Məhkəmə qərarları › İş №2(045)-320/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-320/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-320/2023 15.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 725 (yeddi yüz iyirmi beş) manat məbləğində əsas borc, 73 (yetmiş üç) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 828 (səkkiz yüz iyirmi səkkiz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0035537 nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 791 manat dəyərində olan “Watch Sport SE 44 mm” markalı əşyanı satmışdır. Borclu aldığı əşyaya görə manat ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 791 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 66 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədər olaraq borcluya dəfələrlə şifahi, xx.xx.2022-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan Watch Sport SE 44 mm-i cəmi 791 (yeddi yüz doxsan bir) manata almışdır. Maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdehin ödənilməmiş 725 manat əsas borcu, 73 manat cərimə borcu olmaqla, cəmi 798 manat borcu vardır; xx.xx.2023-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh saziş üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin əsas borcun ödənilməsi hissəsinə dair məhkəmə qeyd edir ki, tələb bu hissədə tam təmin edilməli və Cavabdeh İddiaçı MMC -nin xeyrinə 725 manat məbləğində əsas borc pul tutulmalıdır. Məhkəmə iddia tələbinin 73 manat məbləğində dəbbə pulu hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 15 manat məbləğində müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 725 manat məbləğində əsas borc, 15 manat məbləğində cərimə olmaqla, ümumilikdə 740 manat məbləğində borc pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 214-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 725 (yeddi yüz iyirmi beş) manat məbləğində əsas borc, 15 (on beş) manat məbləğində cərimə olmaqla, ümumilikdə 740 (yeddi yüz qırx) manat məbləğində borc pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMCnin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar