Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-419/2025 25.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 06R000014469 saylı kredit razılaşması üzrə 3086,62 ABŞ dolları məbləğində kredit borcu, 1114,72 ABŞ dolları məbləğində faiz borcu və 4975,71 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 06KK********** saylı kredit razılaşması üzrə 1999,46 ABŞ dolları məbləğində kredit borcu, 488,77 ABŞ dolları məbləğində faiz borcu və 3259,65 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14924,93 (on dörd min doqquz yüz iyirmi dörd) ABŞ dolları 93 (doxsan üç) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli 06L000001007 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 06R000014469 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 06R000014469S saylı, xx.xx.2015-ci il tarixli 06R000014469SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9108.93 ABŞ Dolları ödəmiş və onun 5891.07 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 445 gün üçün hesablanmış faiz borcu 1995.43 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2017ci il tarixə 445 gün üçün hesablanmış cərimə 5489.39 ABŞ dolları təşkil edir. Bundan başqa, Cavabdeh1 Kreditor ilə xx.xx.2013-cü il tarixdə bağladığı 06KK********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 2000 (iki min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin 3.2.1-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən hazırki vaxtadak ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh1 götürdüyü kreditdən 0.54 ABŞ Dolları qaytarmış və onun 1999.46 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. O, kredit müqaviləsinin 2.1-ci və 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və xx.xx.2017-ci il tarixə 782 gün üçün onun 488.77 ABŞ Dolları məbləğində faiz borcu qalmışdır. Kredit müqaviləsinin 2.7-ci bəndinə görə kredit kredit xəttinin müddəti bitənədək banka ödənilir. əks təqdirdə kredit gecikdirilmiş statusu alır və gecikdirilmiş statuslu kredit üzrə illik 180 (yüz səksən) faiz dərəcəsi ilə cərimə faizi hesablanır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. xx.xx.2017-ci il tarixə 782 gün üçün hesablanmış cərimə 3259.65 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, həqiqətən də bankdan kredit götürmüş və maddi vəziyyəti pisləşdiyindən banka olan borcunu hər ay ödəyə bilməmişdir. Hazırda banka olan borcunu hissə-hissə ödəyə bilər. Bank tərəfindən hesablanmış faiz və cərimə çox olduğundan onun azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh3 Cavabdeh1 izahatına uyğun izahat verərək, bank tərəfindən hesablanmış faiz və cərimə çox olduğundan onun azaldılmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu səbəbdən məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 2(045)-3207/2017 nömrəli, 29 iyun 2017-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə - 5891.07 ABŞ dolları məbləğində kredit borcu, 1995.43 ABŞ dolları məbləğində faiz borcu və 5489.39 ABŞ dolları cərimə borcu olmaqla, 06 KK00000308 saylı kredit razılaşmaı üzrə 1999.46 ABŞ dolları məbləğində kredit borcu, 488.77 ABŞ dolları məbləğində faiz borcu və 3259.65 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 19059.77 ABŞ dolları məbləğində borc İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir Goranboy Rayon Məhkəməsinin 2(045)-1994/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərardaddan görünür ki, Cavabdeh1 Goranboy Rayon Məhkəməsinin 06 iyun 2017ci il tarixli, 2(045)-3207/2017 saylı qiyabi qətnaməsinin ləğvi haqqında ərizəsi təmin edilmişdir; xx.xx.2008-ci il tarixli 06L000001007 nömrəli kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmış, Cavabdeh1 İddiaçı QSC ilə bağlanmış xx.xx.2013-cü il tarixli 06R000014469 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit götürmüş, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, borclunun öhdəliyi zaminliklə təmin olunmuş və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bu müqavilə üzrə zamin qismində üzərinə öhdəlik götürmüşlər; xx.xx.2013-cü il tarixli, 06KK********** saylı kredit razılaşması əsasən İddiaçı QSC Cavabdeh1 aylıq faiz dərəcəsi 2.1667% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 2000 (iki min) ABŞ dolları məbləğində kredit vermeyi, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2025-ci il tarixli cədvələ əsasən Cavabdeh1 06R000014469 saylı razılaşması üzrə İddiaçı QSC-yə xx.xx.2016-cı il tarixinə əsas məbləğ üzrə 3086,62 ABŞ dolları borc, faiz üzrə 1114,72 ABŞ dolları borc, cərimə üzrə 4975,71 ABŞ dolları borc, ümumilikdə 9177,05 ABŞ dolları borcu vardır; xx.xx.2025-ci il tarixli, OUT-2025/03/18-67 nömrəli cədvələ əsasən Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 06KK00000308 nömrəli VİSA X1 üzrə İddiaçı QSC-yə xx.xx.2025-ci il tarixinə 1999,46 ABŞ dolları əsas borcu, 488,77 ABŞ dolları faiz borcu, 3259,65 ABŞ dolları cərimə borcu, ümumilikdə 5747,88 ABŞ dolları borcu vardır; Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı QSC hаzırkı tələb üzrə 30 (otuz) mаnаt məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 İddiaçı QSC tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmış, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə 06R000014469 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 İddiaçı QSC-dən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) ABŞ dolları və 06KK********** saylı kredit razılaşmasına əsasən 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Daha sonra ödəniş planına dəyişiklik edilərək kreditin qaytarılması müddəti uzadılmış və buna müvafiq olaraq da aylıq ödənilən faiz məbləğləri artmışdır. Cavabdeh1 kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Yuxarıda qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və bu hissədə tam təmin edilməli, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 5086,08 ABŞ dolları əsas borc tutulmalıdır. İddia tələbinin faiz borcu hissəsinə dair məhkəmə qeyd edir ki, bu məbləğ təmin edilməli, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 1603,49 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış 8235,36 ABŞ dolları cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 150 (yüz əlli) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia tələbi həm kredit müqaviləsi üzrə əsas borcluya, həm də zaminlərə qarşı yönəlmişdir. Digər cavabdehlər (zaminlər) Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı irəli sürülmüş tələb təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə uyğun olaraq zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Hazırkı iş materiallarından göründüyü kimi, 06R000014469 saylı kredit razılaşmasına əsasən xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli ödəniş planlarında məbləğin qaytarılması müddəti uzadılmış, faizlərin məbləği də artırılmışdır. Zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 sözügedən razılaşmaya əlavə olunmuş ikinci və üçüncü ödəniş planına, eyni zamanda əsas borclu ilə bağlanmış digər 06KK********** saylı kredit razılaşmasına ümumiyyətlə razılıqlarını ifadə etmədiyindən, ödəniş planına edilmiş dəyişikliklər və 06KK********** saylı kredit razılaşması onların məsuliyyətinin artmasına səbəb olduğundan onlar iddiaçı qarşısında məsuliyyət daşımamalıdır. Həmçinin, zaminlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 əsas borclunun 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xəttinə zamin kimi müəyyən olunsalar da, həmin müqavilə üzrə kredit müqaviləsinin bütün mühüm şərtləri barədə razılıq əldə olunmamışdır. Bank əsas borclu tərəfindən göstərilən məbləğin geri qaytarılması resurslarını müəyyən etmədiyindən, Mülki Məcəllənin 746-cı maddəsinə əsasən ona bu məbləği tam olaraq verməmiş və 06R000014469 saylı kredit razılaşmasına əsasən 15000 (on beş min) ABŞ dolları və 06KK********** saylı kredit razılaşmasına əsasən 2000 (iki min) ABŞ dolları məbləğində kredit vermişdir ki, zaminlər də 06R000014469 saylı kredit razılaşmasına əsasən həmin məbləğin xx.xx.2015-ci il tarixinə qədər qaytarılmasına razılıqlarını ifadə etsələr də, 06KK********** saylı kredit razılaşmasına əsasən əldə edilmiş məbləğinin geri qaytarılmasına dair hər hansı razılıqları alınmamışdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xəttinə zamin olmalarına baxmayaraq, 15000 (on beş min) ABŞ dolları məbləğində verilmiş kreditə dair zaminlərin ayrıca razılıqları alınmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarına əsasən kreditin valyutasının dəyişdirilməsi, kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına aid edilə bilər. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Qeyd edilən qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 06R000014469 saylı və 06KK********** saylı kredit razılaşmaları üzrə Cavabdeh1 5086,08 ABŞ dolları məbləğində əsas borc, 1603,49 ABŞ dolları məbləğində faiz borcu, 150 (yüz əlli) ABŞ dolları cərimə borcu olmala, ümumilikdə 6839,57 ABŞ dolları, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 13,80 (on üç manat səksən qəpik) manatı (ödənilmiş tələbin məbləğinə mütənasib olaraq) İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06R000014469 saylı və 06KK********** saylı kredit razılaşmaları üzrə Cavabdeh1 5086,08 ABŞ dolları məbləğində əsas borc, 1603,49 ABŞ dolları məbləğində faiz borcu, 150 (yüz əlli) ABŞ dolları cərimə borcu olmala, ümumilikdə 6839,57 ABŞ dolları, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 13,80 (on üç manat səksən qəpik) manatının əvəzi (ödənilmiş tələbin məbləğinə mütənasib olaraq) İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-419/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-419/2025
25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver