Məhkəmə qərarları › İş №2(045)-393/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-393/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-393/2023 27.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədirliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Zavadov Oleq Qamət oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Zavadov Oleq Qamət oğlundan və Cavabdeh2 müştərək qaydada 578.67 manat əsas, 3.96 manat faiz, cəmi 582.63 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 25509 nömrəli, 25 iyun 2019-cu il tarixli kredit (restrukturizasiya) müqaviləsinə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1464 manat 37 qəpik qalıq məbləğini ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla, 4 il müddətə 1464 (min dörd yüz altımış dörd) manat 37 qəpik məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdələrinə götürmüşlər. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə təşkilat arasında bağlanmış eyni tarixli və nömrəli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişlər. Odur ki, BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində cavabdehin BOKT "xxxx" MMC-yə 29 noyabr 2022-ci il tarixə 578.67 manat əsas, 3.96 manat faiz olmaqla, cəmi 582.63 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 25509 nömrəli kredit (restrukturizasiya) müqaviləsinə əsasən BOKT "xxxx" MMC Zavadov Oleq Qamət oğluna 4 il müddətinə, illik 1 faiz olmaqla 1464.37 manat məbləğində kredit verməyi, Zavadov Oleq Qamət oğlu həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2019-cu il tarixli, 25509 nömrəli zaminlik müqaviləsindən görünür ki, X1 Oleq Qamət oğlunun xx.xx.2019-cu il tarixli, 25509 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 25509 nömrəli müqavilə üzrə Zavadov Oleq Qamət oğlunun 578.67 manat əsas borcu, 3.96 manat faiz borcu olmaqla, cəmi 582.63 manat kredit borcu vardır; Hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli ********** mədaxil qəbzinə əsasən BOKT "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Zavadov Oleq Qamət oğluna BOKT "xxxx" MMC tərəfindən 4 il müddətinə, illik 1 faiz olmaqla müqavilə üzrə 1464.37 manat məbləğində kredit verilmiş, X3 borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən edilmişdir. Zavadov Oleq Qamət oğlu kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, cavabdeh Zavadov Oleq Qamət oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Zavadov Oleq Qamət oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, X3 da zamin olduğu üçün əsas borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən göründüyü kimi iddiaçı hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,4 manat xidmət haqqı tutulmuşdur. İddaçı isə tələbində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Bu səbəbdən də tələb həmin hissədə qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Zavadov Oleq Qamət oğlundan və X2 müştərək qaydada 578.67 manat əsas, 3.96 manat faiz, cəmi 582.63 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 119, 214-220, 227, 233, 284-1, 284-5.3, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Zavadov Oleq Qamət oğlundan və X2 müştərək qaydada 578.67 manat əsas, 3.96 manat faiz, cəmi 582.63 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar