Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1073/2025 18.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və digər” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(060)-435/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6 və Cavabdeh1 23.333 (iyirmi üç min üç yüz otuz üç) manat pulun ona kompensasiya olaraq ödənilməsi, bu mümkün olmadıqda Sumqayıt şəh, 5-ci məhəllə, ev 1/28, mənzil 22-nin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsi, həmçinin iddia ərizəsinə görə ödədiyi 160 (yüz altmış) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlərdən Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları dövründə xx.xx.2006-cı il təvəllüdlü X3 adında bir övladları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə Cavabdeh1 ilə aralarında bağlanmış nikah pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2008-ci il tarixli qətnaməsi ilə onun mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. Daha sonra o, cavabdehlərlə birlikdə Sumqayıt şəhərindəki “ASAN XİDMƏT”ə gedib müvafiq qaydada ərizə verərək, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili özəlləşdirmişlər. Mübahisəli mənzil onun, X2 və X5 birgə ümumi mülkiyyətində olmuş, daha sonra Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-1848/2016 nömrəli qətnaməsi ilə iddiaçı X2 ona və Cavabdeh1 qarşı “mənzildə payların müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməmiş, onun qarşılıqlı iddiası təmin edilərək onlar tərəfindən özəlləşdirilmiş və birgə mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilə birgə mülkiyyət iştirakçıları razılaşma əldə edə bilməmələri səbəbindən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyətinin müəyyənləşdirilməsi, paylı mülkiyyət mülkiyyətçilərinin paylarının bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilə bilmədiyindən onların bərabər payları sayılması, yəni hər birinin payının 1/3 həcmində müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün 12 aprel 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********29-05101- 093035 reyestr nömrəli çıxarışa əsasən sahəsi 57.70 kv.metr olan ünvan 3 hal-hazırda İddiaçı (1/3 hissəsi), X2 (1/3 hissəsi) və Cavabdeh1 (1/3 hissəsi) paylı mülkiyyətindədir. Çıxarışın qeydiyyat nömrəsi **********, öz payına münasibətdə qeydiyyat tarixi xx.xx.2022-ci ildir. Bundan başqa bildirir ki, əmlak üzərində payları müəyyən olunandan sonra cavabdehlərdən olan keçmiş qayınanası X6 əmlakın naturada bölünməsi tələbini irəli sürsə də, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-10142 nömrəli qətnaməsi ilə iddiası rədd edilmişdir. Sözügedən mənzil paylı mülkiyyətdə olduğundan özünə məxsus hissəni heç kimə sata bilmir. Bir sözlə heç kəs mənzilin bir hissəsini əldə etmək istəmir. Həmçinin cavabdehlər hər dəfə mənzilin açarını dəyişərək onu mülkiyyətində olan mənzilə buraxmırlar. Odur ki, çarə əmlakın hərracda satılmasıdır. İddia ərizəsinə qoşma etdiyi xx.xx.2023-cü il tarixli poçt qəbzi və azərpoçtun internet səhifəsindən poçt göndərişlərinin izlənməsini təsdiq edən sənədlər də bir daha təsdiq edir ki, onun tərəfindən 23.333 (iyirmi üç min üç yüz otuz üç) manat pulun kompensasiya formasında ödənilməsini cavabdehə təklif etmişdir. Hesab edir ki, cavabdehə kifayət qədər vaxt vermişdir ki, kompensasiya ilə bağlı məsələyə münasibət bildirsin. Təəssüflər olsun ki, cavabdeh bu günə qədər də bu hala münasibət bildirməmişdir. Buna görə də sonda hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, qanunda nəzərdə tutulmuş bütün ardıcıllığa uyğun hərəkət etmişdir. Yəni paylar müəyyən ediləndən sonra əmlakın naturada bölünməsi iddiası ilə müraciət olunmuşdur. Həmçinin iddia ərizəsinə qoşma etdiyi xx.xx.2024-cü il tarixli poçt qəbzi və qəbzin alınmasını təsdiq edən bildirişlə təsdiq edilir ki, o, növbəti mərhələ olan kompensasiya tələb etmək hüququndan da istifadə edərək cavabdehdən iddia ərizəsinə qoşma etdiyi mütəxəssis rəyinə əsasən hazırki mənzilin bazar qiymətinin 1/3 hissəsi olan 23.333 manat pul ödənilməsini təklif edərək buna uyğun dövlət rüsumunu da ödəmişdir. Az öncə yuxarıda qeyd etdiyi kimi təəssüflər olsun ki, cavabdehlər bu hala münasibəti nə əvvəl, nə dəki, hazırda bildirməyərək onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Belə ki, iddia ərizəsinə qoşma etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli İş № 2(102)-3736/2022 nömrəli qərarında (7-ci səhifə 1- ci abzas) qeyd edilmişdir ki, “ Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan hər bir mərhələ üçün ayrıca məhkəmə icraatının açılmasına, yəni məhkəmə qətnaməsinin olmasına zərurət yoxdur”. Bunun üçün paylı mülkiyyətçinin öz payının ayrılmasını tələb etməsi kifayətdir. İşə baxan məhkəmə isə hər bir mərhələni ayrı-ayrılıqda yoxlamaqla, öz payının ayrılmasını tələb edən mülkiyyətçinin tələblərini Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından yoxlamağa borcludur. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər X6 və Cavabdeh1 25.000 (iyirmi beş min) manat pulun iddiaçıya kompensasiya olaraq ödənilməsi, bu mümkün olmadıqda ünvan 3-nin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsi, həmçinin müdafiəçiyə ödənilmiş 235 manat pulun və iddia ərizəsinə görə ödədiyi 160 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(060)-435/2025 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28 ünvanında yerləşən 22 saylı mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28 ünvanında yerləşən 22 saylı mənzilin bazar dəyərinin 75.000 (yetmiş beş min) manat müəyyən edilməsi, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28 ünvanında yerləşən 22 saylı mənzilinin açıq hərracın satışından əldə edilən pulun 1/3 hissəsinin İddiaçı, 1/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin isə Cavabdeh2 paylarına uyğun bölünməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(060)-435/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehlərin fikrinə səthi yanaşmışdır. Belə ki, ünvan 3 ünvanında olan mənzil 2008-ci ilə qədər X2 mərhum yoldaşına order əsasında verilmişdir. İddiaçı 19 dekabr 2008-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə həmin mənzilə istifadə hüququ tanınmışdır. Bundan sonra cavabdeh X11 Xidmətə müraciət edərək mənzili özəlləşdirən zaman, qeydiyyatda olmayan iddiaçı cavabdehləri aldadaraq özünü qeydiyyata salmışdır. Daha sonra isə məzildə payların müəyyən edilməsi barədə iddia ilə məhkəmə müraciət edərək 1/3 həcmində pay haqqı müəyyən edilmişdir. Asan Xidmətdə orderi özəlləşdirən zaman İddiaçı orada olmamışdır. Cavabdehlər isə artıq rəsmi nikah pozulduğuna görə onu oraya dəvət etməmiş, imzası isə mövcud olmamışdır. Bu halı yaşlı anası həyacanlı olduğuna görə ətraflı şəkildə məhkəmənin diqqətinə çatdıra bilməmişdir. Odur ki, Sumqayıt şəhəri "Asan Xidmət" mərkəzində ünvan 3 ünvanında olan həmin vaxt orderli mənzilin hal-hazırda alınmış çıxarışın kök sənədi, yəni cavadehlərdən İddiaçı qeydiyyata alınmasına dair razılıq ərizəsinin olub-olmaması məhkəmə tərəfindən sorğulanmalıdır. Eyni zamanda mübahisəli mənzil onların yeganə yaşayış mənzilimizdir və hal-hazırda məhkəmə tərəfindən müəyyən edilmiş məbləğlə hərracdan satılmağı heç ağlabatan deyil. Faktiki isə 25000 manat pulu yoxdur ki, iddiaçıya kompensasiya verilsin. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)- 1848/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “mənzildə payların müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməmiş, İddiaçı, X6 və Cavabdeh1 tərəfindən özəlləşdirilmiş və birgə ümumi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilə birgə mülkiyyət iştirakçıları razılaşma əldə edə bilməmələri səbəbindən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyətinin müəyyənləşdirilməsi, paylı mülkiyyət mülkiyyətçilərinin paylarının bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilə bilmədiyindən onların bərabər payları sayılması, yəni hər birinin payının 1/3 həcmində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10142/2016 nömrəli, 07 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin rədd edilməsi, iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı ünvan 3 ünvanına dair payların naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda olan xüsusi mülkiyyətin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi isə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən **********29-05101-093035 reyestr nömrəli mənzilin hüquq subyektləri 1/3 hissədə olmaqla İddiaçı, X6 və Cavabdeh1dur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş fotoşəkillərə və məlumata əsasən bildirmişdir ki, ünvan 3-nin hazırda orta bazar qiyməti 70.000 manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehlər X6 və Cavabdeh1 ünvanlanmış təklifdən görünür ki, ünvan 3-dən ona məxsus payı almaq istəyir. Buna görə də qanunda qeyd edildiyi kimi kompensasiya təklif etmək ilə ona düşən payı götürmək istəyir. Sözügedən mənzillə bağlı internet saytlarından və ev alqı-satqısı ilə məşğul olan şəxslərdən maraqlanmışdır ki, mənzilin hazırda orta bazar qiyməti 70.000 manatdır. Mənzilin çıxarışından da məlum olduğu kimi 1/3 pay ona məxsusdur. Belə olan halda 70.000 manatın 1/3 hissəsi 23.333 manat edir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını və ona düşən payı yəni 23.333 manatı ona kompensasiya olaraq ödəməyi təklif etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-746/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 83 nömrəli, 29 dekabr 2024-cü il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evin, 22 saylı mənzilin hazırki likvid (satış) dəyəri 75000 manat, həmin mənzilə oxşar şəraitli mənzillərin kirayə haqqı 250 manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı Vəkil xidmətləri üçün 325 manat məbləğində ödəniş etmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ondan ibarət olmuşdur ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evin 22 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə X2 paylı mülkiyyətindədir. Həmin paylı mülkiyyətin satılmasına dair aralarında razılıq əldə edilməmişdir. İddiaçı paya uyğun kompensasiya ödənilməsi, mümkün olmadığı təqdirdə hərracda satılaraq vəsaitin paylara uyğun olaraq bölünməsini xahiş edir. Cavabdehlər iddia tələbini qəbul etmir. Yəni paylı mülkiyyətçilər arasında paylarına mütənəsib bölgü ilə bağlı qanunvericilklə nəzərdə tutulmuş bütün ardıcılıqlara əməl edilmiş, (Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10142/2016 nömrəli, 07 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı ünvan 3 ünvanına dair payların naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir) həmçinin iddiaçının mənzildə yaşamasının mümkünlüyü müzakirə edilmiş, cavabdeh tərəfindən açarın dəyişdirilməsi və sair hallar qeyd olunmaqla, payın naturada bölgüsü mümkün olmamış, iddiaçının mülkiyyət hüququnun təmini üçün ardıcıl olaraq ikinci mərhələ olaraq kompensasiya məbləği müzakirə edilərək araşdırılmış, cavabdehlər məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin rəyinə uyğun olaraq təklif olunan kompensasiya məbləğinin iddiaçıya verilməsinə dair təklifi qəbul etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarına əsasən müəyyyən edilir ki, iddiaçının mübahisəli mənzilə 1/3 hissədə payı vardır. Mənzilin naturada bölgüsü mümkün olmadığından mənzilin hərracdan satılmasına dair hissədə iddia tələbi əsaslıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 iddiaçıya 1/3 payının dəyəri kimi yalnız 3000-5000 manat arasında pul verəcəyini bildirmişdir (xx.xx.2025-ci il tarixli məhkəmə iclası, dəqiqə 4:50). Kollegiya qeyd edir ki, göstərilən məbləğ az olmaqla iddiaçının mənafelərinə ziddir. Cavabdeh məhkəmə kollegiyasınıın iclasında iddiaçıya payına uyğun yalnız 5000 manat verəcəyini, digər cavabdeh olan Xəlilova Ruqiyyə isə bununla ümumiyyətlə razı olmadığını bildirdiyindən məhkəmə kollegiyası mənzilin hərracda satılma məbləğinin düzgün müəyyən edilməməsinə dair apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(060)-435/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1073/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1073/2025
18.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver