Məhkəmə qərarları › İş №2(046)-112/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-112/2023

06.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-112/2023 06.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «gediş-gəliş yoluna yaradılan maneələrin aradan qadırılması» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «gediş-gəliş yoluna yaradılan maneələrin aradan qadırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə xidmət edən və ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini alğı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən fərdi yaşayış evi sahibliyinə keçdikdən sonra, ailə üzvləri ilə həmin evə köçərək orada yaşayır. Mülkiyyətində olan evdə yaşamağa başladıqdan sonra, cavabdeh ümumi istifadədə olan və onun yaşadığı evə xidmət edən yola sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu tikinti materialları mağazasında satdığı qum və sementi tökərək, həmin yoldan istifadə etməsinə maneələr yaradır. Dəfələrlə cavabdehə yola tökdüyü qumu, eləcə də sementi yığışdırmasını və bu kimi halları təkrarlamamasını tələb etsə də, cavabdeh bundan heç bir nəticə çıxarmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Göyçay rayon Polis şöbəsinə müraciət edilərək, cavabdeh barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Müraciəti əsasında rayon polis şöbəsində araşdırma aparılmış və cavabdeh inzibati məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin bu inzibati tədbirlər də bir fayda verməmiş, cavabdeh ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadə etməsinə maneələr yaratmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Hesab edir ki, iddia təmin edilməməlidir. ünvan 2 ünvanda yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə xidmət edən və ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadəyə onun tərəfindən heç bir maneə yaradılmamışdır. Belə ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəlişi təmin edən əsas yolu vardır. Həmin yol yeri iddiaçıya öz evinə gediş-gəliş, həmin evdən təyinatı üzrə istifadə edilməsi üçün geniş imkanlar yaradır və həmin yol iddiaçının öz evinə gedib-gəlməsi üçün bütün imkanları vardır. Lakin iddiaçı həmin yoldan istifadə edə bildiyi halda, buna heç bir zərurət olmadan ona aid olmayan ərazinin boşaldılmasını tələb edir. Halbuki, həmin əraziyə İddiaçı heç bir subyektiv hüququ yoxdur. Bu səbəbdən, iddianın əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh son məhkəmə iclasının, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay şəhər Bələdiyyəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay şəhər Bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, 10 iyul 2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 0,05042 ha olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X1 adına tam pay üzrə qeydiyyata alınaraq, mülkiyyətçinin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair satıcının adına tərtib olunmuş A seriyalı 370219 saylı 10 iyul 2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu, həmçinin digər zəruri parametrləri göstərilmişdir. X4 xüsusi mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 0,05042 ha olan torpaq sahəsini Göyçay rayon notariat ofisində bağlanmış 21 iyul 2020-ci il tarixli 4Ə-717 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası "xxxx" MMC-nin 24 avqust 2022-ci il tarixli M/45 saylı mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi xəritə materiallarında ümumi istifadədə olan yol olmaqla, həmin yol yalnız iddiaçının mülkiyyətində olan **********21 reyestr nömrəli çıxarışda qeyd edilən və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə xidmət edir. Qeyd edilən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, ümumi istifadədə olan yoldur. Sözügedən yol naturada Cavabdeh tərəfindən zəbt edilməmişdir. Lakin cavabdeh tərəfindən mübahisəli yolun şimal hissəsində tikinti materialları, cənub hissəsində isə köməkçi materiallar (tara) qoyulduğu üçün iddiaçıya sözügedən yoldan istifadə edilməsinə maneə yaranır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin 11 noyabr 2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəsiss rəyindən görünür ki, naturada iddiaçı tərəfindən göstərilən torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, uqodiyası «yollar-küçələr» olmaqla ümumi istifadədə olan ərazidə yerləşir. Naturada göstərilən torpaq sahəsinin sağ çiynində sement kisələrinin olduğu, həmçinin baxış zamanı ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə alternativ gediş-gəliş yolunun olmadığı mütəxəssis tərəfindən müşahidə edilmişdir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə edilmişdir. Məhkəməyə mütəxəssis rəyinin verilməsi xərci (tədqiqatın dəyəri) 95 manat təşkil etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, 95 manat mütəxəssis rəyinin verilməsi xərci İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin təqdim etdiyi hesaba ödənilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etirazında iddiaçının fərdi yaşayış evinə və torpaq sahəsinə alternativ gediş-gəliş yolunun olmasını, həmçinin yolla bağlı hər hansı subyektiv hüququnun olmadığını göstərmişdir. Məhkəməyə təqdim olunmuş mütəxəssis rəylərindən göründüyü kimi: 1) naturada iddiaçı tərəfindən göstərilən torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, uqodiyası «yollar-küçələr» olmaqla ümumi istifadədə olan ərazidə yerləşir; 2) naturada göstərilən torpaq sahəsinin sağ çiynində sement kisələri, digər tikinti materialları və tara yığılır; 3) ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə alternativ gediş-gəliş yolu mövcud deyil. İddiaçının qeyd edilən yolla bağlı bu qəbildən olan iddia qaldırmağa subyektiv hüququnun olmaması barədə cavabdehin qeyd etdikləri ilə bağlı məhkəmə vurğulayır ki, cavabdehin qeyd etdikləri əsassızdır. İddiaçının cavabdehə qarşı gediş-gəliş yoluna yaradılan maneələrin aradan qadırılması tələbinə dair iddia qaldırmağa subyektiv hüququ olmaqla yanaşı, iddia tələbi əsaslıdır. Çünki, yuxarıda qeyd edildiy kimi, iddiaçının fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəlişi üçün alternativ yolu mövcud deyil. Digər tərəfdən, həmin yol yalnız iddiaçıya məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəliş üçün ayrılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 26 sentyabr 2022-ci il tarixli 376 saylı arxiv arayışından görünür ki, Göyçay rayon XDS İK-nın 30 iyun 1993-cü il tarixli 07 saylı iclas protokolundan çıxarışa əsasən Rəyasət Heyəti Şəhərin mərkəzi hisəsinin 25-ci məhəlləsində inşa edilməkdə olan idman kompleksinin yanında olan şəhər 1 May küçəsi 62 nömrəli Şəfiqə Mövsümovanın həyətyanı sahəsinə şimaldan bitişik olan 324,4 m2 torpaq sahəsinin X2 fərdi istifadəsinə verilməsi barədə rayon torpaq komissiyasının təklifini qəbul etmişdir. Məhkəmə qeyd edir ki, X5 torpaq sahəsinin iddiaçıya satan X1 atasıdır. İş materiallarına əlavə olunmuş iyun 1993-cü il tarixli aktdan görünür ki, Göyçay rayon Torpaq Komissiyası (komissiyanın tərkibinə daxil edilmiş səlahiyyətli şəxslər göstərilmişdir) ünvan 6 ünvanda yaşayan X2 mənzil şəraitinin çətin olması və həddi-büluğ yaşı çoxdan ötmüş qardaşının mənzili olmaması səbəbindən ailə həyatı qura bilməməsi və bunlara görə də hazırda istifadələrində olan 589,8 m2 torpaq sahəsinə bitişik, lakin istifadəsiz qalan torpaq sahəsinin fərdi daimi istifadə üçün ona verilməsi barədə xx.xx.1993-cü il tarixli ərizəsinə əsasən təklif etmişdir ki, şəhərin qeyd olunan məhəlləsində Ü.Hacıybəyov küçəsində idman kompleksinin tikilməsi ilə əlaqədar mövcud arxla tikilməkdə olan idman kompleksinin arasında qalan və şəhər 1 May küçəsi 62 nömrəli evin sahibi Şəfiqə Mövsümovanın fərdi həyətyanı torpaq sahəsinə şimal tərəfdən bitişik olan 323,4 m2 torpaq sahəsi verilməsi qərara almışdır. Həmin torpaq sahəsinin sərhədləri aşağıdakı kimidir: Təklif olunan sahənin şərq sərhədi: tikilməkdə olan idman kompleksinin qərb divarı 21 metr və kompleksin cənub tərəfindən ayrılan sahəyə gələn yol – 8,4, cəmi 29,4 m. uzunluqda. Sahənin şərq sərhədi – idman kompleksindən 11 metr şərqə tərəf aralı – mövcud arxın şərq sahili – 29,4 m. uzunluqda. Sahənin cənub sərhədi – ərizəçi Pünhan Mövsümovun anası Şəfiqə Mövsümovanın həyətinin şimal qutaracağı – cəmi 11 m. enində. Sahənin şimal sərhədi – tikilməkdə olan idman kompleksinin şimal divarının qərbə tərəf uzantısı 11 m. enində kompleksdən arxa qədər olan məsafə. Təklif olunan sahədən qaz, elektrik xətti keçmir. Akt müvafiq imzalarla və möhürlərlə təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DƏDRX-nin Ucar rayon Ərazi İdarəsi tərəfindən verilmiş 27 iyul 2007-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 girişli, 590,8 m2 ümumi, 576,1 m2 əsas, 14,7 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 27 iyul 2007-ci il tarixdə həmin qeyri-yaşayış sahəsinə dair tərtib və təsdiq olunmuş texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsinin üç tərəfi fərdi həyət olmaqla, qeyri-yaşayış sahəsinə giriş iddiaçının iddia ərizəsində qeyd etdiyi yoldan deyil. Qeyri-yaşayış sahəsinin qapısı digər tərəfdə yerləşir və dalana deyil, küçəyə açılır. İş materiallarına əlavə olunmuş 22 yanvar 2007-ci il tarixli 2 saylı arxiv arayışından görünür ki, Göyçay rayon XDS İK-nın 07 yanvar 1988-ci il tarixli 01 saylı, şəhərdə idman oyunları pavilyonunun tikintisinə torpaq sahəsinin ayrılması haqqında iclas protokoluna əsasən rayon ZDS İK Şəhərin Ü.Hacıbəyov küçəsindəki 0,06 ha (30 m. x 20 m.) boş torpaq sahəsi idman oyunları pavilyonunun tikintisi üçün ayrılmasını qərara almışdır. İş materiallarına əlavə olunmuş Göyçay rayon İHB-nin şəhər üzrə nümayəndəsinin 30 noyabr 2006-cı il tarixli 22 saylı sərəncamından görünür ki, ünvan 7 ünvanı sakini Cavabdeh ərizəsi nəzərə alınaraq Göyçay şəhəri Üzeyir Hacıbəyov küçəsinin qərb hissəsində yerləşən 762 m2 torpaq sahəsində (faydalı sahə 648,8 m2, ümumi sahə 762 m2) 2006-cı ilin oktyabr ayında tikilmiş bir mərtəbəli tikinti materialları satışı mağazasının vətəndaş Cavabdeh adına qeyd olunması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DƏDRX-nin Ucar rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 girişli, 38,6 m2 ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 25 iyul 2007-ci il tarixli müqavilədən görünür ki, X6 23 iyul 2007-ci il tarixli ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ünvanda 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 38,6 m2 olan qeyri-yaşayış sahəsini Cavabdeh bağışlamışdır. Bundan başqa, iş materiallarına 20 aprel 2007-ci il tarixli 520 saylı, özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı barədə müqavilə; obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi barədə 24 noyabr 2006-cı il tarixli akt; tikinti işlərinin aparılması üçün Göyçay rayon İHBA Tikinti və Memarlıq işləri şöbəsi tərəfindən verilmiş 24 noyabr 2006-cı il tarixli 18 saylı icazə; 04 may 2007-ci il tarixli 000392 saylı, özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə; dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 20 noyabr 2001-ci il tarixli 000682 saylı şəhadətnamə; müəsissənin (obyektin) alğı-satqısına dair 09 iyul 2001-ci il tarixli 252 saylı müqavilə iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İşin faktiki hallarından göründüyü kimi, yalnız iddiaçının fərdi yaşayış evinə və torpaq sahəsinə gediş-gəlişi təmin edən, alternativi olmayan mübahisəli yola tikinti materiallarının və köməkçi vasitələrin (taraların) yığılması nəticəsində iddiaçının evinə və torpaq sahəsinə sərbəst şəkildə gedib gəlməsinə maneə yaradılır. Maneə məhz cavabdeh tərəfindən yaradılır. Cavabdehin həmin yola qanuni çıxışı yoxdur, texniki pasport və təqdim edilmiş heç bir sənəddə cavabdehin həmin yola qapısı nəzərdə tutulmamışdır, cavabdehin fəaliyyət göstərdiyi sahəyə giriş həmin yoldan deyil. Cavabdeh buna baxmayaraq, iddiaçının həyətinə və fərdi yaşayış evinə gedib-gəlməsi üçün nəzərdə tutulan yolun bir tərəfinə kifayət qədər çox həcmdə olan sement və digər tikinti materialları, habelə daşıma həyata keçirilərkən istifadə olunan taxta palletlər yığır. Cavabdeh ticarət obyekti işlətməklə, gündəlik iş fəaliyyəti ilə bağlı həmin yolda yığdığı tikinti materiallarını müştərilərə təhvil vermək üçün xüsusi texnikadan istifadə edir, bu cür yüklərin boşaldılıb-yığılması tez-tez icra edilir və texnika işləyərkən yoldan təyinatı üzrə istifadə etməyə maneə yaradılır. Bundan başqa, iddiaçının gediş-gəliş üçün istifadə etdiyi, alternativi olmayan yolda cavabdehə məxsus obyektə gəlib-gedən, həmçinin iş fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hər gün müxtəlif avtomobillər saxlanılır. Bu da iddiaçının həmin yoldan istifadə etməsinə maneələr yaradır. Cavabdeh özü də həmin əraziyə tikinti materialları və s. köməkçi vasitələrin yığılmasını etiraf edir. Lakin həmin tikinti materiallarının səliqəli şəkildə yığıldığına istinad edərək, iddianı etiraf etmir. Göründüyü kimi, iddiaçıya verilən və təminat altında olan Konstitusion hüquqlar (mülkyyətində olan əmlakdan sərbəst şəkildə istifadə etmə hüququ) cavabdeh tərəfindən məhdudlaşdırılır. Həmin hal davamlı xarakter daşıyır və iddiaçı hər gün istifadə etməli yoldan təyinatı üzrə istifadə etməkdə ciddi çətinlik çəkir. Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə xidmət edən və ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəsis rəyi alınması üçün xərc Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə xidmət edən və ümumi istifadə üçün nəzərdə tutulan yoldan istifadəyə Cavabdeh tərəfindən tikinti materiallarının yığılması ilə yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəsis rəyi alınması üçün xərc Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar