Məhkəmə qərarları › İş №2(046)-1093/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1093/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1093/2020 21.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İsmayıl oğlunun iştiraki ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İsmayıl oğlundan 5500 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, 2018-ci ilin iyun ayında həyətyanı sahəsində yetişdirdiyi pomidor məhsulunu həmkəndlisi Cavabdeh1 vasitəçiliyi ilə Göyçay Rayon Bığır kənd sakinləri Cavabdeh2 və Cavabdeh3 nisyə satmışdır. Cavabdehlərə pomidorun alqı-satqısı zamanı nağd hesablaşma haqqında razılaşması olmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhsulun satışı mövsümündə bir neçə dəfə nağd pulla alqı-satqı etmişdir. Lakin sonuncu pomidor yığımında məhsul toplanıb yola salınanda cavabdehlər bildirmişlər ki, nağd pulları yoxdur, onun pulunu iki gündən sonra tam şəkildə ödəniləcəyinə vəd vermişlər. İki ildən artıq müddətdir ki, pomidor məhsulunun pulunu ödənməsini cavabdehlər gecikdirirlər. Cavabdelərlə onun arasında olan alqı-satqı problemi barədə yerli idarə etmə və icra strukturlarında görüşləri olmuşdur. Bu görüşlərin heç bir nəticəsi olmamışdır. Dəfələrlə cavabdehlərə müraciət edərək pulunu tələb etsə də heç bir nəticəsi olmamışdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, 2018-ci ilin iyun ayında İddiaçı məxsus pomidor məhsulunuMəbudun vasitəçiliyi ilə nisyə almışlar. Həmin vaxt Rac ilə qazanca şərikli qaydada işləmişlər və həmin məhsulu alaraq qardaşı Ağayev Tapdığın yaşadığı Rostov şəhərinə satmaq üçün göndərmişdir. Həmin vaxt digər şəxslərdən alınmış pomidor məhsulunun bir hissəsini X6 göndərmiş, həmin məhsulun pulu tam şəkildə ödənilmiş, lakin onun tərəfindən qardaşı X2 Rostov vilayətinə göndərilmiş pomidor məhsulunun dəyəri olan cəmi 17000 ABŞ dolları məbləğində pul ödənilməmişdir. Rusiyanın Rostov şəhərinə qardaşı Tapdığa göndərdiyi pomidor məhsulu çürümüş, buna görə də satılmamışdır. Bu ərəfədə qardaşı Tapdıq xəstələndiyindən malın satılmasına nəzarət edə bilməmişdir. İddiaçıya vurduğu ziyanın bir qismini yəni 10400 manatını evdə olan qızıl-zinət əşyalarını sataraq ödəmişdir. Bundan sonra qardaşı Tapdıq Azərbaycana gəlmiş, həmin məhsulun dəyərinin borclu olduqları Ləkçıplaq kənd sakinləri ilə görüşmüş, həmin görüşdə Ləkçıplaq kənd icra nümayəndəsi X7 da iştirak etmişdir. İddiaçı Rüstəm xəstə olduğundan pula ehtiyacı olmuş, qardaşı Tapdıq Rüstəmə 700 manat ödəmişdir. Həmin vaxt Rüstəmə borclu olduğu pulu qardaşı Tapdıqla birlikdə işləyərək ödəyəcəyinə öhdəsinə götürmüşdür. Yenidən qardaşı xəstə olduğundan borlcu olduqları pulu ödəyə bilməmişdir. Hazırda qardaşı Tapdıq Rostovda xəstə olduğudan işləyə bilmir. İddiaçıya borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etiraz ərizəsini müdafiə edərək göstərmişdir ki, Cavabdeh2 və Cavabdeh3 2018-ci il tarixdə ona müraciət edərək Ləkçıplaq kəndi ərazisindən pomidor almaq istədiklərini bildirmişlər. Onlara kənddə pomidor satanların yaxşı tanıdığını, pomidorun 1 yeşiyinin qarşılığında 50 qəpik zəhmət haqqı alacağını bildirmişdir. Razılaşdıqdan sonra Teymur və Rac ilə bilikdə kənd sakinlərindən pomidor almağa başlamışlar. Bütün alış qiymətlərini və malın nağd və ya nisyə olmasını Teymurla və Rac özü sakinlər ilə razılaşdırmışdır. Ancaq özü heç bir kənd sakininə o cümlədən Rüstəmə pomidoru nisyə satmasını təklif etməmişdir. Pomidor mövsümü bitdikdən sonra Rac və Teymurun kənd sakinlərinə ümumilikdə 12000 manatdan çox nisyə alınmış pomidorun borcu qalmışdır. Bir müddət sonra sakinlər ondan pullarını tələb etdikdə bu barədə Raca və Teymura bildirmişdir. Bundan sonra kənd sakinləri Aqilə, Rüstəmə, İlqara, Müşviqə və Namiqə borclu olduqları pulun onun tərəfindən deyil yəni pomidor alan Rac və Teymurun qaytaracağını bildirmişdir. Daha sonra 2018-ci ilin avqust ayında Ləkçıplaq kənd icra nümayəndəsi Aydın Əliyev ona zəng edərək kənd icra nümayəndəliyinə dəvət etmişdir. Həmin vaxt icra nümayəndəliyində Aqil, Rüstəm, İlqar, Müşviq, Namiq, Rac və Teymur orada olmuşdur. Ləkçıplaq kənd icra nümayəndəsi Aydın Əliyevin xidməti otağında bildirmişdir ki, kənd sakinlərinə heç bir borcu yoxdur. Bu zaman Teymur sakinlərə bildirmişlər ki, “Məbudun sizə borcu yoxdur biz xurma sezonunda sizlərin yəni, Aqilin, Rüstəmin, İlqarın, Müşviqin və Namiqin borcunu qaytaracaq”. Buna görə də iddianın ona qarşı qaldırılan hissədə rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh3 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etiraz ərizəsini müdafiə edərək göstərmişdir ki,Cavabdeh2 ilə birlikdə Cavabdeh1 müraciət edərək Ləkçıplaq kəndi ərazisindən pomidor almaq istədiklərini bildirmiş, Cavabdeh1 pomidorun bir yeşiyinin qarşılığında 50 qəpik zəhmət haqqı alacağını bildirmişdir. Razılaşdıqdan sonra kənd sakinlərindən pomidor almışlar. Bütün alış qiymətlərini və malın nağd və ya nisyə olmasını Teymurla birlikdə sakinlər ilə razılaşdırmışdır. Pomidor mövsümü bitdikdən sonra Teymurun kənd sakinlərinə ümumilikdə 12000 manatdan çox nisyə alınmış pomidorun borcu qalmışdır. Həmin borc Teymura və qardaşı Tapdığa aid borcdur. Belə ki, bütün yığılan məhsulları Teymur qardaşı Tapdığa Rostov şəhərinə göndərmişdir. 2018-ci ilin avqust ayında Ləkçıplaq kənd icra nümayəndəsi Aydın Əliyev onlara zəng edərək kənd icra nümayəndəliyinə dəvət etmişdir. Nümayəndəliyə gələn zaman orada Teymur, Məbud, Aqil, Rüstəm, İlqar, Müşviq, Namiq də orada olmuşdur. Ləkçıplaq kənd icra nümayəndəsi Aydın Əliyevin xidməti otağında söhbət zamanı Teymur sakinlərə bildirmişdir ki, “Məbudun və Racın sizlərə borcu yoxdur mən və qardaşım xurma mövsümündə sizlərin borcunuzu qaytaracayıq.” Daha sonra məlum olmuşdur ki, Teymur qardaşı Tapdıqla birlikdə Ləkçıplaq kənd sakinləri ilə yenidən görüşərək borcu tez bir zamanda qaytaracağına söz vermişlər. Onun iddiaçıya heç bir borcu yoxdur. Buna görə də iddia tələbinin ona qarşı qaldırılan hissədə rədd edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində ifadə vermiş X7 göstərmişdir ki, Göyçay rayonu Ləkçıplaq kənd icra nümayəndəsi vəzifəsində işləyir. Hazırki mübahisənin böyüməməsi məqsədi ilə tərəfləri kənd icra nümayəndəliyinə çağırmışdır. Həmin vaxt Cavabdeh2 bildirmişdir ki, digər cavabdehlər Rac və Məbudun Ləkçıplaq kənd sakinləri olan Aqilə, Rüstəmə, İlqara, Müşviqə və Namiqə heç bir borcu yoxdur və onlara olan borcunu xurma mövsümündə qardaşı ilə birlikdə qaytaracaqdır. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, 2018-ci ilin iyun ayında İddiaçı həyətyanı sahəsində yetişdirdiyi pomidor məhsulunu Cavabdeh1 vasitəçiliyi ilə qazanca şərikli ticarətlə məşğul olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nisyə alaraq Cavabdeh2 X3 şəhərində yaşayan qardaşı X1 üçün göndərmişlər. Cavabdeh2 Rüstəmdən nisyə alaraq göndərdiyi pomidor məhsulunun pulunun bir hissəsini, yəni 700 manatını qardaşı Tapdıq Azərbaycan Respublikasına qayıdaraq Göyçay rayonunu Ləkçıplaq kəndində kənd sakini olan Rüstəmə ödəmiş, borcun qalan hissəsini xurma mövsümündə alverlə məşğul olaraq qaytaracağını bildirmişdir. Həmin vaxt Göyçay rayon İHB-nın Ləkçıplaq kənd İƏD üzrə nümayəndəsi X5 iştirakı ilə tərəflər görüşmüş, Cavabdeh2 İddiaçı aldığı pomidor məhsulunun ödənilməmiş qalan 5500 manatını ödəyəcəyini öhdəsinə götürmüşdür. Keçən müddət ərzində Cavabdeh2 qardaşı Tapdığın xəstələndiyini, xəstəxanada müalicə olunduğunu əsas götürərək qalan 5500 manatı borcunu ödəməmişdir. Göründüyü kimi tərəflər arasında pomidor məhsulunun nisyə alqısatqısı barədə razılıq olmuş, iddiaçı dəyəri 5500 manat olan pomidor məhsulunu Cavabdeh2 təhvil vermiş, cavabdeh pomidor məhsulunun dəyərini ödəməyini öhdəsinə götürsə də, qeyd edilən məbləğdə pulu iddiaçıya ödəməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia Cavabdeh2 qarşı qaldırılan hissədə təmin, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı qaldırılan hissədə rədd edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 5500 manat məbləğində pul vəsaiti Cavabdeh2 qanunsuz sahibliyindədir. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsində dövlət rüsumu tələb etmədiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 5500 manat alınaraq İddiaçı verilməli, iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı qaldırılan hissədə rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 5500 manat alınaraq İddiaçı verilsin. İddia cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar