Məhkəmə qərarları › İş №2(045)-661/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-661/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-661/2023 25.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3311.15 (üç min üç yüz on bir manat on beş qəpik) manat, faiz borcu üzrə 102.7 (yüz iki manat yetmiş qəpik) manat, cərimə borcuna görə 0.00 (sıfır) manat olmaqla, cəmi 3413.85 (üç min dörd yüz on üç manat səksən beş qəpik) manat məbləğində borcun və 55 (əlli beş) manat dövlət rüsumunun "xxxx" MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0036 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3311.15 (üç min üç yüz on bir manat on beş qəpik) manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əsasən əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətinə hər ay 2.85 (iki manat səsən beş qəpik) manat dörd il müddətinə isə hər ay 70.42 (yetmiş manat qırx iki qəpik) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinəhər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəliməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, kredit verən bu müqaviləni imzalamaqlqa kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzröə borclarını əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndindəgöstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 3311.15 (üç min üç yüz on bir manat on beş qəpik) manat, faiz borcu üzrə 102.70 (yüz iki manat yetmiş qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 3413.85 (üç min dörd yüz on üç manat səksən beş qəpik) manat təşkil edir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, **********0036 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MMM QBKT Cavabdeh1 60 (altmış) ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 3311.15 (üç min üç yüz on bir manat on beş qəpik) manat məbləğində kredit verməyi, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən göründüyü kimi Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 70.42 (yetmiş manat qırx iki qəpik) manat (sonuncu ay 70.45 manat) ödəniş etməlidir; xx.xx.2019-cu il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin kimi Cavabdeh1 3311.15 (üç min üç yüz on bir manat on beş qəpik) manat məbləğində pul vəsaitini "xxxx" MMM QBKT-yə qaytarmasına görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 3311.15 manat əsas, 102.7 manat faiz, cəmi 3413.85 manat borcu vardır; “Hökumət ödəniş portalı” sisteminin ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən "xxxx" MMM QBKT məhkəmədə iddia qaldırmaq üçün 55 (əlli beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 "xxxx" MMM QBKT tərəfindən kredit verilmiş, Cavabdeh2 borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən olunmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3311.15 (üç min üç yüz on bir manat on beş qəpik) manat, faiz borcu üzrə 102.7 (yüz iki manat yetmiş qəpik) manat, cəmi 3413.85 (üç min dörd yüz on üç manat səksən beş qəpik) manat məbləğində borc və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun əvəzi "xxxx" MMM QBKT-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3311.15 (üç min üç yüz on bir manat on beş qəpik) manat, faiz borcu üzrə 102.7 (yüz iki manat yetmiş qəpik) manat, cəmi 3413.85 (üç min dörd yüz on üç manat səksən beş qəpik) manat məbləğində borc və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun əvəzi "xxxx" MMM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar