Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1544/2023 22.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh hərbçidir, onun qohumu ilə bir yerdə xidmət etdiyi üçün tanımış və münasibəti yaxşı olmuşdur. Borc olaraq onaxx.xx.2022-ci il tarixdə 2000 manat və xx.xx.2022-ci il tarixdə 2000 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində borc pul vermişdir. Birinci dəfə borc müqaviləsi bağlamış, ikinci dəfə qəbz yazmışdır. Aldığı birinci 2000 manatı o, 1 il müddətinə, sonrakı 2000 manatı 1 ay müddətinə qaytarmalı idi. Lakin qaytarmamışdır. Onun uşağı pilləkəndən yıxılıb zədə almışdır. Türkiyədən Bakı şəhərinə həkim gəlməsini, qızın sağalması üçün həmin həkimə müraciət edəcəyini, lakin pulunun olmamasını bildirəndən sonra o, şəfqət naminə ona faizsiz borc verməyə razı olmuşdur. Özünü böyük hörmət və mərifət sahibi kimi qələmə verən, haqdan, həqiqətdən, mərhəmətdən danışan Cavabdeh bugünə kimi borcundan heç nə qaytarmamış, əksinə onu get-gəllərə düçar etmiş, yollarda qoymaqla xeyli ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər 3 saylı Notariat ofisi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli, 3M- 44 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borcalana) 2000 manat məbləğində borc vermiş, borcalan krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixli sadə yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2000 manat borc almış və borcunu 1 ay müddətinə qaytarmasını öz öhdəsinə götürmüşdür; "xxxx" ASC-nin 9437 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hаzırkı tələb üzrə 60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin : 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. 739.1-ci mаddəsinə əsаsən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş əqdlərin Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına və borcun geri qaytarılmasına dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh əqdlərdə qeyd edilən müddətlərdə iddiaçıya qaytarmağı öhdəsinə götürdüyü 4000 manat məbləğində borcunu şərtləşdirilmiş müddətdə ödəmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4000 (dörd min) manat məbləğində borc pul və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd оlunanlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T Е T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4000 (dörd min) manat məbləğində borc pul və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1544/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1544/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver