Məhkəmə qərarları › İş №2(045)-1487/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1487/2023

16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1487/2023 16.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı, Cavabdeh iştirаkları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın saxlanılması üçün təyin olunmuş 80 manat aliment miqdarının artırılaraq 220 manat həddində təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Goranboy rayon Tatarlı kənd İƏD üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 avqust 2010-cu il tarixdə 7 nömrə ilə qeydə alınmış nikahlarına Goranboy Rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli, 2(045)-64/2014 nömrəli qətnaməsi ilə xitam verilmişdir. Goranboy Rayon Məhkəməsi boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması məsələsini həll edərək 08 dekabr 2010-cu il tarixdə doğulmuş X3 onunla qalmasını təmin etmişdir. Həmçinin, Goranboy Rayon Məhkəməsi uşağın saxlanması üçün 60 manat sabit pul məbləğində aliment miqdarı müəyyən etmiş və bu aliment miqdarının atadan tutulmaqla ona verilməsini təmin etmişdir. Qətnamədən narazı qaldığı üçün Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Gəncə Apellyasiya Məhkəməsi şikayəti qismən təmin edərək 28 mart 2014-cü il tarixli, 2(104)-575/2014 nömrəli Qətnaməsi ilə aliment miqdarını 60 manatdan 80 manata qədər qaldırmışdır. Təyin edilən bu məbləğ, yəni uşağın saxlanması üçün təyin olunmuş 80 manat uşağın saxlanmasını və eləcə də digər xərclərini tam təmin etmir. Yeni qəbul olunmuş qərarla bir uşağın saxlanması meyarı 220 manat müəyyən edilmişdir. Uşağın saxlanması üçün təyin olunmuş 80 manat aliment miqdarı göründüyü kimi yeni qəbul olunmuş qərarla bir uşağın saxlanması üçün təyin olunmuş 220 manat aliment miqdarından qat-qat aşağıdır. Özü heç bir yerdə işləmir. Himayəsində olan uşağı isə təyin olunmuş 80 manat alimentlə saxlamaq qeyri-mümükündür. Ona görə də aliment miqdarı artırılmalı və sabit pul məbləğində 220 manat həddində təyin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, onun əmək haqqı təxminən 326 manatdır. O, ikinci dəfə evlənmiş və bu nikahdan da 1 uşağı olmuşdur. Hazırda həmin uşağa da 100 manat miqdarında aliment ödəyir. Buna baxmayaraq hər ay 150 manat sabit pul məbləğində aliment ödəyə bilər. Göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 634795 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 08 dekabr 2010-cu ildə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Gəncə Apellyasiya Məhkəməsinin 28 mart 2014-cü il tarixli, 2(104)-575/2014 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq X2 verilməsi qət edilmişdir; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 225181 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmiş və sonuncuya “Mustafayeva” soyadı verilmişdir; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X6 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün 80 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının dəyişdirilməsini xahiş edir. Cavabdeh iddianı qismən qəbul edir və hər ay 150 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar