Məhkəmə qərarları › İş №2(045)-1912/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1912/2025

02.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1912/2025 02.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Hazırəhmədli kəndində yerləşən mülkdə qanunla müəyyən olunmuş qaydada fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan invertarlaşdırma işlərinin aparılması üçün Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə ailə həyatı qurduqdan sonra Goranboy rayonu, Hazırəhmədli kəndində yerləşən ata yurdunda ailə üzvüləri ilə birlikdə yaşamaqda davam edirik. Hal-hazırda Cavabdeh onu öz ata yurdundan məhrum edir. Yəni, ailə münaqişəsi zəminində yaratdığı suni problerlərə görə qeyd etdiyi fərdi yaşayış evindən istifadəsinə suni maneələr yaradaraq, atasından miras qalmış evin ona məxsus olduğunu bildirir. Yuxarıda qeyd etdiyi səbəblərə görə mərhum anası X4 məxsus Goranboy rayonu, Hazırəhmədli kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıması ilə bağlı xx.xx.2025-ci il tarixdə dövlət qeydiyyatına alınması üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında ərazi idarəsinin mütəxəssisləri həmin ünvanda olmuşlar, lakin yerində müayinə baxışı keçirilən zaman daşınmaz əmlakla bağlı mübahisə olduğundan Cavabdeh kəskin maneə yaratdığından inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən rəsmi qaydada xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-4682/2025 nömrəli bildirişi ilə imtina edilərək, məhkəməyə müraciət etməyi töhvsiyə olunmuşdur. Onu da qeyd edir ki, atası X2 xx.xx.1975-ci ildə, anası isə xx.xx.2004-cü il tarixdə dünyalarını dəyişmişlər. Hal-hazırda anası X1 miras qalmış mülkdə yerləşən torpaq sahəsində və həmin torpaq sahəsində mərhum atasının dövründə inşa edilmiş fərdi yaşayış evində cavabdeh özbaşınalıq edərək mülkdən onun vərəsə olarq mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneçilik törədir. Hesab edir ki, mərhum anası X1 miras qalmış Goranboy rayonu, Hazırəhmədli kəndində yerləşən mülkdə Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılacaq və həmin mülkdə qanunla müəyyən olunmuş qaydada dövlət reyestrində qeydiyyata alınacaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Torpağın mülkiyyətə verilməsinə” dair JN 149 F, KOD 50906018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Goranboy Rayonu Aqrar İslahat Komissiyasının 02 sentyabr 1998-ci il tarixli 31 nömrəli qərarı ilə 0,40 ha torpaq sahəsi ünvan 1 sakinləri X8, Cavabdeh, X9, X7, X3 və X5 mülkiyyətinə verilmişdir; Dаşınmаz Əmlаkın Dövlət Kadastrı və Rеyеstri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ərazi idarəsinin mütəxəssisləri ünvan 1i ünvanında yerləşən fədi yaşayış evində olmuş, lakin yerində müayinə baxış keçirilən zaman daşınmaz əmlak ilə bağlı mübahisənin olduğu müşahidə olunmuşdur. Belə ki, sözügedən fərdi yaşayış evində yaşayan digər sakin tərəfindən yaradılan kəskin maneə səbəbindən inventarlaşdırma işlərinn aparılması mümkün olmamışdır; Goranboy rayon Hazırəhmədli kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı, 512699 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2004-cü il tarixdə “beyinə qansızma” səbəbindən Goranboy rayonu Hazırəhmədli kəndində vəfat etmişdir; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki. X2 xx.xx.1975-ci il tarixdə “çənədə xərçəng loxetik” xəstəliyi səbəbindən Goranboy rayonu Hazırəhmədli kəndində vəfat etmişdir; Qasım-İsmayılov rayon ВВАГ bürosu tərəfindən verilmiş V-ЖГ seriyalı 273952 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1965-ci ildə Qasım-İsmayılov rayonu Hazırəhmədli kəndində doğulmuşdur, atası X2, anası X6r. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, İddiaçı ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini vərəsəlik işi ilə əlaqədar DƏDRX-nin 7 saylı Ərazi İdarəsində qeydiyyatdan keçirmək istəsə də, iş üzrə Cavabdeh inventarlaşdırma işlərinin aparılması məqsədilə yerində müayinə aparmaq istəyən əməkdaşların işinə qəsdən maneələr törətmiş, ona görə də, İddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sahiblik və istifadə hüququ məhdudlaşdırılmamalı, onun sahibliyində və istifadəsində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək hüquqlarına təminat verilməlidir. Ona görə də, İddiaçı hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı, Goranboy Rayonu Aqrar İslahat Komissiyasının 02 sentyabr 1998-ci il tarixli 31 nömrəli qərarı ilə JN 149 F, KOD 50906018 nömrəli şəhadətnamə əsasında Goranboy rayonu Hazırəhmədli kəndində verilmiş 0,40 ha torpaq səhəsi üzrə inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldlrılmalıdır. Azərbaycan Respublikası Melki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Goranboy Rayonu Aqrar İslahat Komissiyasının 02 sentyabr 1998-ci il tarixli 31 nömrəli qərarı ilə JN 149 F, KOD 50906018 nömrəli şəhadətnamə əsasında Goranboy rayonu Hazırəhmədli kəndində verilmiş 0,40 ha torpaq səhəsi üzrə inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar