Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1343/2024 03.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(045)-1536/2013 saylı qətnaməsi ilə 10 oktyabr 2010-cu il təvəllüdlü X1 və 12 sentyabr 2011-ci il təvəllüdlü X6 oglunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 235 manat, cəmi 470 manat məbləğində muəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 fevral 2012-ci ildə ildə nikahı rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadığı müddətdə 10 oktyabr 2010-cu il təvəllüdlü X3 və 12 sentyabr 2011-ci il təvəllüdlü X6 oglu adlı iki uşağı olmuşdur. Cavabdehlə birgə yaşamaq mümkün olmadığı üçün ayrılmışdır. Ayrıldıqdan sonra uşaqları onun himayəsində qalıblar və hal-hazırda da onunla yaşayırlar. Məhkəməyə təqdim etdiyi Goranboy rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(045)-1536/2013 saylı qətnaməsi ilə cavabdehdən uşaqlar yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat iki uşaq üçün cəmi 240 (iki yüz qırx) manat miqdannda sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləğinin miqdarı uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Respublikada infliyasiya pulun qiymətdən düşməsi və bazar qiymətləri hər gün artır. Bundan başqa uşaqları orta məktəbdə oxuyurlar, onların gündəlik təlabatları var ki, o, onu tək ödəyə bilmir. Cavabdeh isə ona aliment məbləğindən başqa heç bir köməklik etmir. Heç elə bil bu uşaqlar onun uşaqları deyil. Buna görə də, o, “aliment məbləğinin miqdarının artırılması” barədə ərizə ilə məhkəməyə müraciət etməli olur. Bildiyinə görə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında "Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Ümid edir ki, məhkəmə onun iddia tələbini əsaslı hesab edib uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün qət edilmiş alimentin miqdarını artırıb bir uşaq üçün 235 manat, cəmi 470 manata çatdıracaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 822112 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 12 sentyabr 2011-ci ildə Goranboy rayonu, Dəliməmmədli şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 605471 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 10 avqust 2010-cu ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 380743 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Goranboy rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur; Goranboy Rayon Məhkəməsinin 2(045)-1535/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment, həmçinin ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzinin tutulması müəyyən edilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqlarının saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 235 manat, ümumulikdə 470 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 10 oktyabr 2010-cu il təvəllüdlü X1 və 12 sentyabr 2011-ci il təvəllüdlü X6 oglunun yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh 34,40 manat (120 manat*12ay=1440 manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 2(045)-1535/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 10 oktyabr 2010-cu il təvəllüdlü X3 və 12 sentyabr 2011-ci il təvəllüdlü X6 oglunun yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-1535/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 10 oktyabr 2010-cu il təvəllüdlü X3 və 12 sentyabr 2011-ci il təvəllüdlü X6 oglunun yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 34,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1343/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1343/2024
03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver