Məhkəmə qərarları › İş №2(045)-77/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-77/2024

18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-77/2024 18.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaltması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4188 manat dəymiş maddi ziyanın tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o İddiaçı, ünvan 1 ünvanında yaşayır və həmin ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Evində uzun müddətdirki, təmir-tikinti işləri aparır. Təmirlə bağlı dəfərlərlə evində çox ustalar işləmişdir. Cavabdehda onlardan biri olmuşdur. Onu yaşadığı rayonunda tərifli usta kimi tanıyır. Cavabdeh ilə arasında olan şifahi razılaşmaya görə o evinin damını və tavanını vurmalı, qarşılığında isə o ödəniş etməli idi. Cavabdeh işini bitirdikdən sonra o cavabdehə zəhmət haqqı olaraq, aralarında olan şifahi razılaşmaya uyğun dediyi pulu ödəmişdir. Bir müddət sonra yağış yağdığı zaman ona məlum oldu ki, evin damı cavabdeh tərəfindən yaxşı vurulmamışdır. Belə ki, yağış yağan zaman su navaçadan axaraq, evin divarlarını yarasız hala salır. O, haqlı tərəf olaraq, cavabdehə zəng etmiş, evin vəziyyəti barədə ona məlumat vermişdir. Bu vəziyyətin onun səhlənkarlığı səbəbindən baş verdiyini demişdir Cavabdeh isə cavabında ona gəlib düzəldəcəyini bildirmişdir. Lakin, aylar keçməsinə baxmayaraq, cavabdeh bir dəfə də olsun onun evinə gəlməmişdir. O mütəmadi olaraq, ona zəng etsə də Cavabdeh artıq onun zənglərinə belə cavab verməmiş, evinə getdiyi zaman isə ailə üzvləri onun evdə olmadığını demişdir. Ümumi nəticədə o məcbur olaraq, evin təmiri üçün başqa bir usta gətirmiş və o evə ilkin baxış keçirərək, evin damının yenidən bərpa işləri üçün hazırki vaxta qədər bütün materiallar alınmaqla 5000 manat həcmində olmasını müəyyən etmişdir. Buna maddi gücü olmadığı üçün o cavabdehə yenidən müraciət etmək məcburiyyətində qalmışdır. Yenə cavabdeh onun zənglərinə cavab vermədi. Hətta bu barədə Goranboy rayon Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh Polis Şöbəsində ifadəsi alınan zaman evin damını yenidən düzəltməyəciyini bildirmişdir. Bundan sonra Polis Şöbəsi ona müraciətinin mülki xarakterli olması barədə məktub göndərmiş və məhkəməyə müraciət etməli olduğu bildirmişdir. O da bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Cavabdehin səhlənkar hərəkətlərinə görə ona dəymiş maddi ziyan onun tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o, cavabdehə gördüyü işin müqabilində 3500 manat məbləğində zəhmət haqqı ödəmişdir. Hazırda evin çardağının yenidən təmirinə onun daha çox xərci çıxacaqdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçıya məxsus fərdi yaşayış evinin damı onun tərəfindən normal təmir olunaraq iddiaçıya təhvil verilmişdir. Aralarındakı şifahi razılaşmaya da iddiaçı əməl etməmiş və ona verilməli olan pulun 650 manatını verməmişdir. Bundan başqa iddiaçı onun təmirindən sonra yaşadığı evə 1 il sonra başqa ustalar gətirmiş və gətirdiyi ustaların səhlənkarlığı səbəbindən evi su basmışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, çardağın qüsurlu vəziyyətə düşməsinə əsas səbəb müəyyən vaxt keçdikdən sonra təmir zamanı işlədilən materialların keyfiyyətinin itməsidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyayt nömrəli, xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 246.2 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçı adına tərtib edilmişdir; “CD” diskdən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin damından yağış suyu daşaraq evin divarlarına axır; Goranboy Rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-75/2-M-13047/11/23 nömrəli məktubundan görünür ki, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli, 10/5784 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən yaşayış evinin divarları üzərində su sızma izlərinin olduğunu və çardağ tikilisinin üzərinə vurulmuş metal şiferin bezi hissələrində şiferlərinin aralı şəkildə vurulduğunu nəzərə alaaraq yaşayış evinə və çardağdan suyun axıldığı müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, tədqiq olunan yaşayış evinin və çardağ tikilsinin üzərinə vurulmuş metal şiferin biri birindən aralı olduğunu və su keçirtmə qabiliyyəti yetərincə olmadığını nəzərə alaraq yaşayış evinin damına və çardağa vurulmuş metal şiferin bir hissəsinin sökülüb yenidən vurulması zəruri olduğu müəyyən edilmiş, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və çardaq tikilsinin dam örtüyünün bərpası üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq təqribən 4188 manat məbləğində olduğu müəyyən olunmuşdur. Ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir; Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 001349 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır; 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər; 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər; 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər; 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur; 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübutetmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №li qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 39-cu fəsli (Podrat) təşkil edir. Bu halda podratçı müqavilədə nəzərdə tutulan işi icra etməli, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürməlidir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, cavabdeh müqavilədə nəzərdə tutulan işi icra etməyi, iddiaçı isə cavabdehə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh işi icra etmiş və bunun müqabilində şərtləşdirilmiş muzd almışdır. Daha sonra iddiaçı görülmüş işin qüsurlu olmasını müəyyən edərək, cavabdehdən qüsurun aradan qaldırılmasını tələb etsə də, nəticə olmamışdır. Bu halla bağlı məhkəmə qeyd edir ki, əgər icra edilmiş işin qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər, podratçı da öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər, belə olan halda podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra üçün müəyyənləşdirilmiş müddətdə qüsur aradan qaldırılmazsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini podratçıdan tələb etmək hüququ vardır. Məhkəmə, cavabdehin izahatında göstərdiyi xüsusata, yəni yaranmış qüsurun onun təqsiri ucbatından yox, digər ustaların və işlədilmiş materialların keyfiyyətinin zamanla keçməsi səbəbindən baş verməsinə dair qeyd edir ki, cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Qeyd olunanlar baxımından qüsurun aradan qaldırılması üçün çəkilən xərcin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə iddaçının evinin çardağının təmirinin qüsurlu olması, yəni çardağa vurulmuş metal şiferin bir-birindən aralı olması və su keçirtmə qabiliyyətinin yetərincə olmaması cavabdehin icra etdiyi işin nəticəsində baş verməsi tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş CD disk və ekspert rəyinə əsasən bu qənaətə gəlmək mümkündür və iddiaçının qüsurun aradan qaldırılması üçün zəruri xərci cavabdehdən tələb etməsi qanuni və əsaslıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli, 10/5784 nömrəli ekspert rəyində İddiaçı fərdi yaşayış evinin və çardaq tikilsinin dam örtüyünün bərpası üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq təqribən 4188 manat məbləğində olduğu qeyd edilmişdir. Məhkəmə ekspert rəyinin qanunvericiliyə zidd verildiyini göstərən heç bir hal müəyyən etmədiyindən, ekspert rəyini təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, Cavabdeh qüsurun aradan qaldırılması üçün çəkiləcək zəruri xərcin əvəzi olaraq 4188 manat məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.20-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, iddiaçı müharibə veteranı olduğu üçün dövlət rüsumu ödəməkdən azad edildiyindən hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli və Cavabdeh dövlət büdcəsinə 61,88 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4188 manat məbləğində pul tutulsun. Cavabdeh dövlət büdcəsinə 61,88 manat məbləğində dövlət rüsumu tutulsun. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar