Məhkəmə qərarları › İş №2(045)-89/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-89/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-89/2024 16.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1881.71 manat əsas, 48.38 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1930.09 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 39,71 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə mərhum X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 48 ay müddətinə illik 33% ödəmək şərtilə 2100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Goranboy Rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə X2 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin, bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi və Cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiklərini və onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Rеspublikası Mülki-Prosеssual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2013-cü il tarixli, 10571nkKPZ/13 nömrəli kredit müqaviləsindən görünür ki, X3 48 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 2100 manat məbləğində kredit verilmişdir; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2013-cü il tarixli, 10571nkKPZ/13 nömrəli kredit müqaviləsi üzrə 1881.71 manat əsas, 48.38 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1930.09 manat məbləğində borcu vardır; Goranboy rayonu Qazanbulaq qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 686926 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə “diobetik koma” səbəbindən ölmüşdür; “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh ölmüş şəxs X2 qanun üzrə vərəsəsidir (miras əmlak Müdafiə Nazirliyində ayrılmış paltar pulu); Hökumət ödəniş portalının xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC məhkəmədə iddia qaldırmaq üçün 39,31 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 "xxxx" KB ASC tərəfindən kredit verilmiş, X4 "xxxx" KB ASC-dən pulu qəbul etmiş, kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. X4 xx.xx.2014-cü il tarixdə vəfat etmiş, Cavabdeh borcalanın vərəsəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə yuxarıda sadalanan hüquq normalarına əsasən qeyd edir ki, X2 öldüyü tarixədək hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən onun vərəsəsi Cavabdeh münasibətdə iddia tələbi qismən əsaslı hesab edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" KB ASC iddia tələbində 39,71 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıki tələb üzrə 39,31 manat dövlət rüsumu ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,4 manat xidmət haqqı tutulmuşdur. İddiaçının xidmət haqqının tutulması ilə bağlı tələbi olmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1881.71 manat əsas borc, 48.38 manat faiz borcu, cəmi 1930.09 manat borc və 39.31 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1881.71 manat əsas borc, 48.38 manat faiz borcu, cəmi 1930.09 manat borc və 39.31 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar