Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-937/2023 23.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştiraklı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyul 2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay tutulan 100 (bir yüz) manat alimentin artırılaraq 200 (iki yüz) manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahdan 17 iyul 2009-cu il təvəllüdlü X3 adlı bir uşağı doğulmuşur. Goranboy Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 2(045)-513/2020 saylı qətnaməsinə əsasən oğlu Nihadın saxlanılması üçün cavabdehdən hər ay 100 (bir yüz) manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh bir dəfə də olsun uşağına alimentdən başqa maddi köməklik göstərməmişdir. O isə uşağını günün tələblərinə uyğun saxlamaqda çətinlik çəkir. Artıq uşaq böyümüş və tələbatları da artmışdır. Buna görə də alimentin artırılmasını məhkəmə qaydasında tələb etməyə məcbur olmuşdur. Alimentin təyin olunduğu vaxtdan 3 il müddət keçmişdir. Hazırda bir uşağın saxlanılması üçün yaşayış minimumu 220 manatdır. Uşaq böyüdükcə tələbatları da artır, 100 manat alimentlə uşaq saxlamaq mümkün deyil. Cavabdeh isə könüllü olaraq ona uşağı saxlamaq üçün alimentdən başqa maddi köməklik etmir. Cavabdehlə Mediasiyada razılığa gələ bilməmiş, ancaq cavabdehin qazancı yaxşıdır, onun ayda bir uşaq üçün 200 manat aliment ödəməyə imkanı çatır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, 200 manat aliment tələb etsə də, cavabdeh 130 manat aliment ödədiyi təqdirdə o məbləğlə də razıdır. Odur ki, məhkəmədən qeyd edilənlərə uyğun qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və məhkəməyə ünvanlandığı ərizədə işləri ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və onun iştirakı olmadan qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 323538 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 17 iyul 2009-cu ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 286177 nömrəli nikahın pozulması haqqında şəhadətnamınin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2018-ci ildə pozulmuşdur; Goranboy Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(045)-513/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 17 iyul 2009-cu il təvəlüldlü X1 üçün hər ay tutulan alimentin miqdarı dəyişdirilmiş və bir uşağa görə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir; Məhkəmə, iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqlarının saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 200 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 17 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh 30 manat (30 manat*12ay=360 manat) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(045)-513/2020 saylı qətnaməsi ilə 17 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(045)-513/2020 saylı qətnaməsi ilə 17 iyul 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-937/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-937/2023
23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver