Məhkəmə qərarları › İş №2(045)-650/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-650/2023

19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-650/2023 19.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 üçün təyin olunmuş alimentin miqdarı artırılaraq 220 manat həcmində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə ailə qurmuş, xx.xx.2019-cu il tarixdə nikahı qeydə alınmış, xx.xx.2019-cu il tarixdə isə qızı X4 anadan olmuşdur. Goranboy Rayon Məhkəməsinin 2(045)-964/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuş, uşağın onun yanında qalması qət edilmiş, uşağın saxlanması üçün 120 manat məbləğində aliment təyin edilmişdir. Artıq qızı 4 yaşına yaxınlaşır, uşaq böyüdükcə onun saxlanılma xərci də artır. Məhz ona görə uşaqların da yaşayış minimumun hər il səviyyəsi də artır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, “44 günlük vətən müharibəsi” iştirakçısı olduğu üçün 80 (səksən) manat miqdarında Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır, eyni zamanda taksi fəaliyyəti ilə məşğul olaraq gündəlik 10-15 manat qazanc əldə edir və hər ay 140-150 manat civarında aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 175718 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019cu il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(045)-964/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh ilə arasında 16 avqust 2019-cu il tarixdə Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 1917 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulması, boşanmadan sonra 10 oktyabr 2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, 10 oktyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 23 iyul 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 120 manat miqdarında alimentin İddiaçı verilməsi, əlavə olaraq 23 iyul 2020-ci il tarixdən başlayaraq Cavabdeh 10 oktyabr 2019-cu il təvəllüdlü X3 3(üç) yaşına çatanadək 50 (əlli) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sistemindən çıxarılmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçılığına görə 80 (səksən) manat miqdarında Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 10 oktyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh İddiaçı xeyrinə hər ay tutulan alimentin miqdarı dəyişdirilərək 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə, MPM-in 112.1.3, 124.3-cü və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2, 9.1.20-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, cavabdeh müharibə veteranı olduğu üçün dövlət rüsumunu ödəməkdən azad olunur, ona görə iddia tələbinin təmini rədd edilmiş hissəsinə (70 manat*12ay=840 manat) münasib olaraq 30 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(045)-964/2020 saylı qətnaməsi ilə 10 oktyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(045)-964/2020 saylı qətnaməsi ilə 10 oktyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar