Məhkəmə qərarları › İş №2(045)-20/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-20/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-20/2025 08.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı “16 may 2014-cü il tarixli 80 saylı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması, tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbinə dair iddiа ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" ASC-nin əsas məbləğ 14165.89 (on dörd min yüz alınmış bes manat səksən doqquz qəpik) manat, hesablanmış faiz 2100.93 (iki min yüz manat doxsan üç qəpik) manat, cərimə borcu 0 manat, cəmi 16266.82 (on altı min iki yüz altmış altı manat səksən iki qəpik) manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun "xxxx" ASC-in xeyrinə tutulması, tutmanı ipoteka ilə yüklü edilmiş Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məxsus olan Goranboy rayonu, Ballıqaya kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi ilə birgə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklu edilmiş əmlakın ilkin satış qiyməti tərəflər arasında razılaşdırılmış 30000 manat məbləğində müəyyən edilməsi və əmlak satıldıqdan sonra cavabdehlərin 1 (bir) ay müddətində yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 may 2014-cü il tarixdə "xxxx" ASC və Cavabdeh1 arasında 80 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 bank tərəfindən, 15000 manat məbləğində, illik 6% olmaqla, 18 aylıq güzəştlə, 36 ay müddətinə kredit verilmişdir və o, kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. Borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə 16 mat 2014-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında 801 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən borclu Cavabdeh1 "xxxx" ASC-dən götürdüyü 15000 manat məbləğində kreditin təminatı kimi tam mülkiyyət huququ üzrə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 məxsus olan Goranboy rayonu, Ballıqaya kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi ilə birgə 80 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2014-cü il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. "xxxx" ASC muqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir Lakin, borclu Cavabdeh1 krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdır. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bugünə kimi olan borcunu ödəməmişdir. 02 may 2017-ci il tarixinə Cavabdeh1 "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi olmuşdur əsas məbləğ - 14165.89 (on dörd min yüz altmuş beş manat səksən doqquz qəpik) manat, hesablanmış faiz 2100.93 (iki min yüz manat doxsan üç qəpik) manat, cərimə borcu -0 manat, cəmi- 16266.82 (on altı min iki yüz altmış altı manat səksən iki qəpik) manat təşkil edir. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 03 may 2017 ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 may 2014-cü il tarixli 80 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 18 aylıq güzəştlə, 36 ay müddətinə 15000 manat məbləğində, illik 6 faiz olmaqla, aylıq qaytarılmaq şərti ilə kredit verilmişdir; 16 may 2014-cü il tarixli 80i saylıipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 (borcalan), X5, Cavabdeh3 və Cavabdeh4 (ipoteka qoyanlar) arasında ipoteka müqaviləsi bağlanmış və girovqoyanlara məxsus olan Goranboy rayonu, Ballıqaya kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi ilə birlikdə ipoteka (girov) ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmeti 22500 manat dəyərində qiymətləndirilmişdir; 0289480 nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən Goranboy rayonu, Ballıqaya kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindədir; 0289926 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 məxsus olan Goranboy rayonu, Ballıqaya kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir; ********** nömrəli və ********** nömrəli, xx.xx.2017-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və bu məbləğin köçürülməsi üçün bank tərəfindən 1 manat xidmət haqqı tutulmuşdur; 29 iyun 2017-ci il tarixli ödəniş tapşırığı”ndan görünür ki, ləğv prosesində olan İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir; "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsinə dair 007/25/GB saylı 10 yanvar 2025-ci il tarixli hesabatında Goranboy rayonu, Ballıqaya kəndində yerləşən fərdi yaşayış evinin (0.12 ha torpaq sahəsi ilə birlikdə) bazar qiymətinin 55000 (əlli beş min) manat, likvid qiymətinin isə 41000 (qır bir min) manat olduğu göstərilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, əsas öhdəliyin təminatı olaraq Goranboy rayonu, Ballıqaya kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Göründüyü kimi Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir ş əxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci mаddəsinə əsаsən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; Məhkəmə iddiaçı tərəfindən tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi tərəflər arasında bağlanmış müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və bu hissədə tam təmin edilməli, Cavabdeh1 xx.xx.2014-cü il tarixli müqavilə üzrə 14165.89 (on dörd min yüz alınmış bes manat səksən doqquz qəpik) manat, hesablanmış faiz 2100.93 (iki min yüz manat doxsan üç qəpik) manat, cərimə borcu 0 manat olmaqla, cəmi 16266.82 (on altı min iki yüz altmış altı manat səksən iki qəpik) manat məbləğində faiz borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, daşınmaz əmlak satıldıqdan sonra əmlakın 1 ay ərzində boşaldılması tələblərini aşağıdakı maddi hüquq normalarına uyğun həll edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzəərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır; 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Goranboy rayonu, Ballıqaya kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən əmlak 30000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış və iddiaçının müraciəti əsasında həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Goranboy rayonu, Ballıqaya kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satıldıqdan sonra həmn yaşayış sahəsi ən geci bir ay ərzində boşaldılmalıdır. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyanlara qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, “İpotaka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinin tələblərinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsas götürülməklə, 41000 (qırx bir min) manat məbləğində müəyyən edilərək, iddia bu hissədə qismən təmin edilməlidir. Eyni zamanda məhkəmə, məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, Cavabdeh1 iddiaçının xeyrinə, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 31 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş vəsaitin əvəzi tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 14165,89 manat məbləğində əsas borc, 2100.93 manat faiz borcu olmaqla, cəmi 16266,82 manat məbləğində borc pul, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidi, tutma xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 məxsus olan Goranboy rayonu, Ballıqaya kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyanlar Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 qaytarılmalı, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 41000(qırx bir min) manat məbləğində müəyyən edilməli, Goranboy rayonu, Ballıqaya kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Qeyd olanlara əsasən MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 14165,89 manat məbləğində əsas borc, 2100.93 manat faiz borcu olmaqla, cəmi 16266,82 manat məbləğində borc pul, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Tutma xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məxsus olan Goranboy rayonu, Ballıqaya kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərrac vasitəsilə satılsın, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyanlar Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qaytarılsın. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 41000(qırx bir min) manat məbləğində müəyyən edilsin. Goranboy rayonu, Ballıqaya kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar