Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1108/2021 26.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1002.19 manat əsas kredit borcunun, 837.64 manat faiz borcunun, 1160.56 manat cərimə olmaqla cəmi 3000.39 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 04.02.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 10000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 15.08.2014-cü il tarixli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13.11.2015-ci il tarixli, 15.02.2016cı il tarixli, 10.11.2016-cı il tarixli, 26.05.2017-ci il tarixli, 30.04.2018-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.02.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3997.81 manat ödəmiş, onun 1002.19 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 12.01.2021-ci il tarixə 711 gün üçün hesablanmış cərimə 1160.56 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə kredit müqaviləsi bağlamış, kredit götürmüşdür. Kredit borcunu hissə-hissə ödəyəcəkdir. Cərimə tələbini əsassız hesab edir. İş üzrə Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, onunla bağlanmış zaminlik müqaviləsinin müddəti bitmişdir. Buna görə də iddia müddətinin tətbiq edərək iddianın ona qarşı qaldırılan hissədə rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 04.02.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlınmış kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə 10000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Məhkəməyə təqdim edilmiş 15.08.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2.25 faiz olmaqla 24 ay müddətinə 5000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 04.02.2014-cü tarixli və 15.08.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 ilə İddiaçı QSC arasında zaminlik müqavilələri bağlanmış, zaminlər kredit alan X2 borc məbləğinə görə İddiaçı QSC qarşısında öhdəlik götürmüşlər. Məhkəməyə təqdim edilmiş 13.11.2015-ci il tarixli, 15.02.2016-cı il tarixli, 10.11.2016-cı il tarixli, 26.05.2017-ci il tarixli, 30.04.2018-ci il tarixli sazişlərdən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış sazişlərə əsasən razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Məhkəməyə təqdim edilmiş 26.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 01.02.2019-cu il tarixə İddiaçı QSC-yə 1002.19 manat əsas, 303.22 manat faiz borcu olmaqla cəmi 1305.41 manat kredit borcu mövcuddur. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında 04.02.2014-cü il tarixdə kredit xətti müqaviləsi bağlanmış, 15.08.2014-cü il tarixli razılaşmaya əsasən Cavabdeh1 aylıq 2.25 faiz olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 04.02.2014-cü il tarixdə və 15.08.2014-cü il tarixdə Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmış və zaminlər kredit alan Cavabdeh1 zamin durmuşlar. 13.11.2015-ci il tarixli, 15.02.2016-cı il tarixli, 10.11.2016-cı il tarixli, 26.05.2017-ci il tarixli, 30.04.2018-ci il tarixli sazişlərə əsasən isə Cavabdeh1 imzaladığı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə X2 banka borcu yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 və Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış zaminlik müqavilələri 01.02.2019-cu il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 04.02.2021-ci il tarixdə yəni bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən iddiaçının məhkəməyə təqdim etdiyi 26.07.2021-ci il tarixli maliyyə arayışı nəzərə alınmalıdır və iddia tələbi həmin maliyyə arayışında göstərilən həddə, yəni kreditin əsas məbləği üzrə 1002.19 manat, faiz məbləği üzrə isə 303.22 manat olan hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh3 və Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış zaminlik müqavilələrinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı QSC-nin hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 1002.19 manat əsas kredit borcu, 303.22 manat faiz borcu olmaqla cəmi 1305.41 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nə ödənilməli, iddia cavabdehlər Cavabdeh2 Cavabdeh3 qarşı qaldırılan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1002.19 manat əsas kredit borcu, 303.22 manat faiz borcu olmaqla cəmi 1305.41 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. İddia tələbi Cavabdeh3 və Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Cavabdeh1 yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1108/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1108/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver