Məhkəmə qərarları › İş №2(045)-867/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-867/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-867/2024 05.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(045)-485/2022 saylı qətanaməsinə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində müəyyən edilmiş 193 manat alimentin miqdarının artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında verdiyi izahatında İddiaçı nümayəndəsi Nümayəndətələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı nikahları 2014-cü il tarixdə bağlanmışdır. Birgə nikahdan bir uşaq doğulmuşdur: 10 noyabr 2014-cü il tarixdə doğulmuş X3. Goranboy rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(045)-485/2022 saylı qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, azyaşlı uşağının saxlanılması üçün cavabdehdən hər ay 193 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Goranboy rayon məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(045)-485/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 193 manat alimentin məbələği çox aşağıdır, həmin məbləğə indiki dövrdə azyaşlı uşağı saxlamaq olduqca çətindir. 2022-ci ildən sonra uşağın yaşayış minimumu artmışdır. Odur ki, hazırda müraciət etməklə cavabdehdən hər ay sabit pul məbləğində 235 manat aliment tələb edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Goranboy Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(045)-485/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 24 yanvar 2014-cü il tarixdə Goranboy rayon Hazırəhmədli kənd İƏD nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydi kitabında 01 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılmış, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 192 manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər arasında 24 yanvar 2014-cü il tarixdə Goranboy rayon Hazırəhmədli kənd İƏD nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydi kitabında 01 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılmış, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 192 manat alimentin tutulması qət edilmişdir. İddiaçı uşağın artan xərcləri nəzərə alınaraq uşaq üçün hər ay cəmi 235 manat sabit pul məbləğinə aliment tələb edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqların saxlanmasının minimum xərci kimidə 235 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda xx.xx.2014-cü il tarixdə doğulmuş X2 böyüdükcə hər il artan xərclərini, cavabdehin hazırda daimi iş yerinin olmasını nəzərə alaraq hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(045)-485/2022 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə doğulmuş X1 üçün hər ay cəmi 193 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahından doğulmuş Ayan adlı uşaqlarının yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay cəmi 210 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddia tələbində cavabdehdən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(045)-485/2022-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh uşaq üçün hər ay cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh alimentin alınması iddiası üzrə qanunvericiliklə müəyyən olunmuş iddia qiymətinə müvafiq olaraq 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar