun adına kredit müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Daha sonradan mebelə ehtiyac qalmadığı üçün iddiaçı mebelin geri qaytarılması barədə Rəşad Məmmdzadəyə müraciət etmiş, Rəşad mebeli götürərək krediti özü ödəyəcəyini bildirmişdir. Lakin, Rəşad mebeli üçüncü şəxslərə satmış, əldə etdiyi vəsaiti şəxsi məqsədləri üçün xərcləmiş, kredit öhdəliyini isə icra etməmişdir. Nəticədə kredit müqaviləsi üzrə borclu qismində olan iddiaçıya bank tərəfindən ödəniş tələbi irəli sürülmüşdür. Hazırkı mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh İddiaçı (onun verdiyi mebel) hesabına əsassız olaraq varlanmışdır. Belə ki, əsassız varlanma müəyyən bir şəxsə məxsus olan əmlakın və ya pulun başqa şəxs tərəfindən lazımi əsas (hüquqi əsas) olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Əsassız varlanma qanundan əmələ gələn öhdəlikdir və onun əsas funksiyası öz əmlakından əsassız olaraq məhrum edilən şəxsin mülkiyyət hüququnu qorumaqdır. Əsassız varlanma ilə bağlı iddianın verilməsi üçün şərtlər ondan ibarətdir ki, bir şəxs başqa bir şəxsin hesabına əmlak (pul) əldə etməli; bu zaman şəxsə zərər vurulmalı; başqa şəxsin hesabına əmlak əldə edilməsinin hüquqi əsası olmamalıdır. Göründüyü kimi əsassız varlanmada iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etməklə varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak itkisinə məruz qalmış şəxs sayılır. Əsassız varlanma nəticəsində şəxsin pozulmuş hüququ isə ancaq o, halda bərpa edilə bilər ki, o, həqiqətən əmlak itkisinə məruz qalmış olsun. Hazırkı işdən isə görünür ki, İddiaçı nəvəsi üçün aldığı mebelin pulunu ödəyərək (kreditlə) satın almış, daha sonra mebeli qaytarmış və cavabdeh mebeli götürərək krediti özü ödəyəcəyini bildirmişdir. Lakin, cavabdeh tərəf kifayət qədər vicdanlı davranmayaraq mebeli üçüncü şəxslərə satmış, əldə etdiyi vəsaiti şəxsi məqsədləri üçün xərcləmişdir. Bununla da, cavabdeh həmin əmlakın dəyəri məbləğində iddiaçının hesabına əsassız varlanan şəxsə çevrilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan tələb etməsinə baxmayaraq, İddiaçı əmlakını satmış və pulu şəxsi məqsədləri üçün xərcləmişdir. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3758,2 manat məbləğində pul və ödənilmiş 57,58 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır Şərh оlununlаrа əsаsən MPM-in 216-220, 227, 233 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3758,2 manat məbləğində borc pul və ödənilmiş 57,58 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar