Məhkəmə qərarları › İş №2(046)-106/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-106/2022

04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-106/2022 04.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 525 manat əsas borc, 1118.25 manat cərimə borcu olmaqla, cəmi 1643.25 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştiraki olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında 21.05.2019-cu il tarixli, AR479 saylı “Alqı-satqı müqaviləsi” bağlanmış və həmin müqaviləyə uyğun olaraq eyni tarixli təhvil-təslim aktı tərtib edilərək dəyəri 1400,00 manat olan “Samsung” markalı Samsung A8 plus gb32 model mobil telefon Cavabdeh1 satılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan 21.05.2019-cu il tarixli “Alqı-satqı müqaviləsi”ndən irəli gələn öhdəliklərin icra edilməsinin təmin edilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında 21.05.2019-ci il tarixli AR479 saylı “Zaminlik müqaviləsi” bağlanmış və Cavabdeh2 Cavabdeh1 21.05.2019-cu il tarixli “Alqı-satqı müqaviləsi” üzrə öhdəlikləri tam şəkildə icra edilənədək onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və alınan malın dəyərini ödəməmişdirlər. "xxxx" MMC-nin adı dəyişdirilərək İddiaçı MMC adlandırılmış və bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 06 iyul 2020-ci il tarixdə şirkətə yeni çıxarış təqdim edilmişdir.Hazırda cavabdehlərin İddiaçı MMC-yə əsas borcu 525,00 manat və gecdikdirilmiş gün sayma görə cərimə borcu 1118,25 manat, ümumilikdə 1643,25 manat təşkil edir.Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 21.05.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında nisyə satış müqaviləsi bağlanmış, Cavabdeh1 1400 manat məbləğində Samsung markalı telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş 21.05.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, DASTAK GROUP 2017 MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə 525 manat əsas borc, 1118.25 manat cərimə borcu vardır. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında nisyə satış müqaviləsi bağlanmış, cavabdehə 1400 manat məbləğində Samsung markalı telefon satılmışdır. Həmin müqavilənin təminatı kimi Cavabdeh2 iddiaçı ilə zaminlik müqaviləsi bağlamış, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu malın dəyərini müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə 1118.25 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 8.25 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 525 manat əsas borcu, 8.25 manat cərimə borcu olmaqla, cəmi 533.25 manat borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 525 manat əsas borcu, 8.25 manat cərimə borcu olmaqla, cəmi 533.25 manat borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar