Məhkəmə qərarları › İş №2(045)-804/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-804/2024

05.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-804/2024 05.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş 3230 (üç min iki yüz otuz) manat məbləğində ziyanın və mütəxəsiss rəyinin almması üçün ödədiyi 100 (bir yüz) manat pulun alnaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin oktyabr ayında ona məxsus "Mitsubishi" markalı, "Pajero" modelli avtomobilin mühərrikinin yığılması üçün Gəncə şəhəri, Avtozavod qəsəbəsində 11-ci küçədə öz evinin həyətində fəaliyyət göstərən Cavabdeh müraciət etmişdir. Aralarında olan razılaşmaya əsasən o ustanın xidmət haqqısını və avtomobilin mühərrikinin saz vəziyyətə gətirilməsi üçün lazım olan ehtiyyat hissələrinin cavabdeh tərəfindən alınması üçün Cavabdeh müxtəlif vaxtlarda cəmi 3205 manat pul vermişdir. 2023-cü ilin noyabr ayında o, avtomobilini Cavabdeh təhvil alanda avtomobilin mühərrikində müəyyən səslər olduğuna görə Ramin ona dedi ki, bir müddət sürəndə sonra səs-küy itəcək. O, avtomobilini 600 kilometr sürdükdən sonra avtomobilin mühərriki yenidən döydü (yəni sıradan çıxdı). O, avtomobilini evakuator vasitəsi ilə Cavabdeh fəaliyyət göstərdiyi yerə aparmışdır. Cavabdeh mühərriki sökəndən sonra dedi ki, ehtiyyat hissələrinin pulu sən verəcəksən onun zəhmət haqqı isə pulsuz olacaq o da Cavabdeh dediyi şərtlərlə razılaşmadı. Belə ki, ehtiyyat hissələrini Cavabdeh aldğına görə cavabdehliyi də o, daşımalıdır. Bundan sonra Cavabdeh onun dediyi şərtlərlə razılaşmadı və dedi ki, get hara müraciət edirsən et. Bundan sonra o, Cavabdeh ona vurduğu maddi ziyanla bağlı Gəncə şəhəri, 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Gəncə şəhəri, 1-ci X2 Bölməsinin adını xatırlamadığı təhqiqatçısı onların izahatlarını alıb yola saldı və işin nəticəsi ilə bağlı, cavab məktubunun ünvana göndəriləcəyini bildirdi. Gəncə şəhər, 1-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 57-1/2-Z-27945/11/24 nömrəli cavab məktubuna əsasən onun polis şöbəsinə etdiyi müraciət mülki xarakter daşıdığından dəymiş ziyanın mülki qaydada qarşı tərəfdən tələb olunması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Bundan sonra o avtomobilinə dəymiş ziyanın müəyyən edilməsi üçün ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən verilmiş ƏQ-312/2024 saylı, xx.xx.2024-cii il tarixli mütəxəsiss rəyinə əsasən onun avtomobilinin mühərrikinin saz vəziyyətə gətirilməsi üçün 3230 manat məbləğində pulun lazım olduğu göstərilmişdir. (rəyin əsli işə əlavə olunur). Ona görə də o avtomobilinə dəymiş maddi ziyanın Cavabdeh alınıb ona verilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qeydiyyat ünvanı ünvan 3ir ki, onun iddiası tam əsaslıdır və qanunidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, ona məxsus "Mitsubishi" markalı, "Pajero" modelli avtomobilin mühərrikinin yığılması üçün Cavabdeh müxtəllif vaxtlarda 3205 manat pul vermişdir. O, avtomobilini 600 kilometr sürdükdən sonra avtomobilin mühərriki yenidən sıradan çıxmışdır. Hazırda o, avtomobilinə vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb edir. Verilmiş suala cavab olaraq bildirdi ki, mühərrik siradan çıxdıqdan sonra o, yeni təmir sexinə müraciət etmiş və avtomobili saz vəziyyətə gətirilmişdir. Mühərrikin sıradan çıxma səbəbini müəyyən etmək üçün cavabdehlə birlikdə başqa avtoservisə getməyə nə vaxtı, nə də ki, maddi imkanı olmuşdur. Cavabdehə 3205 manat ödəsə də, əlavə olaraq 25 manat yol xərci çıxdığına görə, ümumilikdə 3230 manat tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onun tərəfindən təmir işləri keyfiyyətli şəkildə aparılmış və avtomobil saz vəziyyətə gətirilərək İddiaçı təhvil verilmişdir. Lakin, iddiaçı tərəfindən texniki qaydalara riayət edilməyərək mühərriki qızdırmış və mühərrikin yenidən sıradan çıxmasına səbəb olmuşdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o, neçə dəfə mühərrikin sıradan çıxma səbəbini müəyyən etmək üçün iddiaçıya istənilən avtoservisə getməyi təklif etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək getməkdən yayınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" MMC tərəfindın verilmiş 14 mart 2024-cü il tarixli hesabatından görünür ki, İddiaçı məxsus "Mitsubishi" markalı, "Pajero" markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1995-ci il buraxılışlı, “Gümüşü göy xətt” rəngli, universal tipli, minik avtomobilin mühərrikinin saz vəziyyətə gətirilməsi üçün ziyanın xx.xx.2024-cü il tarixə real bazr qiyməti 3230 manat təşkil edir; "xxxx" MMC tərəfindən verilmiş GST 20846147 nömrəli, 14 mart 2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı daşınar əmlaka dəymiş ziyanın müəyyən edilməsi üçün 100 manat vəsait mədaxil etmişdir; AA seriyalı, 360288 nömrəli, məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə məcburi köçkün kimi qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26sentyabr 2024-cü il tarixli, 9Ə5434-8/1942 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsindən görünür ki, mühərrikin sıradan çıxmasının səbəbi ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən müəyyən edilə bilər. Bundan başqa iş materiallarında olan "xxxx" MMC tərəfindın tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ƏQ-312/2024 nömrəli qüsur aktı məlumatlarına əsasən 1995-ci il buraxılışlı, "Mitsubishi" markalı, "Pajero" modelli, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1950 manat müəyyən edilmiş, o cümlədən dəyişlməli hissələrin qiyməti 960 manat, təmir-bərpa işlərinin qiyməti 990 manat təşkil edir. Ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında "Mitsubishi" markalı, "Pajero" modelli avtomobilin mühərrikinin yığılması barədə şifahi podrat müqaviləsi bağlanmış və müqaviləyə uyğun olaraq cavbadeh Cavabdeh həmin avtomobilin mühərrikini saz vəziyyətə gətirərək, İddiaçı təhvil vermişdir. İddiaçının da iddiasına görə həmin şifahi razılaşmaya əsasən cavabdehə 3205 manat ödəniş etmişdir. Daha sonra iddiaçı avtomobili bir müddət idarə etdikdən sonra mühərriki təkrar sıradan çıxmışdır. Hazırda iddiaçı avtomobilin təmirinə ümumilikdə çəkmiş olduğu pul vəsaitini cavabdehdən tələb edir. Cavabdeh isə avtomobildə yaranmış nasazlığın onun tərəfindən icra edilmiş təmirin qüsurlu olmasından qaynaqlanmadığını, iddiaçının öz məsuliyyətsizliyi ucbatından baş verdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin üzərinə qoyula bilər. Məhkəmə qeyd edir ki, İddiaçı sifarişçi kimi işlərin qüsurlu olduğunu gördüyü istənilən vaxt işi dayandırmaq və yaxud əlavə icra, yəni işləri cavabdehin hesabına yenidən görülməsini tələb etmək hüququna malik olmuşdur. Lakin işin müəyyən olunmuş həqiqi hallarından görünür ki, iddiaçı cavabdehə qarşı elə bir tələb irəli sürməmiş, nə də qüsurların olduğuna görə işlərin görülməsini dayandırmamışdır. İddiaçı hətta təmir işləri qurtardıqdan bir müddət sonra ona məxsus "Mitsubishi" markalı, "Pajero" modelli avtomobili idarə etmiş və avtomobildə yenidən nasazlıq yaranan zaman işlərin qüsurlu olmasını bildirmişdir. İddiaçının istinad etdiyi həmin dəlillər işin həqiqi hallarına uyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə): 752.1–ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 759.1–ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; 759.2–ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər; 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Göründüyü kimi podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Mülki Məcəllənin: 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolmavə ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur; 774-cü maddəsinə əsasən əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur; 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, mühərriki təmir edildikdən sonra iddiaçı avtomobili cavabdehdən təhvil alaraq təyinatı üzrə istifadə etmiş (600 km məsafə qət etmiş), lakin həmin müddət ərzində avtomobilin mühərrikində hansısa bir qüsurun olması barədə cavabdehə iradını bildirməmişdir. Eləcə də, iddiaçı həmin qüsurların təmirdən əvvəl və yaxud sonra əmələ gəlməsinə, həmçinin həmin qüsurların yaranması ilə cavabdehin hərəkəti arasında səbəbli əlaqənin olmasına dair sübut təqdim etməmişdir. Belə olan halda avtomobilin iddiaçıya verildiyi andan təsadüfən məhvolma və ya zədələnmə riski iddiaçının üzərinə düşür. Çünki iddiaçı nə cavabdehin qarantiya müddəti üzrə öhdəlik götürmələrini, nə mühərrikdə olan qüsuru bilərəkdən gizlətməsini, nə də qüsurun onun təqsirli hüquqa zidd hərəkətləri nəticəsində əmələ gəldiyini sübut edə bilməmişdir. Halbuki, iddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün ilk öncə tərəflər arasında öhdəliklərin yaranma əsaslarını, cavabdehin öz öhdəliklərini icra etməməsini və öhdəliklərin icra edilməməsinə görə ona zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı aralarında olan şifahi podrat müqaviləsi üzrə vurulmuş zərərin əvəzi olan 3230 (üç min iki yüz otuz) manat məbləğində maddi ziyan və mütəxəsis rəyinin alınması üçün ödədiyi 100 (bir yüz) manat pulun alınaraq ona verilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( Az. MEM VÖEN **********; hesab: AZ34CTRE**********0002088501, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE**********0002088501, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar