Məhkəmə qərarları › İş №2(045)-1457/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1457/2023

16.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1457/2023 16.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü qızları - X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə əvvəl müəyyən olunmuş 100 (bir yüz) manatın artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilərək cavabdehin gəlir və qazancından aliment tutulması və mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 55 (əlli beş) manat xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət olunmamaqla verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində iddianın predmetini düzgün göstərməmişdir (tələbi aydın deyildir). Yəni, iddiaçı cavabdehdən sabit pul məbləğində və cavabdehin gəlir və qazancından alimentin tutulmasını xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. MPM-in: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və MPM-in 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar