Məhkəmə qərarları › İş №2(045)-1308/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1308/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1308/2023 19.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X3 kаtibliyi, İddiaçı, Cavabdeh iştirаkları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Goranboy Rayon Məhkəməsinin 2(045)-1037/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 130 manat alimentin miqdarının artırılaraq hər ay 220 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu ilin əvvəlində evlənmiş və bu barədə olan nikahlarını 25 yanvar 2011-ci il tarixdə Goranboy rayonunun Balakürd kənd İcra Nümayəndəliyində qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X7 adlı bir uşaqları olmuşdur. Goranboy Rayon Məhkəməsində nikahları pozulmuşdur. Cavabdehdən 01 fevral 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulmuşdur. O, heç bir yerdə işləmədiyi üçün uşağının saxlanılmasında maddi cəhətdən çətinlik çəkir, müəyyən olunmuş aliment məbləği uşağının saxlanılmasına kifayət etmir. Goranboy Rayon Məhkəməsinin 2(045)-1037/2021 nömrəli qətnaməsi ilə aliment miqdarı artırılaraq 130 manat olmuşdur. Bugünki vəziyyətlə əlaqədar olaraq həmin məbləğ uşağın ehtiyaclarını ödəmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbini qəbul etmir. Hazırda onların birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 130 manat məbləğində alimenti çətinliklə ödəyir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy RİHB-nin Səfikürd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 652318 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə Goranboy şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(045)-76/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 25 yanvar 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması qət edilmişdir; Goranboy Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(045)-1037/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay xx.xx.2011-ci il təvəllüdlü X1 üçün 130 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X2 filialının xx.xx.2023-cü il tarixli, 3-17-2/2-H-38857/2023 nömrəli məktubundan görünür ki, Cavabdeh əmək müqaviləsi qeydə alınmamışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X7 adlı övladı doğulmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X7 anası İddiaçı himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. İddiaçı birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 01 fevral 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 fevral 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar