Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1827/2024 26.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı iştiraklı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011 -ci il təvəllüdlü X1 üçün Goranboy rayon Məhkəməsinin 25 sentyabr 2014-cii il tarixli, 2(045)-1263/2014 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin müəyyən olunmuş miqdarını dəyişdirərək hər ay cavabdehdən hər bir uşağa görə 235 manat, cəmi hər ay 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, mediasiya və məhkəmə xərclərini cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Qaradağlı kəndində doğulmuş, halhazırda da həmin kənddə yaşayır. Cavabdeh xx.xx.1985-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində doğulmuş, hal-hazırda isə Bərdə rayonunun Çəyirli kəndində yaşayır. Cavabdehlə xx.xx.2011-ci ildə rəsmi ailə qurub evlənmişdir. Bu barədə Azərbaycan Respublikası Goranboy rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2011-ci ilin yanvar ayının 06 günündə 23 nömrə ilə qeyd edilmiş və 06 yanvar 2011-ci ildə AZ-İ seriyalı 629159 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Nikah bağlandıqdan sonra ona “Əliyeva", cavabdehə "Əliyev" soyadları verilmişdir. Birgə yaşadığı müddət ərzində 21.03. 2010-cü il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı uşağları olmuşdur. Birgə yaşamağı mümkün olmadığından hal-hazırda ayrı-ayrılıqda yaşayırlar, lakin nikahı pozulmamışdır. Goranboy Rayon Məhkəməsinin 08 fevral 2012-ci il tarixli qətnaməsi ilə hər ay cavabdahdən hər bir uşağa görə 45 (qırx beş) manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Sonradan Goranboy Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(045)-1263 saylı qiyabi qətnaməsinə əsasən yenə nikahı pozulmasa da, 13 avqust 2014cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa 80 (səksən) manat, cəmi ayda 160 (bir yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. O, özü heç bir yerdə işləmir, uşağı tək saxlamağa çətinlik çəkir, aliment barədə qətnamə qəbul ediləndən sonra uzun müddət, 14 il vaxt vaxt keçmiş, hazırda uşağları Qaradağlı tam orta məktəbinin Vİİİ sinifində oxuyurlar, ona görə tələbatları böyükdür. O, özü və uşağı Aysu xəstədir. Bu barədə həkim reseptlərini və aldığı dərmana görə 138 manat pul qəbzini məhkəməyə təqdim edir. Cavabdeh isə uşağlarını unudub bu tələbatlarını nəzərə almır, halbuki öz deməsinə görə gündə 25 manat pul qazanır, o, özü də heç bir yerdə işləmədiyindən uşağlarının artmış olan tələbatlarını ödəyə bilmir. 2014-cü ildə qətnamə qəbul ediləndə ölkə qanunvericiliyə görə bir uşağın saxlanılması 103 manat müəyyən edilmişdir, hal-hazırda Azərbaycan Respublikasının 2024-cü il üçün yaşayış minimumu haqqında Qanununa əsasən ölkə üzrə bir uşağın yaşayış minimumu 235 manat muəvyən edilmişdir. Ona görə də tələbi odur ki, cavabdeh uşağlarının saxlanılması üçün hər ay sabit pul məbləğində 470 manat aliment ödəsin. Qeyd etdiyi kimi uşağı xeyli böyümüş, tələbatları artmış, o isə heç bir yerdə işləmədiyindən uşaqların bütün tələbatlarını ödəyə bilmir, ölkə qanunvericiliyinə görə də uşaqların yaşayış minimumu artırılmışdır. O, mübahisənin həll edilməsi üçün Goranboy rayon 1 saylı Mediasiya təşkilatına da müraciət etmiş, lakin mübahisə həll edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 629159 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 06 yanvar 2011-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Əliyeva” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 531566 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21 mart 2010-cu ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 768619 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə Goranboy rayonu, Dəliməmmədli şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon Məhkəməsinin 2(045)-1263/2014 nömrəli, 25 sentyabr 2014-cü il tarixli qanuni qüvvəsini almış qiyabi qətnaməsindən görünür ki, 13 avqust 2014-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 80 (səksən) manat, cəmi ayda 160 (bir yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi müəyyən edilmişdir; "xxxx" MMC tərəfindən verilmiş **********3 nömrəli və **********9 nömrəli qəbzlərdən görünür ki, İddiaçı mediasiya təşkilatına 60 manat məbləğində rüsum ödəmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqlarının saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 470 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 160 (bir yüz altmış) olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh 39,2 manat (160 manat*12ay=1920 manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsinə dair qeyd edir ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 60 manat mediasiya xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 2(045)-1263/2014 nömrəli, 25 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment, həmçinin ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-1263/2014 nömrəli, 25 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment, həmçinin ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi tutulsun. Cavabdeh dövlət büdcəsinə 39,20 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1827/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1827/2024
26.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver