Məhkəmə qərarları › İş №2(045)-184/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-184/2023

18.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-184/2023 18.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiçı İddiaçı vəkili və nümayəndəsi Vəkil Bayrəməli oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı «cavabdehlərin yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə və evin 1 otağının boşaldılaraq əmlakların çıxarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, cavabdehlərin hər birinə 1250 manat kompensasiya ödənilməklə onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə və mülkünün bir otağında bağlı saxladıqları əmlakın çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayon Faxralı kəndində yerləşən həmin ev onun mülkiyyətinə keçənə qədər, mərhum atası X6 məxsus olmuşdur. Cavabdehlərdən Cavabdeh1 onun qardaşı, Nərgiz onun arvadı, Elxan və Salya isə onların uşaqlarıdır. Goranboy rayon Məhkəməsinin 10 dekabr 1998-ci il tarixli 2-159 nömrəli qətnaməsi ilə Cavabdeh4 Mehriban qızına, uşaqları Elxan və Salya ilə birlikdə həmin evə köçürülmə və yaşamaq hüququ verilmişdir. Bundan sonra, yəni 2011-ci ildə atası Goranboy rayon Məhkəməsində qardaşı Cavabdeh1 və Cavabdeh4 Mehriban qızının evdən çıxarılmasına dair iddia qaldırmış, məhkəmənin 12 oktyabr 2011-ci il tarixli 2(045)-484/2011 nömrəli qətanaməsi ilə onun iddiası təmin edilməmişdir. Məhkəmənin həmin qətnaməsi apellyasiya və kassasiya instansiyası Məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. İddianın təmin olunmamasına əsas kimi məhkəmə qətnamələrində göstərilmişdir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna yalnız kompensasiya yolu ilə xitam verilə bilər. Hazırda RX ******* seriyalı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülk ona məxsusdur. Məlumat üçün bildirilir ki, cavabdehlər 2011-ci ildən daimi olaraq Rusiyaya köçmüşlər, həmin vaxtdan halhazıradək Rusiyada yaşayırlar. Qardaşı Cavabdeh1 Rusiya vətəndaşlığını qəbul etmişdir. Cavabdehlər 2011-ci ildən onların ata evindəki 1 otağı qıfıllayıb, özlərinə məxsus xırdapara əmlaklarını oraya yerləşdirmişlər. Həmin vaxtdan otağın qapısı bağlı qalmışdır. Cavabdehlərin birgə nigahdan 2 uşaqları vardır. 2010-cu ildən qızı Salya ailə qurmaqla Faxralı kəndində ər evində yaşayır, onun 3 uşağı vardır. Elxana isə 2018-ci ilin dekabırında Nərgiz öz ata evində toy edib, Gəncə şəhərində yerləşən öz evlərinə köçürmüşdür. Hazırda Elxan da, Rusiyada yaşayır. Cavabdehlər mülkünün 1 otağını qıfıllı saxlamaqla onun mülkiyyət hüququnu pozur və onun mülkündən istifadə və sahiblik hüququnu məhdudlaşdırırlar. Ona görə də, o, məcbur olub onların yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini tələb edir. O, cavabdehlərin onun mülkiyyətində olan evin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün 5000 (beş min) manat pul təklif edir. Hesab edir ki, təklif etdiyi həmin məbləğ onların hüquqlarının kompensasiyası üçün yetərli məbləğdir. Qanunverici evdən köçürülən şəxsə kompensasiya pulu ödənilməsini, onun bir müddət, yəni təqribən 3-5 il ərzində müvəqqəti kirayə evində yaşaması üçün ödənilən məbləğ kimi nəzərdə tutmuşdur. Məlumat üçün bildirilir ki, Cavabdeh1 uzun müddətdir ki, Rusiyada yaşamaqla Rusiya vətəndaşıdır. Arvadı Nərgiz və uşaqları da, 10 ildən artıqdır ki, başqa ünvanlarda yaşamaqla onların evdə yaşamırlar. Ona görə də, onların evdən çıxarılması mübahisə predmeti deyildir. Yalnız qıfıllayıb bağlı saxladıqları 1 otağın boşaldılması və oradakı əmlakların çıxarılması zəruridir. Bundan əlavə bildirilir ki, həmin kənddə cavabdehlərin şəxsi mülkiyyətində olan, içərisində normal şəraitli ev olan 13 sot torpaq sahəsi vardır. Yəni, cavabdehlər onun mülkündə qıfıllı saxladıqları 1 otaqda olan əmlaklarını həmin evdə saxlaya bilərlər. Əlavə olaraq bildirilir ki, hazırda cavabdehlərin onun mülkünə dair pasport qeydiyyatları yoxdur. Ona görə də, onların istifadə hüquqlarına xitam verilməlidir. Hesab edir ki, cavabdehlərin onun mülkiyyətində olan evinin yaşayış sahəsindən istifadə hüququna 5000 (beş min) manat kompensasiya məbləği ödənilməklə xitam verilməsinə dair iddianın təmin edilməsi mümkündür və qanuna uyğundur. Yuxarıda qeyd edildiyi kimi cavabdehlər həmin evin 1 otağından 2011-ci ildən yaşamırlar və istifadə etmirlər. Evin 1 otağından yalnız saxlanc yeri kimi istifadə edirlər. 10 ildən artıq evin qapısının qıfıllı saxlanılması mülkün yaşayış sahəsi kimi təyinatını pozur, eyni zamanda antisanitariya yaradır. Ona görə də, hesab edir ki, cavabdehlərin yaşayış yerindən istifadə hüququna xitam verilməsi ilə yanaşı, həmin otağın boşaldılması və əmlaklarının çıxarılmasına dair qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil Bayrəməli oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclaslarında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu səbəbdən məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Faxralı kəndində xüsusi mülkiyyətdə olan 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 114,5 kv m2 olan **********66-10301 reyestr nömrəli daşınmaz əmlakın hüquqi sahibi İddiaçıdır; Goranboy rayon Məhkəməsinin 2(045)-484/2011 nömrəli, 12 oktyabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı “evdən və təsərrüfatdan çıxarılb, cavabdehlərə məxsus Goranboy rayonu Faxralı kəndində olan cavabdehlərə məxsus 0,13 hektar torpaq sahəsində olan evlərinə köçürülməsi” tələbinə dair iddiası təmin edilməmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1320/2011 nömrəli 27 dekabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş, Goranboy rayon Məhkəməsinin bu iş üzrə 12 oktyabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Goranboy rayon Faxralı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 86 nömrəli, 10 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Musayeva X1 03 nömrəli təsərrüfatbaşına kitabında 240 nömrəli təsərrüfatda qeydiyyatdadırlar, Cavabdeh3 isə həmin təsərrüfatdan ərə köçərək, 08 nömrəli kitabda 639 nömrəli təsərrüfata qeydiyyata düşmüşdür; "xxxx" MMC tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli, 053/2023 nömrəli fərdi yaşayış evinin aylıq kirayə haqqının qiymətləndirilməsinə dair hesabatından görünür ki, Goranboy rayonu, Faxralı kəndində 0,25 ha paylı torpaq sahəsi üzərində yerləşən, İddiaçı mülkiyyətində olan, 1 mərtəbəli, 2 otaqlı, 114,5 kv m2 ümumi, 42,3 kv m2 yaşayış, 72,2 kv m2 yardımçı sahədən ibarət fərdi yaşayış evinin aylıq kirayə haqqının orta bazar dəyəri 140 (bir yüz qırx) -170 (bir yüz yetmiş) manat təşkil edir; Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Goranboy rayonu, Faxralı kəndində 0,25 ha torpaq sahəsi üzərində yerləşən 114,5 kv. m2 ibarət olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdır. Sözügedən yaşayış sahəsinə Cavabdeh4, Cavabdeh2 və Musayeva X2 Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-159 nömrəli qətnaməsilə köçürülmüş və onlara orada yaşamaq hüququ verilmişdir. İşin hallarından görünür ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 birgə yaşaması qeyri mümkündür. Hal-hazırda cavabdehlər iddiaçının mülkiyyətində olan mübahisəli evdə yaşamırlar. Aralarında olan mübahisələr səbəbindən iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə tam sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək hüquqlarını həyata keçirə bilmir. Tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma yoxdur. Goranboy rayonu, Faxralı kəndində 1 mərtəbəli fərdi yaşayış evinin kirayə haqqının bazar qiyməti 140 (bir yüz qırx) – 170 (bir yüz yetmiş) manat təşkil edir. İddiaçı tərəfindən təklif edilən 5000 (beş min) manat kompensasiya cavabdehlərin uzun müddətli başqa yaşayış sahəsi ilə təmin olunmasına imkan verir. İşin göstərilən halları iddiaçının nümayəndəsinin və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, cavadehlərin mübahisəli yaşayış sahəsinə istifadə hüququ 2000-ci ilədək yarandığından hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarında qeyd olunur ki, 2000-ci il sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 146.2-ci maddəsində qeyd olunur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Göründüyü kimi cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması həmin evin mülkiyyətçi olan iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, habelə “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş öz mülkiyyətindən dinc istifadə etmək hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı ilə cavabdehlər arasında yaranmış mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin təsir dairəsinə düşsə də, həmin məcəllədə istifadə hüququna xitam verilməsinin qaydası tənzimlənmədiyindən məhkəmə mülki qanunvericilik normalarının analogiya üzrə tətbiq edilməsi mümkünlüyünü (MPM-in 13.4-cü maddəsi) nəzərə alaraq qeyd edir ki, sözügedən mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 228.2-ci maddəsinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər müddəası tətbiq oluna bilər. Yəni, iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə onun öz evində yaşayış hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi müəyyən edir. Bu müddəa yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə, həmçinin qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli evin bazar qiymətindən asılı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarlarında təsbit olunmuş hüquqi mövqeyə əsasən mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmaqla ödəniləcək kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Bu baxımdan məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən ödəniləcək 5000 (beş min) manat cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 Goranboy rayonu, Faxralı kəndində kirayə haqqı orta bazar qiyməti 140-170 manat olan orta təmirli yaşayış sahəsində üç il və ya ondan artıq müddətdə kirayədə yaşamasını təmin etməklə Goranboy rayonu, Faxralı kəndində yerləşən iddiaçıya məxsus evdə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini kompensasiya edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericinin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsası olduğundan iddia təmin edilməli, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh4ın, Cavabdeh2 və Cavabdeh3 hər birinə 1250 (bir min iki yüz əlli) manat olmaqla, ümumilikdə 5000 (beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə onların Goranboy rayonu, Faxralı kəndində iddiaçının xüsusi mülkiyyətdə olan 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 114,5 kv m2 olan **********66-10301 reyestr nömrəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və həmin yaşayış sahəsində bağlı otaqda saxlanılan cavabdehlərə məxsus əşyalar çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 hər birinə 1250 (bir min iki yüz əlli) manat olmaqla, ümumilikdə 5000 (beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə onların Goranboy rayonu, Faxralı kəndində iddiaçının xüsusi mülkiyyətdə olan 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 114,5 kv m2 olan **********66-10301 reyestr nömrəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin və həmin evdə bağlı otaqda saxlanılan cavabdehlərə məxsus əşyalar çıxarılsın. Pul kompensasiyasının ödənilməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar