Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-803/2024 14.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 dekabr 2009-cu il təvəllüdlü X5 və 28 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdatının artırılaraq, hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-533/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə olan nikahımızdan 18 dekabr 2009-cu ildə doğulmuş X5 və 28 oktyabr 2015-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaqları üçün Goranboy Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(045)-777/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdatı artırılaraq, hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda uşaqların məktəb xərcləri artmış, onların məktəbdən kənar əlavə xərcləri yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2024-cü ildə bir uşağın yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Odur ki, cavabdehdən tutulan alimentin məbləği artırılmalı, hər ay sabit pul məbləği ilə 250 manat aliment cavabdehdən tutulub mənə ödənilməlidir. Cavabdeh taksi sürücüsü kimi fəaliyyət göstərir, şəxsi yük avtomobili var, təsərrüfatı, malqarası vardır. Onun kifayət qədər imkanı vardır ki, hər uşağa hər ay 250 manat aliment ödəsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğini hər ay vaxtlı-vaxtında ödəyir. Hazırda işsizdir və təxminən 8 ay olar ki, yeni iş axtarışındadır. Ona görə də iddia tələbində qeyd edilən aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 702122 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 531418 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18 dekabr 2009-cu ildə Bakı şəhər, Sabunçu rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Məhkəməsinin 2(045)-533/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, 18 dekabr 2009-cu il təvəllüdlü X3 və 28 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində müəyyən edilmişdir; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında ********** nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən 20 saylı ərazi məşğulluq mərkəzində işsiz kimi qeydiyyata alınmışdır. Arayışın etibarlıq müddəti xx.xx.2023; Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay bir uşaq üçün 250 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 18 dekabr 2009-cu il təvəllüdlü X5 və 28 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə alimentin miqdarı hər ay hər uşaq üçün 170 (bir yüz qyetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh 30 manat (60 manat*12ay=720 manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 2(045)-533/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə 18 dekabr 2009-cu il təvəllüdlü X5 və 28 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 (bir yüz qyetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-533/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə 18 dekabr 2009-cu il təvəllüdlü X5 və 28 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 (bir yüz qyetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-803/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-803/2024
14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver