Məhkəmə qərarları › İş №2(046)-1023/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1023/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1023/2021 04.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində 04 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh notarial qaydada bağlanmış müqaviləyə əsasən 30.000 manat borc pul vermiş, cavabdeh həmin pulu 22.06.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. 16.02.2021-ci ildə cavabdehə pretenziya məktubu göndərmiş, cavabdeh həmin məktubu 18.02.2021-ci il tarixdə almış, cavabdeh borcun qaytarılması ilə bağlı heç bir tədbir görməmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı ilə borc müqaviləsi bağlamış, borc müqaviləsi üzrə İddiaçı 30.000 manat borcu 22.06.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Dəfələrlə cavabdehə borcun müqabilində torpaq sahəsi təklif etmişdir. Lakin iddiaçı həmin torpaq sahəsini qəbul etməmişdir. İddiaçıya borclu olduğu 30.000 manatı qaytaracaqdır. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 22.06.2017-ci il tarixli notarial qaydada bağlanmış kredit müqavilənin surətindən görünür ki, İddiaçı Cavabdeh 22.06.2020-ci il tarixədək qaytarmaq şərti ilə 30.000 manat borc pul vermişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh 22.06.2017-ci il tarixdə notarial qaydada tərtib edilmiş müqaviləyə əsasən 22.06.2020-ci il tarixədək qaytarmaq şərti ilə 30.000 manat borc pul vermişdir. Cavabdeh həmin pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 30.000 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 30.000 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 30.000 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar