Məhkəmə qərarları › İş №2(045)-70/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-70/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-70/2024 27.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yöndəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu X1 11203,21 (on bir min iki yüz üç manat, iyirmi bir qəpik) manat məbləğində əsas borc, 332,10 (üç yüz otuz iki manat on qəpik) manat məbləğində faiz borcu, 0 (sıfır) manat cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1038,16 (bir min otuz səkkiz manat, on altı qəpik) manat, ümumilikdə isə 12573,47 (on iki min beş yüz yetmiş üç manat qırx yeddi qəpik) manat vəsaitin, 31 (otuz bir) manat dövlət rüsumunun, 31 (otuz bir) manat DƏDRX rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evi və 0.25 ha birgə torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evi satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1 (bir) ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2-(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 27 oktyabr 2016cı il tarixli qərardadı ilə Əmanətlərin sığortalanması fondu banka ləğvedici qismində təyin edilmişdir. 13 mart 2014-cü il tarixdə Cavabdeh2 (bundan sonra - Borclu ilə İddiaçı ASC (bundan sonra - Bank) arasında 26 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcluya 15000 (on beş min) manat məbləğində, 18 (on səkkiz) aylıq güzəştlə, 36 (otuz altı) ay müddətinə, illik 6 (altı) faiz olmaqla kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 (bundan sonra - Girovqoyan) ilə Bank arasında 13 mart 2014-cü il tarixdə 26İ saylı ipoteka müqaviləsi bağlanmış və Girovqoyana məxsus olan Goranboy, rayonu Tapqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evi 0.25 ha torpaq sahəsi ilə birgə (girov) ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 sayı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2014-cü il tarixdə DƏDRX tərəfındən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın bankın xeyrinə yüklü edilməsi barədə ******* nömrəli “Çıxarış” verilmişdir. Lakin, borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 13 noyabr 2018-ci il tarixinə banka 11203,21 (on bir min iki yüz üç manat, iyirmi bir qəpik) manat məbləğində əsas borc, 332,10 (üç yüz otuz iki manat on qəpik) manat məbləğində faiz borcu, 0 (sıfır) manat cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1038,16 (bir min otuz səkkiz manat, on altı qəpik) manat, ümumilikdə isə 12573,47 (on iki min beş yüz yetmiş üç manat qırx yeddi qəpik) manat məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün İddiaçı ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında **********860 nömrəli, 28 sentyabr 2018-ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetınə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, o, həyat yoldaşı Cavabdeh2 ilə birlikdə İddiaçı ASC-dən 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə onunla bank arasında ipoteka müqaviləsi bağlanmış və ona məxsus Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evi 0.25 ha torpaq sahəsi ilə birgə (girov) ilə yüklü edilmişdir. Onun hazırda restrukturizasiya olunma nəticəsində banka 11203,21 manat məbləğində kredit borcu qalmışdır. Həmçinin bildirdi ki, ona məxsus fərdi yaşayış evinin satılmasını istəmədiyi üçün yaranmış borcu yaxın zamanda ödənilməsini təmin edəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 nömrəli 13 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC (borcverən) Cavabdeh2 (borcalan) 18 (on səkkiz) aylıq güzəştlə, 36 (otuz altı) ay müddətinə, illik 6 (altı) faiz olmaqla 15000 (on beş min) manat məbləğində kredit verməyi, Cavabdeh2 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı ASC (ipotekasaxlayan), Cavabdeh2 (borcalan) və Cavabdeh1 (ipotekaqoyan) arasında bağlanmış 13 mart 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, "Gəncəbank” ASC (ipotekasaxlayan) Cavabdeh2 (borcalan) illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə, 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verməyi, Cavabdeh1 (ipotekaqoyan) Cavabdeh2 (borcalan) 13 mart 2014-cü il tarixli 26 saylı kredit müqaviləsi üzrə və bu müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərin təminatı olaraq DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 18 noyabr 2011-ci il tarixdə verilmiş MA № ******* saylı çıxarışına əsasən Cavabdeh1 məxus olan və ipoteka kimi çıxış edən Goranboy rayonu, Tapqarqoyunlu kəndində yerləşən fərdi yaşayış evini (ipotekaqoyulmuş əmlak) 0.25 ha torpaq sahəsi ilə birgə ipotekaya qoumuş, ipoteka qoyulmuş əmlak 23000 manat məbləğində qiymətləndirilmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların X2 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən 0.25 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 204 kv/m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların X2 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən fərdi yaşayıç evi və 0.25 ha torpaq sahəsi ilə birlikdə "Gəncəbank” ASC-nin xeyrinə yüklü edilməsi barədə ********** nömrəli qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə aparılmışdır; İddiaçı ASC tərəfindən verilmiş 20 noyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 13 mart 2014-cü il tarixli, 26 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 332,10 (üç yüz otuz iki manat on qəpik) manat məbləğində faiz borcu, 0 (sıfır) manat cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1038,16 (bir min otuz səkkiz manat, on altı qəpik) manat, ümumilikdə isə 12573,47 (on iki min beş yüz yetmiş üç manat qırx yeddi qəpik) manat borcu vardır; X3 ********* nömrəli, xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi-DƏDRX 7 saylı Ərazi İdarəsinin hesabına 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir; X3 ********* nömrəli, xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi-DƏDRX 7 saylı Ərazi İdarəsinin hesabına 10 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir; X3 ********* nömrəli, xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı tərəfindən Goranboy Rayon Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir; "xxxx" MMC tərəfindən verilmiş LP-013/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evinin müqayisə yanaşması ilə hazırkı bazar qiyməti 36000 (otuz altı min) manat, likvid qiyməti 33500 (otuz üç min beş yüz) manat təşkil edir; “Problemli kreditlərin kompensasiyası” haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 LPO İddiaçı SKB-yə 11203,21 manat məbləğində kredit borcu vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, əsas öhdəliyin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evini ipoteka qoymuşdur. Lakin Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi tərəflər arasında bağlanmış müqavilə üzrə əsas borcun tutulması hissəsində əsaslıdır və bu hissədə tam təmin edilməli, Cavabdeh2 xx.xx.2014-cü il tarixli müqavilə üzrə 11203,21 manat məbləğində əsas borc cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə qədər əsas borca və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının həmin kredit müqaviləsi üzrə cavabdehdən 1370,26 manat məbləğində faiz borcunu tələb etməsi əsaslə deyildir. Belə ki, işdən görünür ki, Cavabdeh2 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndi. Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. Fərmanın 6.1. bəndi: Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 6.2. bəndi: Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 6.3. bəndi: Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. Məhkəmə iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti olan əmlakın boşaldılması tələblərini aşağıdakı maddi hüquq normalarına uyğun həll edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair); 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir; 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evini LPO İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi bağlanarkən əmlak 23000 (iyirmi üç min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh2 oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehlərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış və iddiaçının müraciəti əsasında həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh2 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, “İpotaka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinin tələblərinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsas götürülməklə, 33500 (otuz üç min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmeti hərracda satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın bir ay ərzində boşaldılması” hissəsi ilə bağlı qeyd edir ki, ipoteka predmetinin boşaldılması özündə həm həmin əmlakda yaşayan şəxslərin, həm də onların bütün əmlaklarının (onlara məxsus olan əşyaların) çıxarılmasını ehtiva edir. Məhkəmə "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinin tələblərinə istinadən vurgulayır ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əmlakdan çıxmazsa, onlar məcburi qaydada çıxarılmalıdır. Eyni zamanda məhkəmə, məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, Cavabdeh2 iddiaçının xeyrinə, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, habelə ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqının əvəzi tutulmalıdır. Bundan başqa ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul vəsaitinin 273 manat hissəsi Cavabdeh2, 27 manat hissəsi isə iddiaçı LPO İddiaçı ASC-dən tutularaq qiymətləndiricinin hesabına ödənilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11203,21 manat məbləğində əsas borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqının əvəzi tutularaq LPO İddiaçı ASC-yə ödənilməli, tutma xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər LPO İddiaçı ASC-yə ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh1 qaytarılmalı, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 33500 (otuz üç min beş yüz) manat məbləğində müəyyən edilməli, əmlak açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşayış sahəsindən çıxmazsa, onlar məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə təmin edilməməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaitinin 273 manat hissəsi Cavabdeh2, 27 manat hissəsi isə iddiaçı LPO İddiaçı ASC-dən tutularaq qiymətləndirici "xxxx" MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11203,21 manat məbləğində əsas borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqının əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Tutma xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac vasitəsilə satılsın, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 33500 (otuz üç min beş yüz) manat məbləğində müəyyən edilsin. Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fərdi yaşayış evindən çıxmazsa, onlar məcburi qaydada çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaitinin 273 manat hissəsi Cavabdeh2, 27 manat hissəsi isə iddiaçı LPO İddiaçı ASC-dən tutularaq qiymətləndirici "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: ********** (bankın VÖENİ), H/H: AZ30AZRT********************, M/H: AZ02NABZ********************, SFİFT: AZRT AZ 22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar