Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-202/2023 01.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2900 manat əsas, 509 manat faiz borcu olmaqla, cəmi 3409.82 (üç min dörd yüz doqquz manat səksən iki) manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 54.10 (əlli dörd manat on qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Goranboy” filialı ilə cavabdeh X4 arasında elektron sənəd mübadiləsi yolu ilə rəsmiləşdirilərək bağlanmış TL-EE000004839 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 2900 manat məbiəğində kredit verilmişdir. TL-EE000004839 nömrəli, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinin 10.1-ci bəndinə əsasən borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və ABB-nin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin ABB-yə təqdim edilməsindən 10 (on) iş günü ərzində borc alanın ABB-də açılmış müvafiq cari hesaba köçürülməklə verilir. Cavabdeh xx.xx.2021-ci il tarixli, EE000004839 nömrəli balansdan kənar məxaric orderini imzalamaqla 2900 manat məbləğində krediti ödəniş kartı vasitəsilə xx.xx.2021-ci il tarixdə məxaric etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, cavabdeh bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olmasına baxmayaraq öhdəliklərini yerinə yetirməmişdir. Bununla əlaqədar Bank tərəfindən cavabdehə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən onun üzərinə düşən öhdəliklər bu günədək yerinə yetirilməmişdir. Yuxarıda adı çəkilən Kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə 2900 manat əsas, 509.82 manat faiz borcu olmaqla, cəmi 3409.82 (üç min dörd yüz doqquz manat səksən iki qəpik) manat məbləğində kredit borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: TL-EE000004839 nömrəli, xx.xx.2021-ci il tarixli tam kart müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh 36 ay müddətinə, illik 24 faiz olmaqla 2900 manat kredit verməyi, Cavabdeh həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəlik götürmüşdür; xx.xx.2021-ci il tarixli EE000004839 nömrəli balansdankənar məxaric orderinə əsasən Cavabdeh 2900 manat məbləğində krediti ödəniş kartı vasitəsilə xx.xx.2021-ci il tarixdə məxaric etmişdir; “Maliyyə arayışı”na əsasən TL-EE000004839 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC-yə 2900 manat əsas, 509.82 manat faiz borcu olmaqla, cəmi 3409.82 (üç min dörd yüz doqquz manat səksən iki) manat məbləğində kredit borcu vardır; xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 54.1 manat məbləğində dövlət rüsumu ödəmiş və bu məbləğin köçürülməsi üçün iddiaçıdan 0,4 manat məbləğində bank xərci tutulmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh "xxxx" ASC tərəfindən 36 ay müddətinə, illik 24% olmaqla 2900 (iki min doqquz yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh "xxxx" ASC-dən həmin məbləğdə pulu qəbul etmiş, kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh öhdəliyini icra etməmiş, bununla da kreditora ziyan vurmuşdur. Buna görə də, borclu öhdəliyinin pozuntusu üçün bank qarşısında məsuliyyət daşımalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2900 manat əsas, 509.82 manat faiz borcu olmaqla, cəmi 3409.82 (üç min dörd yüz doqquz manat səksən iki qəpik) manat məbləğində kredit borcu, həmçinin iddia ərizəsi üçün ödənilmiş 54.1 (əlli dörd manat on qəpik) manat dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2900 manat əsas, 509.82 manat faiz borcu olmaqla, cəmi 3409.82 (üç min dörd yüz doqquz manat səksən iki qəpik) manat məbləğində kredit borcu, həmçinin iddia ərizəsi üçün ödənilmiş 54.1 (əlli dörd manat on qəpik) manat dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-202/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-202/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver