Məhkəmə qərarları › İş №2(045)-768/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-768/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-768/2023 04.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X2, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 qarşı (Goranboy rayonu Qızılhacılı Bələdiyyəsinin sədri Səbinə Həsənova üçüncü şəxs kimi göstərilməklə) “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 4800 manat vurulmuş maddi zərərin və 42 manat dövlət rüsumunun bərabər paylarla tutulub birdəfəyə ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət olunmamaqla verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmiş, həmçinin sonuncuların şəxsiyyət vəsiqələrinin surətləri iş materiallarına əlavə edilməmişdir. Bu isə öz növbəsində sənədlərin cavabdehlərə rəsmi qaydada verilməsini mümkünsüz edir. Bundan başqa cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməmiş, həmçinin buna dair sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları göstərməmiş və onları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddia ərizəsində MPM-in 149.2.3-cü maddəsinin tələblərinə riayət olunmayaraq cavabdehlərin hər birinə qarşı yönələn tələb göstərilməmişdir. MPM-in: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 28436 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki tələb üzrə 42 (qırx iki) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən və MPM-in 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, X2, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. 42 (qırx iki) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar