Məhkəmə qərarları › İş №2(046)-111/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-111/2023

30.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-111/2023 30.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Sirac oğluna qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sirac oğluna qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərə görə 6.000 manat pul vəsaitinin və ödənilmiş 80 manat dövlət rüsumunun Cavabdeh Sirac oğlundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay şəhəri M.K.Atatürk küçəsi 12 saylı evin 36 saylı mənzili tam mülkiyyət hüququ üzrə onun xüsusi mülkiyyətindədir. Sözügedən mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bir neçə ay öncə mənzildə kirayədə yaşayan şəxslər ona müraciət edərək, mənzilin tavanından su sızdığını və nəticədə mənzilə ziyan dəydiyini bildirmişlər. Dərhal ixtisaslı usta dəvət edərək, su sızmanın səbəblərini araşdırmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh yaşadığı mənzildə təmir işləri görülərkən çirkab sularının axıdıldığı boru zədələnmiş, nəticədə sonuncunun mənzilindən mülkiyyətində olan mənzilə su axmışdır. Bu barədə cavabdehə müraciət edərək, yaranmış qüsurların aradan qaldırılmasını tələb etsə də, sonuncu buna məhəl qoymamış, nəticədə mənzilinə 6.000 manat maddi ziyan dəymişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Sirac oğlu məhkəməyə (RF, Krasnodar) teleqram vuraraq, RF-də yaşadığını, məhkəmə iclaslarında iştirak edə bilmədiyini, iddianı qəbul etmədiyini bildirmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan teleqramı nəzərə alaraq, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Ucar rayon Ərazi İdarəsi tərəfindən verilmiş 24 yanvar 2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri M.K.Atatürk küçəsində istifadədə olan 0,116 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 2-ci mərtəbəsində yerləşən 70 m2 ümumi, 37,4 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 34 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Məhkəməyə təqdim olunmuş texniki pasportdan görünür ki, mənzilə dair zəruri parametrlər və məlumatlar göstərilməklə, texniki pasport tərtib edilərək, səlahiyyətli şəxs tərəfindən təsdiq edilmişdir. - Məhkəməyə təqdim olunmuş fotoşəkillərdən iddiaçının mülkiyyətində olan mənzilə su sızması əlamətləri qabarıq şəkildə görünür. - 24 may 2022-ci il tarixli poçt məxaric qəbzi ilə Cavabdeh Sirac oğluna göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə məxsus mənzildən onun mülkiyyətində olan mənzilə çirkab suların axıdılması nəticəsində ziyan vurulduğunu bildirmiş, vurulmuş zərərin əvəzinin ödənilməsini və çirkab suların axmasına səbəb olan nasazlığın qısa vaxt ərzində aradan qaldırılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə məlumat vermişdir. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 80 manat dövlət rüsumu ödənilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Göyçay rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(046)-1553/2022 saylı qərardadı ilə hazırki mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında cavablandırılması zəruri suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Göyçay şəhəri M.K.Atatürk küçəsi 12 nömrəlievin 34 nömrəli mənzilinə su axıdılması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.126 manat 30 qəpik məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Ekspert qarşısında qoyulmuş digər suala (iddiaçının mənzilinə çirkli suyun gəlmə mənbəyinin müəyyən edilməsi) cavab verilmədiyindən, Göyçay rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(046)-1553/2022 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspert qarşısında cavablandırılması zəruri sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli 10/79 saylı rəyində qeyd olunmuşdur ki, iş üzrə cavabdehə məxsus mənzilin su və kanalizasiya boruları təmir edilərək yenisi ilə əvəz olunduğundan və faktiki olaraq su və kanalizasiya borularında, həmçinin sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su sızıntısı, boru birləşmələrində çatlar və s.) aşkar olunmadığından iddiaçıya məxsus mənzilə su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə yuxarıda qeyd olunan ekspert rəyinin (xx.xx.2023-cü il tarixli) nəticə hissəsi ilə razılaşmır və vurğulayır ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (MPM-nin 103.1-ci maddəsinin tələbi). Həmçinin, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır (MPM-nin 103.2-ci maddəsinin tələbi). Məhkəmə qeyd edir ki, ekspert verdiyi rəyin təsviri hissəsində (tədqiqat prosesinin təsviri hissəsində) iddiaçıya məxsus mənzildə müşahidə etdiyi mənzərəni dolğunluğu ilə əks etdirsə də, müşahidə etdiklərinə rəğmən dolğun rəy verilməmiş, bilik və təcrübəsindən, su sızıntısının mənbəyini müəyyən edən müasir cihazdan istifadə etməmişdir. Belə ki, ekspert rəyində ünvan 1 ünvanda yerləşən, iş üzrə iddiaçı şəxsə məxsus mənzilə baxış keçirilən zaman mənzildə mərtəbəarası su sızmanın ilkin əlamətlərinin (mənzilin yaşayış otağının divarlarında vurulmuş divar kağızının qopması, aralanması, saralması, tavan hissəsinə bərkidilmiş alçipanın çatlaması, qopması və saralması, dəhlizin divarlarında və tavanında su izləri, boya qatının qabarması, sanitar qovşaq və hamamın divarlarında su izləri, tavana bərkidilmiş lambir qatının isə qopması və aralanması) müşahidə olunduğunu qeyd etsə də, iddiaçıya məxsus mənzilə su sızıntısının texniki səbəbinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. Eləcə də, ekspert öz rəyində iş üzrə cavabdehə məxsus mənzilin su və kanalizasiya borularının təmir edilərək yenisi ilə əvəz olunduğundan və faktiki olaraq su və kanalizasiya borularında, həmçinin sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su sızıntısı, boru birləşmələrində çatlar və s.) aşkar olunmadığından iddiaçıya məxsus mənzilə su sızıntısının texniki səbəbinin müəyyən edilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Göründüyü kimi, iddiaçıya məxsus mənzilə su sızıntısı əvvəllər muşahidə edilməmişdir. Su sızması halının (hallarının) cavabdehin mənzilində təmir işləri aparıldıqdan sonra meydana çıxması arasında səbəbli əlaqənin olması aşkardır. Ekspert üzəri bağlı olan qüsur və bu kimi su sızıntı halına səbəb olan nasazlığı vizual olaraq müşahidə etmək imkanından məhrum olsa da, ekspert bu cür su sızma mənbəyini xüsusi cihaz vasitəsi ilə asan müəyyən edə bilərdi. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş «X1» MMC-nin 04 avqust 2023-cü il tarixli 108 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay şəhəri Atatürk küçəsində yerləşən 12 nömrəli 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 70 m2 olan 3 otaqlı 34 saylı mənzilə suyun üst mərtəbədə yerləşən Cavabdeh Sirac oğluna məxsus 36 saylı mənzildən sızması məyyən edilir. İddiaçı 34 saylı mənzilinin ayrı-ayrı konstruktiv elementləri üzərində mövcud qüsurların öz əlamətlərinə qorə çirkab suların axıdılmasından əmələ gələn qüsurlara aid olduğunu, həmin mənzilin ayaqyolunun (sanitar qovşağı) divardaxili keçən çuqun kanalizasiya borusunun gözlə görünən hissəsində nəmlik müşahidə olunduğunu, eləcə də Cavabdeh Sirac oğlunun 36 saylı mənzilinin kanalizasiya borularının təmir edilərək yenisi ilə əvəz olunduğunu nəzərə alaraq, İddiaçı 34 saylı mənzilinə çirkab suların sızmasının Cavabdeh Sirac oğlunun 36 saylı mənzilinin kanalizasiya boru xətlərinin keyfiyyətsiz çəkilməsi səbəbindən baş verə bilməsi müəyyən edilir. Göründüyü kimi, iddiaçının mənzilinə su sızması halının baş verməsi aşkardır, həmin suyun haradan sızmasının müəyyən edilməsi də istər xəttlərin üstü açılmaqla, istərsə də, bu üsula əl atmadan, yəni mənzilin təmirinə zərər vurmadan xüsusi texniki vasitənin (su sızma halını müəyyən edən cihazın) tətbiq edilməsi ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdehə məxsus olan mənzildən iddiaçının mənzilinə su sızması halı baş vermiş, nəticədə iddiaçının mənzilinə 1.126 manat 30 qəpik məbləğində ziyan dəymişdir. Ziyan məhz Cavabdeh Sirac oğlunun mənzilində kanalizasiya xəttinin təmir edilməsindən sonra çirkab suyun sızması nəticəsində dəymişdir. Bu səbəbdən, vurulmuş zərər məhz ondan tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən Cavabdeh Sirac oğlundan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 1.126 manat 30 qəpik və ödənilmiş 80 manat dövlət rüsumu Cavabdeh Sirac oğlundan İddiaçı xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat Cavabdeh Sirac oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı ona daha artıq məbləğdə maddi zərər vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 1.126 manat 30 qəpik və ödənilmiş 80 manat dövlət rüsumu Cavabdeh Sirac oğlundan İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat Cavabdeh Sirac oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar