Məhkəmə qərarları › İş №2(045)-276/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-276/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-276/2023 30.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Civəzadə Aygün Səlahəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Goranboy rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5400 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun bacanağıdır. 2020ci ilin fevral ayında ona bildirdi ki, kirayə müqaviləsi bağlayaraq işlədiyi yerdən əlavə pul alsın. İlk əvvəl onunla razılaşmamışdır. Bildirmişdir ki, problemli məsələdir. O, isə onu inandırmışdır ki, alacağı puldan yarısını ona verəcəkdir. xx.xx.2020-ci il tarixdə onunla aylıq 250 manat olmaqla 3 il müddətinə kirayə müqaviləsi bağlamışlar. Kirayə müqaviləsi bağladıqdan sonra evə 3-4 ay ərzində Müdafiə Nazirliyindən nümayəndələr gəlib kirayə müqaviləsi bağlayan şəxsin, ailəsinin orada yaşayıb-yaşamasını yoxlayırlar. O, yoxlanışa görə özünə məxsus əşyaları həmin evə qoymuşdur. Ona da demişdir ki, narahat olma kirayə haqqını alan kimi onun pulunu verəcəkdir. Bir neçə ay onu yola vermişdir. 2020-ci ilin 27 sentyabr tarixində İİ Qarabağ müharibəsi başlamışdır. Müharibə qurtardıqdan sonra ondan kirayə pulunu ahb-almamasmı soruşduqda bildirmişdir ki, indi bütün vəsait şəhid ailələri və qazilərə ödənilir. Bu ifadə hər bir Azərbaycanlının zəif yeri və güzəşt nöqtəsidir. Çox təəssüflər olsun ki, cavabdehin dediklərinin hamısı yalan olmuşdur. Belə ki, kirayə müqaviləsi bağladıqdan sonra kirayə pulunu hər ay vaxtlı-vaxtında almışdır. Buna görə də Cavabdeh yığılmış kirayə pulunun, yəni 5400 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, 19 fevral 2021-ci il tarixdə iddiaçı ilə cavabdeh kirayə müqavilə bağlamışlar. Fakitiki olara qkirayə müqaviləsi görünüş üçün, yəni formal olaraq bağlanmışdır. Kirayə müqaviləsinin bağlanılmasında məqsəd cavabdehin həmin müqavilə üzrə kirayə pulunun alınması olmuşdur. Lakin İddiaçı da müqavilənin formal bağlandığını bilmişdir və onlar arasında kirayə münasibətləri yaranmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş materillarında olan on doqquz fevral iki min iyirminci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayəyə verən İddiaçı kirayəçi Cavabdeh Gəncə şəhəri kəpəz rayonu Dəmiryolaltı qəsəbəsi,məhəllə B-6, sahə 5-də yerləşən ümumi sahəsi 113 kv m olan 4 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə xx.xx.2023-cü il tarixədək kirayəyə verir. Cavabdeh aylıq 250 manat kirayə haqqı ödəyir. İş materillarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 35 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarına əsaslanaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh on doqquz fevral iki min iyirminci il tarixli kirayə müqaviləsi bağlamış, lakin hər iki tərəfin kirayə münasibətlərinə daxil olmaq niyyəti olmamış, kirayə müqaviləsinin bağlanılmasında məqsəd cavabdeh tərəfindən vəsait əldə edilməsi olmuşdur. Qeyd edilənlər tərəflərin izahatı ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh araslnda on doqquz fevral iki min iyirminci il tarixli kirayə müqaviləsi görünüş üçün bağlanıldığından, bunu hər iki tərəf təsdiq etdiyindən, müqavilə etibarsızdır və müqavilə hüquqi nəticələrə səbəb olmur. Bu səbəbdən də İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçərəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə subutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar