Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-357/2023 07.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(045)-885/2021 saylı qətnaməsinə əsasən 29 aprel 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Cavabdeh qət olunmuş alimentin miqdarını artırıb, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahını 20 iyul 2014-cü ildə Goranboy rayonu Qaraçinar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə rəsmi qeyd etdirərək ailə qurmuşdur. Birgə yaşadığı müddətdə 29 aprel 2016-cı il təvəllüdlü X4 adlı bir uşağı olmuşdur. Cavabdehlə birgə yaşamaq mümkün olmadığı üçün ayrılmışdır. Məhkəməyə təqdim etdiyi Goranboy rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(045)-885/2021 saylı qətnaməsi ilə nikah qeydi ləğv olunmuş, 29 aprel 2016-ci il ildə anadan olmuş X5 onun himayəsində saxlanılmışdır və yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Artıq uşağı orta məktəbdə oxuyur. Buna görə də uşağının tələbatları yetərincə artmışdır. Hazırkı aliment məbləği uşağın tələbatını ödəmir. O bacardığı qədər uşağının ehtiyacını ödəmək istəyir, lakin tək buna onun maddi imkanı çatmır. Cavabdeh isə ona alimentdən başqa heç bir köməklik etmir (lakin alimentini vaxtlı-vaxtında ödəyir). Ona görə də, istəyir ki, qət olunmuş alimentin miqdarı sabit pul məbləğdə müəyyən edilib artırılsın. Cavabdehin hər cürə imkanı var ki, uşağının tələbinin ödənilməsində ona kömək etsin. Çünki ərazidə yerləşən hərbi hissədə işləyir və hər ay yaxşı əmək haqqı alır. Lakin cavabdeh bunu könüllü etmək istəmir. Məhkəməyə indi müraciət etməklə ümid edir ki, məhkəmə onun iddia tələbini əsaslı hesab edib uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün qət edilmiş alimentin miqdarını artırıb 220 (iki yüz iyirmi) manata çatdıracaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, birgə nikahlarından bir övladı dünyaya gəlmiş və cavabdehlə aralarında yaranmış mübahisədən sonra nikahları pozulmuş və uşaq onun himayəsinə verilmişdir. Hazırda uşağının 7 yaşı tamam olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarı uşağının tələbatlarını ödəmir. Ona görə məhkəmədən alimentin miqdarının artırılıb 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək izahatında göstərdi ki, birgə nikahdan doğulmuş uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş alimenti vaxtlı-vaxtında ödəyir. Həmçinin, o, maddi imkanı çatdıqca alimentdən kənar uşağına maddi köməklik də edir. Aldığı əmək haqqı aşağı olduğu üçün hazırda tələb olunan alimenti ödəmək onun imkanı xaricindədir, çünki hazırkı aliment məbləğindən yuxarı ödəniş etsə, özünün dolanışığı üçün yetərli vəsait qalmayacaqdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 780782 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 29 aprel 2016-cı il tarixdə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(045)-885/2021 saylı qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 20 iyul 2014-cü il tarixdə Goranboy rayon Qaraçınar kənd İ.Ə.D.Ü. nümayəndəliyində 05 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, boşanmadan sonra tərəflərin yetkinlik yaşına çatmamış uşaqları 29 aprel 2016-cı il təvəllüdlü X4 anası X1 yanında qalmış, 29 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 24 avqust 2021-ci il tarixdən başlayaraq hər ay Cavabdeh sabit pul məbləğində bir uşaq üçün 120 manat miqdarında aliment alınaraq X3 verilməsi qət edilmişdir; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 404107 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir; xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən N nömrəli hərbi hissədə çilingər vəzifəsində işləyir və aylıq 448,97 manat əmək haqqı alır; Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay bir uşaq üçün 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 29 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh 30 manat (50 manat*12ay=600 manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(045)-885/2021 saylı qətnaməsi ilə 29 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(045)-885/2021 saylı qətnaməsi ilə 29 aprel 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-357/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-357/2023
07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver