Məhkəmə qərarları › İş №2(045)-2006/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2006/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2006/2023 31.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən barəsində tətbiq edilmiş 518,40 manat (beş yüz on səkkiz manat, qırx qəpik) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ailəsi ilə birlikdə Goranboy rayonu Qarasüleymanlı kəndində qeydiyyatdadır və uzun illərdir ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Neçə illərdir ki, dövlətin kənddə çəkdirdiyi yanar qazdan istifadə edir və hər ay sərf etdiyi qazın dəyərini ödəniş müəssisəsi vasitəsi ilə ödəyərək qəbzlərini saxlamışdır 2023-cü ilin aprel ayının 28-də qaz idarəsinin əməkdaşları onun yaşadığı evə gələrək onun evinin sayğacını açıb yerinə başqa yeni sayğac quraşdırdılar. Bundan sonra bir neçə gün sonra onun yanına gəlib akt yazaraq həqiqətən sayğacın yenisi ilə əvəz edilməsi ilə əlaqədar akta imza atmalı olduğunu bildirdilər. Onun isə həmin şəxslərin sayğacı açıb aparmağından xəbəri olmadığı üçün akta imza atmamışdır. Həmin vaxtdan 04 aydan artıq müddət keçdikdən sonra, yəni bir neçə gün bundan qabaq ona məlum oldu ki, ona 529,68 manat artıq sərf etmə üçün borc yazılmışdır. Bunu görərək qaz idarəsinin əməkdaşlarının yanına getmiş və yazılmış artıq sərfiyyatla bağlı ona izah verilməsini tələb etmişdir. Bu vaxt ona xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surəti verilərək bildirildi ki, sayğacın hesablama mexanizmi keçən qazın sərfini qeydə almamışdır. Qeyd etmək istəyir ki, həmin sayğac hər ay onun evinin sərf etdiyi qazı hər ay qeydə almış və həmin sərfiyyat əsasında o, sərf etdiyi qazın dəyərini ödəmişdir. Həmin sərfiyyat qaz idarəsi tərəfindən ona təqdim edilmiş abonentin saldosunda açıq aydın görünür. Əlavə olaraq da qeyd etmək istəyir ki, qaz sayğacı sərfiyyatı qeydə almırdısa, nəzarətçi bu sərfiyyatı hər ay hardan yazmışdır və sayğacın hesablama mexanizmində rəqəmlər hər ay necə dəyişmiş və sərfiyyat qeydə alınmışdır. Bundan başqa evdə bir xörək və bir isitmə peçi olduğu halda hər ay göstərilən sərfiyyat necǝ hasablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və sayğac sökülərək yenisi ilə əvəz edilmişdir. Bundan sonra həmin sayğac labaratoriyaya göndərilmiş və oradan gələn rəy əsasında məlum olmuşdur ki, sayğacın hesablama mexanizmi keçən qazın sərfini qeydə almır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizmi keçən qazın sərfini qeydə almadığı müəyyən edilmişdir; Abonentin saldosundan görünür ki, (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ona 518,40 manat məbləğində borc pul hesablanmışdır; Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı evində qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını və qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Buna görə qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan 518,40 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanununun 8.1.2-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq, belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırkı tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün hazırda 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət büdcəsinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (Goranboy rayonu, Qarasüleymanlı kəndi, Abonent kodu: **********00000) hesablanmış 518,40 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (Goranboy rayonu, Qarasüleymanlı kəndi, Abonent kodu: **********00000) hesablanmış 518,40 manat məbləğində borc silinsin. Cavabdehndən dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar