Məhkəmə qərarları › İş №2(045)-971/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-971/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-971/2024 21.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(045)-1110/2023 saylı qətnaməsi ilə 30 avqust 2010-cu il təvəllüdlü X3 və 23 oktyabr 2012-ci il təvəlüldlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 noyabr 2010cu il tarixdə nikahı Goranboy rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadığı müddətdə iki uşağı olmuşdur. X6 30 avqust 20210-cu il təvəllüdlü və X8 23 oktyabr 2012-ci il təvəllüdlü. Cavabdehlə ailə münasibətləri onun təqsiri ucbatından pozulmuşdur. Goranboy rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(045)-184/2022-ci il tarixli qətnaməsinə əsasən nikah qeydi pozulmuş, cavabdeh uşaqlarından imtina etdiyi üçün, uşaqları onun himayəsinə verilmişdir. O, cavabdehdən əvvəlcə aliment istəməmiş, fikirləşirdi ki, yəqin ki, bir ana kimi uşaqları ilə görüşər, onların təhsilində, tərbiyəsində və sair iştirak edər. Lakin, cavabdeh elə bil ayrılmağı gözdəyirmiş. Ayrıldıqdan dərhal sonra ərə getdi, uşaqlarını, bütün ana qayğılarını unutdu. O da Goranboy rayon Məhkəməsində “aliment tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş, iddiası qismən təmin olunmuşdur. Bu barədə olan Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-1110/2023 saylı qətnaməsini məhkəməyə təqdim edir. Diqqətinizə çatdırmaq istəyir ki, hazırda məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləğinin miqdarı uşaqların heç bir təlabatının ödənilməsinə yetmir. Respublikada bazar qiymətləri hər gün artır. Bundan başqa uşaqlar orta məktəbdə yuxarı siniflərdə oxuyurlar, onların gündəlik təlabatları var. Cavabdeh isə analıq vəzifələrini tamam unutmuşdur. Heç elə bil bu uşaqlar onun da uşaqları deyil. Buna görə də o “aliment məbləğinin miqdarının artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olur. Elə bilir ki, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun olmalıdır. Bildiyinə görə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimu haqqında”Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Ümüd edir ki, məhkəmə onun iddia tələbini əsaslı hesab edib uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün qət edilmiş alimentin miqdarını artırıb bir uşaq üçün 220 manat, iki uşaq üçün 400 manata çatdıracaqdır. Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmişdir. Bu barədə olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışı məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, birgə nikahdan doğulmuş uşağın məktəb xərcləri artmış, onun məktəbdən kənar əlavə xərcləri yaranmış və məhkəmə tərəfindən təyin olunan aliment məbləği qeyd etdiyi xərcləri ödəməyə yetmir. Cavabdeh təyin edilmiş aliment məbləğinidə vaxtlı-vaxtında ödəmir, hər ay cəmi 25 manat ödəniş edir. Verilmiş suala cavab olaraq bildirdi ki, cavabdehin iş və gəliri barədə məlumatı yoxdur. Bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh işləmir və hazırda heç bir gəlirə malik deyildir. İddiaçı ilə arasında nikah pozulduqdan sonra yenidən ailə qurmuş və uşağı doğulmuşdur. Cavabdehin əri fəhləliklə məşğuldur və ailəsini çətinliklə dolandırır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 993635 nömrəli arayışdan görünür ki, X9 23 oktyabr 2012-ci il tarixdə, Goranboy rayonunda doğulmuşdur, atası İddiaçı, anası Cavabdeh; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 560185 nömrəli arayışdan görünür ki, X6 30 avqust 2010-cu il tarixdə Goranboy rayonunda doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır; Goranboy rayon Məhkəməsinin 2(045)-184/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Goranboy rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 408 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 30 avqust 2010-cu il təvəllüdlü X6 və 23 oktyabr 2012-ci il təvəllüdlü X8 ataları İddiaçı yanında saxlanılması müəyyən edilmişdir; Goranboy rayon Məhkəməsinin 2(045)-1110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq 30 avqust 2010-cu il təvəllüdlü X3 və 23 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı yanında saxlanılması müəyyən edilmişdir; Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtinə görə təyin edilmiş alimentin məbləğinin dəyişdirilməsi yalnız o halda ola bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişlik olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan hüquq normasının tələbi baxımından iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hazırki vaxtda olan maddi vəziyyəti aliment təyin edilən vaxtdan daha yaxşı olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür ki, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən iddia ərizəsinə əlavə edilmiş Goranboy rayon Məhkəməsinin 2(045)- 184/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Goranboy rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış nikah akt qeydi pozulmuşdur. Goranboy rayon Məhkəməsinin 2(045)-1110/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq 30 avqust 2010-cu il təvəllüdlü X3 və 23 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Göründüyü kimi məhkəmə qətnaməsinin qəbul edilməsindən və alimentin məbləğinin təyin edilməsindən cəmi 9 ay keçdikdən sonra iddiaçı alimentin artırılması iddiası ilə yenidən məhkəməyə müraciət etmişdir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, iddia tələbini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar