Məhkəmə qərarları › İş №2(045)-368/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-368/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-368/2023 15.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Hani oğluna qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Hani oğlundan və Cavabdeh1 müştərək qaydada 4924,64 (dörd min doqquz yüz iyirmi dörd manat altmış dörd qəpik) manat əsas borc, 32,41 (otuz iki manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 4957,05 (dörd min doqquz yüz əlli yeddi manat beş qəpik) manat borc məbləğinin və ödənilmiş 69.57 (altmış doqquz manat əlli yeddi qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı cəmi 4957.05 (dörd min doqquz yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli S-FK-YEV-25 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış 17 iyun 2014cü il tarixli 246-xx.xx.2014-Yev58 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 36% faizlə 10000.00 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Yevlax filialı ilə zamin Cavabdeh3, Cavabdeh4 Hani oğlu və Cavabdeh1 arasında 17 iyun 2014-cü il tarixli 246xx.xx.2014-Yev58 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh2 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh2 kreditora olan ödənilməmiş əsas borcu 4924.64 (dörd min doqquz yüz iyirmi dörd manat altmış dörd qəpik) manat, faiz borcu isə 32.41 (otuz iki manat qırx bir qəpik) manat, cəmi borcu 4957.05 (dörd min doqquz yüz əlli yeddi manat beş qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür, bundan başqa borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Hani oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC (Bank) ilə Cavabdeh2 (Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 246-xx.xx.2014-Yev58 nömrəli kredit müqaviləsinə əsasən Bank Borcalana 36 ay müddətinə, illik 36% ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit verməyi, borcalan bankdan həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəlik götürmüşdür; xx.xx.2014-cü il tarixli, 246-xx.xx.2014-Yev58 nömrəli kredit müqaviləsinə 1 nömrəli Əlavə - Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdən xx.xx.2017ci il tarixədək olan müddət ərzində hər ay 382 manat (sonuncu ay 377.21 manat) ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2014-cü il tarixli, 246-xx.xx.2014-Yev58 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 246-xx.xx.2014-Yev58 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2014-cü il tarixli, 246-xx.xx.2014-Yev58 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 Hani oğlu Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 246-xx.xx.2014- Yev58 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2014-cü il tarixli, 246-xx.xx.2014-Yev58 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 246-xx.xx.2014-Yev58 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; FJB**********345 nömrəli, 17 iyun 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 17 iyun 2014-cü il tarixdə 10000 (on min) manat məbləğində pulu "xxxx" ASC-dən qəbul etmişdir; xx.xx.2017-ci il tarixli S-FK-YEV-25 nömrəli təhvil-təslim Aktından görünür ki, "xxxx" ASC-nin Cavabdeh2 qarşı cəmi 4957.05 (dörd min doqquz yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ İddiaçı QSC BOKT-a təhvil verilmişdir; İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli məlumatına əsasən Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 246-xx.xx.2014-Yev58 nömrəli kredit müqaviləsi üzrə 4924.64 (dörd min doqquz yüz iyirmi dörd manat altmış dörd qəpik) manat əsas borcu, 32.41 (otuz iki manat qırx bir qəpik) manat faiz borcu, ümumilikdə 4957.05 (dörd min doqquz yüz əlli yeddi manat beş qəpik) manat məbləğində borcu vardır; X4 ********* nömrəli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC BOKT məhkəmədə iddia qaldırmaq üçün 69.57 (altmış doqquz manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 246-xx.xx.2014-Yev58 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh2 36 ay müddətinə, illik 36% faiz dərəcəsi olmaqla 10000 (on min) manat məbləğində kredit vermişdir. Cavabdeh2 "xxxx" ASC-dən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 10000 (on min) manat məbləğində pulu almış və müqavilədə göstərilmiş qaydada kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Həmçinin, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Hani oğlu zamin kimi əsas borclunun öhdəliyinin icrası üzrə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı cəmi 4957.05 (dörd min doqquz yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ İddiaçı QSC BOKT-a təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunan qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia tələbi həm kredit müqaviləsi üzrə borcluya, həm də zaminlərə qarşı yönəlmişdir. Digər cavabdehlər (zaminlər) Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Hani oğluna qarşı irəli sürülmüş tələb təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmiş, hazırkı iddia ərizəsi zaminliyə xitam verildikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. Zaminliyə xitam verildiyindən zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Hani oğlu iddiaçı qarşısında məsuliyyət daşımır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 4924,64 (dörd min doqquz yüz iyirmi dörd manat altmış dörd qəpik) manat əsas borc, 32,41 (otuz iki manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 4957,05 (dörd min doqquz yüz əlli yeddi manat beş qəpik) manat borc məbləği və ödənilmiş 69.57 (altmış doqquz manat əlli yeddi qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı QSC BOKT-un xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 4924,64 (dörd min doqquz yüz iyirmi dörd manat altmış dörd qəpik) manat əsas borc, 32,41 (otuz iki manat qırx bir qəpik) manat faiz borcu olmaqla, cəmi 4957,05 (dörd min doqquz yüz əlli yeddi manat beş qəpik) manat borc məbləği və ödənilmiş 69.57 (altmış doqquz manat əlli yeddi qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı QSC BOKT-un xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar