Məhkəmə qərarları › İş №2(045)-485/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-485/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-485/2024 30.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon məhkəməsinin hakimi X2 İddiaçı cavabdehlər Cavabdeh1 və X4 ASC-yə qarşı «alqı-satqı müqaviləsinin ləğvi» tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 ASC-yə qarşı «alqı-satqı müqaviləsinin ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında AZ2200 Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən X4 ASC-nin xx.xx.2022-ci il tarixdə (Bakı şəhərində) tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsinə, əvvəlki vəziyyətinə qaytarılmasına və ya 85%-in ½ hissəsində ona düşən paya sahib olduğuna və tərəfindən ödənilmiş mediasiya xərclərinin, dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 20 avqust 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur, hazırda da nikahdadır. AZ 2200 Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən X4 ASC-nin Nizamnaməsi xx.xx.2016-cı il tarixdə təsdiqlənmişdir. Cavabdeh1 tərəfindən 85 % səhmləri nağd pulla satınalma yolu ilə almaqla üstünlük təşkil etmişdir. Onlar, bir ailə olduğundan qanunvericiliyin tələblərinə əsasən ər-arvadın birgə nikah dövründə əldə edilən əmlaka şərik sahiblik hüququna malikdir. Qanunvericiliyin tələblərinə əsasən 85 % - əmlakın ½ hissəsi ona aid olduğu halda, ona xəbər verilmədən, razılıq əldə edilmədən xx.xx.2022-ci il tarixdə (Bakı şəhərində) cavabdehlərin səlahiyyətli etibarnamə üzrə nümayəndələri alıcı X5 ilə satıcı X1 iştirakları ilə, ona xəbər verilmədən, onun razılığı olmadan, AZ 2200 Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən X4 ASC satılmışdır. Hazırda ailə arasında narazlıq yaranmış, ailənin dağılmasına əsaslar yaranmışdır. Buna görə də cavabdehlər arasında AZ2200 Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən X4 ASC-nin xx.xx.2022-ci il tarixdə (Bakı şəhərində) tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin eibarsız hesab edilməklə ləğv edilməsinə, əvvəlki vəziyyətinə qaytarılmasına və ya 85%-in ½ hissəsində ona düşən paya sahib olduğuna və tərəfindən ödənilmiş mediasiya xərclərinin, dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli, 10 saylı qərarının məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəlin “Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə kommersiya məhkəmələri baxır” hissəsində qeyd edilmişdir ki, Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair 19 dekabr 2022-ci il tarixli 6 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, Plenum Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəlin “Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə kommersiya məhkəmələri baxır” hissəsində “(təsisçiləri, üzvləri, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər)” sözləri (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) sözləri ilə əvəz edilsin. Göründüyü kimi hazırki iddia tərəflərin subyektiv tərkibindən asılı olmayaraq hüquqi şəxsin fəaliyyətindən, eləcə də onun idarə olunmasından, iştirak payının alqı-satqısından irəli gələn tələblərə dair mübahisədir. Odur ki, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından işə ümumi məhkəmədə deyil, müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Eyni Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş 18530 saylı qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Odur ki, həmin məbləğ ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinə əsasən QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 ASC-yə qarşı «alqı-satqı müqaviləsinin ləğvi» tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verdildiyi gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar