Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1996/2024 18.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş 130 manat alimentin artırılaraq, hər ay hər uşaq üçün 500 manat müəyyən edilməsi, 60 manat ödədiyi mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 16 dekabr 2008-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan iki uşağı anadan olmuşdur: X2 - xx.xx.2009 təvəllüdlü və X3 - xx.xx.2013 təvəlllüdlü. Goranboy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-618/2021 saylı qətnaməsi ilə onların arsında olan nikah pozulmuş, 15.11,2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün saxlanması üçün hər ay 260 manat miqdarda aliment alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Şüşə ustasıdır, dəfələrlə sosial şəbəkələrdə paylaşımlar edir. Bundan başqa təsərrüfatla məşğuldur. Bu barədə özünün paylaşdığı sübutları məhkəməyə təqdim edir. O, isə uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Maddi vəziyyəti aşağıdır. Cavabdeh xeyli gəlir əldə etməyinə baxmayaraq, uşaqların saxlanması üçün alimentdən başqa heç bir maddi yardım göstərmir. Onu və övladları incitmək məqsədilə hətta alimenti də vaxtlıvaxtında ödəmir. Qazancı qeyri-müntəzəm və dəyişkəndir. O, isə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehin verdiyi alimentlə uşaqların gündəlik qidalanmasını ödəməkdə çətinlik çəkir. Uşaqlar daim inkişafda olduğundan və böyüdüyündən daim təzə paltarlar almaq məcburiyyətindədir. Bildiri ki, ölkədə dayanmadan baş verən inflyasiya nəticəsində əmək fəaliyyəti ilə məşğul olduğu və əmək haqqı aldığı zaman belə uşağı bu məbləğdə alimentlə saxlamaqda çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 148348 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 06 sentyabr 2013-cü ildə Ağdaş şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 357967 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 15 noyabr 2009-cu ildə Ağdaş şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(045)-618/2021 nömrəli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 16 dekabr 2008-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində 159 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulması, boşanmadan sonra xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat miqdarda aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “məşğulluq haqqında” arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə işsiz statusunda qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh olunun adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı mediasiya təşkilatı üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 500 manat, ümumilikdə 1000 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan xx.xx.2009cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh 32 manat (100 manat*12ay=1200 manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mediasiya xidmətinə görə ödənilmiş 60 manat məbləğində xərcin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən bu hissədə qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 30 manat məbləğində ödənilmiş mediasiya xərcinin əvəzi tutulmalı və qalıq 30 manat hissə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(045)-618/2021 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment və ödənilmiş 30 (otuz) manat məbləğində mediasiya xərcinin əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(045)-618/2021 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş 30 (otuz) manat məbləğində mediasiya xərcinin əvəzi tutulsun. Cavabdeh dövlət büdcəsinin xeyrinə 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1996/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1996/2024
18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver