Məhkəmə qərarları › İş №2(045)-55/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-55/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-55/2024 02.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC Cavabdeh qarşı “kredit" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22155.76 manat məbləğində faiz borcu, 34280 manat məbləğində əsas borc olmaqla, cəmi 56435.76 manat və ödənilmiş 259 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında cavabdehə 13160 manat məbləğində pulun verilməsinə dair 24 may 2021-ci il tarixli 3068 nömrəli kredit müqaviləsi bağlanılaraq 12 ay müddətinə, illki 44 faiz dərəcəsi tətbiq 13160 manat məbləğində pul verilməklə həmin tarixli ödəniş cədvəli verilmişdir. (bundan sonra 1-ci kredit müqaviləsi adlandırılacaq). Daha sonra 26 iyul 2021-ci il tarixli 30128 nömrəli kredit müqaviləsinə əsasən illik 48 faiz dərəcəsi tətbiq edilməklə 21000 manat məbləğində pulu Cavabdeh verməklə elə həmin tarixli ödəniş cədvəli təqdim etmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Goranboy rayonu Quşçular kəndində yerləşən fərdi yaşayış evi İddiaçı MMC-nin işçisi X4 adına alqı-satqı edilərək girov şəkilində qəbul edilmişdir. (kredit müqaviləsində evin girova qoyulması və qiyməti qeyd edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edilənlər öz əksini tapmışdır.) Sonda hər iki kredit müqaviləsi üzrə borc birləşdirilərək xx.xx.2021-ci il tarixli 30195 nömrəli kredit müqaviləsi bağlanmaqla Cavabdeh ödəyəcəyi pulun 34280 manat olması onunla razılaşdırılmış və 24 sentyabr 2021-ci il tarixli ödəniş cədvəli tərtib edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-201/2023 saylı qətnaməsinə əsasən Cavabdeh ilə lombardın işçisi X8 arasında başlanmış xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi etibrasız hesab edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilsədə şikayət təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Gəncə Apelyasiya Məhkəməsinin nəticə hissəsinə nəzər salarkən açıq-aşkar məlum olur ki, Cavabdeh ilə lombardın işçisi X8 arasında başlanmış xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi yalan əqd olmaqla İddiaçı MMC-nin verdiyi pulu təminat altına almaq üçün bağlanmış müqavilədir. Elə bu səbəbdən də məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Qanuni qüvvəsini almış həmin qətnamədə hər iki kredit müqaviləsinin bağlanması və daha sonra hər iki kredit müqaviləsi üzrə borc məbləğinin 34280 manat olması işin mübahisə edilməyən halı kimi qeyd edilmişdir. İşin bu mübahisəsiz halı həmçinin kredit müqavilələri, ödəniş cədvəli və kassa məxaric orderi ilə də təsdiq olunmaqdadır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-201\2023 saylı qətnaməsinə əsasən, İddiaçı MMC-nin öz pulunun təminatı qismində götürdüyü və sənədləşmə prosesində səhvə yol verərək alqısatqı müqaviləsi kimi sənədləşdirdiyi fərdi yaşayış evinə dair müqavilənin etibarsız hesab edilərək təminatdan çıxarılması iddiaçı təşkilatın pulunun tələb edilməsini istisna etmədiyindən hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Sözügedən borc tələbinin olmasını və onun tərəfindən ödənişin edilməsini Cavabdeh öz iddiasında da etiraf edilmişdir. 11 iyul 2023-cü il tarixil maliyyə arayışına əsasən Cavabdeh 11 iyul 2023-cü il tarixinə olan faiz borcu 22155.76 manat, əsas borcu 34280 manat olmaqla, cəmi 56435.76 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, 3068 saylı müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 44 faiz dərəcəsi ilə 13160 (on üç min yüz altmış) manat məbləğində anuitet qrafik əsasında kredit verilmiş, girova 3777 (üç min yeddi yüz yetmiş yeddi) manat dəyərində qızıl-zinət əşyaları götürülmüşdür; xx.xx.2021-ci il tarixli, 30128 saylı müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 21000 (iyirmi bir min) manat məbləğində anuitet qrafik əsasında kredit verilmiş, girova 10000 (on min) manat dəyərində daşınmaz əmlak (ev) götürülmüşdür; xx.xx.2021-ci il tarixli, 30195 saylı müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 44 faiz dərəcəsi ilə 34280 (otuz dörd min iki yüz səksən) manat məbləğində anuitet qrafik əsasında kredit verilmiş, girova 40000 (qırx min) manat dəyərində daşınmaz əmlak (ev) götürülmüşdür; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 11 iyul 2023-cü il tarixə 22155.76 manat məbləğində faiz borcu, 34280 manat məbləğində əsas borc olmaqla, cəmi 56435.76 manat məbləğində borcu vardır; Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-201/2023 saylı qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(125)- 272/2022 saylı qətnaməsindən iddiaçılar Cavabdeh Zakır oğlu, X6 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(125)-272/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı və X8 ilə X1 arasında bağlanımış xx.xx.2021-ci il tarixli ******* saylı alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, həmin muqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində X4 mülkiyyət hüququna dair ********** saylı qeyd və X5 qızının mülkiyyət hüququna dair ********** saylı qeydlər ləğv edilmişdir; xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh İddiaçı MMCtərəfindən verilmiş 13160 (on üç min bir yüz altmış) manat məbləğində pulu qəbul etmişdir; xx.xx.2021-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh İddiaçı MMCtərəfindən verilmiş 34280 (otuz dörd min iki yüz səksən) manat məbləğində pulu qəbul etmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024-cü il tarixli, 9/9628 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, "X11" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3068 nömrəli və xx.xx.2021-ci il tarixli 30128 nömrəli kredit müqavilələri üzrə ödənilməli olan borcu müəyyən edilmir, xx.xx.2021-ci il tarixli, 30195 nömrəli kredit müqaviləsi üzrə isə ödənilməli olan borcu xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) ümumilikdə 56.435,76 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 34280 manat və faiz borcu üzrə 22155,76 manat, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir; Hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli, 4285 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən iddia verilməsi üçün 260 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, lombard fəaliyyəti ilə məşğul olan iddiaçı ilə cavabdeh arasında ayrı-ayrı vaxtlarda kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən cavabdeh özünə məxsus olan qızılzinət əşyaları və daşınmaz əmlakı (ev) lombarda girova qoymaqla iddiaçıdan ümumilikdə 13160 manat və 21000 manat məbləğində kredit almışdır. Daha sonra həmin kredit müqavilələri birləşdirilərək xx.xx.2021-ci il tarixdə cavabdehə ümumilikdə 34280 manat məbləğində kredit verilmişdir. İddiaçı hazırda həmin kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcu tələb edir. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh öhdəliyini icra etməmiş, bununla da kreditora ziyan vurmuşdur. Buna görə də, borclu öhdəliyinin pozuntusu üçün bank qarşısında məsuliyyət daşımalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 34280 manat məbləğində əsas borc, 22155.76 manat məbləğində faiz borcu olmaqla, cəmi 56435.76 manat məbləğində borc pul və ödənilmiş 259 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Yuxarıda qeyd olununlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 34280 manat məbləğində əsas borc, 22155.76 manat məbləğində faiz borcu olmaqla, cəmi 56435.76 manat məbləğində borc pul və ödənilmiş 259 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar