Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1150/2024 26.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı1 (eləcə də digər İddiaçı2 nümayəndəsi), Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs Göyçay rayon Notariat kontoruna qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs Göyçay rayon Notariat kontoruna qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyul 2012-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini belə əsaslandırmışlar ki, 17 iyul 2012-ci il tarixdə cavabdehlər onların yaşayış hüququ olan evi satmışlar. Belə ki, onların 137 saylı evə köçürülmələri barədə Göyçay rayon Məhkəməsinin qətnaməsi vardır. 2007-ci il tarixdə olan qətnamə onu bildirir ki, həmin evin dövlət qeydiyyatı yoxdur. Belə ki, 2012-ci il tarixdə qayınatası X5 həyətdə yerləşən iki evi sənədləşdirmişdir. Alğı-satqı olunarkən Cavabdeh2 anadan gəlmə ruhi xəstə, İ qrup əlil olması nəzərə alınmamışdır. Notarius ruhi xəstənin adından alğı-satqı etmişdir. 2023-cü il tarixdə Şəki İnzibati Məhkəməsində onların qeydiyyatdan çıxarılmaları barədə işə baxılarkən məlum olmuşdur ki, o, (İddiaçı1) 135 saylı evə, oğlu Səid isə 137 saylı evdə qeydiyyatdadır. Alğı-satqı müqaviləsinin surəti Şəki İnzibati Məhkəməsi tərəfindən onlara təqdim olunmuşdur. Bundan sonra bilmişlər ki, Eldara məxsus olan evdə qeydiyyatları vardır. İndi isə X5 135 saylı evə saxta yollarla çıxarış almış və həmin fərdi yaşayış evini satmaq istəyir. Odur ki, alğı-satqı müqaviləsini mübahisələndirmələri məcburidir. Ruhi xəstənin necə alğı-satqı etdiyi onlara çox maraqlıdır. Notariat kontoru tərəfindən cinayət törədilərək onların razılığı olmadan ruhi xəstə ilə alğı-satqı müqaviləsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən əqdin bağlanmasının bildiyi andan iki ay keçməmiş məhkəməyə müraciət etmişlər. 17 iyul 2012-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 (eləcə də digər İddiaçı2 nümayəndəsi) məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə qarşı etiraz və mülahizə təqdim edərək göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Göyçay rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə ünvan 3 evə köçürülməsi həmin evə onların hər hansı hüququnun olmasını ehtiva etmir. Göyçay rayon Məhkəməsinin 01 oktyabr 2007-ci il tarixli 2-235/2007 saylı qətnaməsi iddiaçıların həmin evdə yalnız yaşayışlarının təmin edilməsi məqsədini daşımışdır. İddiaçıların həmin evdən istifadə hüququ tanınmamış, belə bir hüquq daşımaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra 03 dekabr 2007-ci il tarixdə icra edilmiş, İddiaçı1 himayəsində olan azyaşlı övladı ilə həmin evə köçürülmüşdür. Lakin, o, həmin evdə yaşamamışdır. Çünki, hüquqlarını təmsil etdiyi Cavabdeh1 həmin evi 2012-ci ildə aldığı dövrdən həmin evdə yaşayır, nə alğı-satqı müqaviləsi bağlanarkən, nə də Cavabdeh1 həmin evdən mülkiyyətçi kimi 2012-ci ildə istifadə etməyə başlayarkən iddiaçılar həmin evdə faktiki olaraq yaşamamışlar. Ev boş olmuşdur və əvvəlki mülkiyyətçi tərəfindən boş şəkildə Cavabdeh1 təhvil verilmişdir. Əgər iddiaçılar həmin evdə yaşasaydılar və həmin evlə davamlı əlaqələri olsaydı, mühəqqəq ki, daşınmaz əmlakın alğı-satqısından xəbərdar olardılar. Amma göründüyü kimi, iddiaçıların başqa yerdə yaşamağa evləri, yaxud yaşayış yerləri mövcud olmuş, iddiaçı övladı ilə köçürüldüyü evdə yaşamamış, ümumiyyətlə həmin evlə hər hansı əlaqələri mövcud olmamışdır. Alğı-satqı müqaviləsi bağlanarkən iddiaçıların razılığının alınmamasına gəldikdə isə qeyd edir ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi nümayəndəliyinin 2012-ci ildə verdiyi arayışdan göründüyü kimi, evdə yalnız əvvəlki mülkiyyətçi Cavabdeh2 və digər şəxs X3 qeydiyyatda olmuşlar. Həmin şəxslər öz növbəsində notariat kontoruna ərizə verərək, əqdin bağlanmasına razı olduqlarını bildirmişlər. Göründüyü kimi, iddiaçılar həmin evdə qeydiyyatda olmamışlar. Qeydiyyatda olsaydılar belə, onların razılığı alınmadan əqdin bağlanması əqdin etibarsızlığına səbəb olmayacaqdı. Çünki, iddiaçıların həmin ev üzərində istifadə hüquqları mövcud olmamışdır, onlar sadəcə olaraq yaşamaq üçün evə köçürülmüşlər. Yuxarıda qeyd edildiyi kimi, yaşamaq üçün köçürüldükləri evdə faktiki olaraq yaşamamışlar. Qeyd olunmalıdır ki, iddiaçılar mübahisələndirilən əqdin tərəfi olmamaqla, onların həmin fərdi yaşayış evi üzərində hər hansı hüquqları mövcud deyildir. Belə olan halda, iddiaçıların ümumiyyətlə həmin əqdi mübahisələndirmək üçün subyektiv hüquqları yoxdur. Bundan başqa, iddiaçılar iddia ərizəsində Cavabdeh2 ruhi xəstə olmasını qeyd etsələr də, bu halı təsdiq edən mötəbər sübutları (Cavabdeh2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini, ekspert rəyini və s.) məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi, iddia tələbi tam şəkildə əsassızdır, mötəbər sübutlarla və işin həqiqi halları ilə təsdiqini tapmır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil etiraz və mülahizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs Göyçay rayon Notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və üçüncü şəxs Göyçay rayon Notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə qeyd edilən cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarına əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Göyçay rayon Məhkəməsinin 01 oktyabr 2007-ci il tarixli 2-235/2007 saylı qətnaməsindən görünür ki, İddiaçı1 X4 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı1 azyaşlı oğlu xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 ilə birlikdə ünvan 3 evə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş 17 iyul 2012-ci il tarixdə Göyçay rayon Notariat Kontorunda bağlanmış və təsdiq edilmiş alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 özünə məxsus olan ünvan 3 evi 15.800 manata Cavabdeh1 satmışdır. İş materiallarına əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 17 iyul 2012-ci il tarixli alğı-satqı müqaviləsi əsasında ünvan 3 ev üzərində Cavabdeh1 mülkiyyət hüquqları xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia ərizəsində qeyd edilən ünvan olan ünvan 1 mübahisə edilən alğı-satqı müqaviləsi üzrə özgəninkiləşdirilən fərdi yaşayış evi 137, digər fərdi yaşayış evi isə 135 nömrəli evdir. İddiaçının övladı ilə 2007-ci il tarixdə köçürülməsi qət edilən ünvan ünvan 2şdur. İddiaçıların 137 saylı evdə heç vaxt yaşamamış, həmin fərdi yaşayış evi üzərində hər hansı hüquqları yaranmamışdır. İddiaçılar iddia ərizəsini əsaslandırarkən, cavabdehlərdən Cavabdeh2 ruhi xəstə olduğunu bildirərək, buna vurğu etməyə və müqavilənin fəaliyyət qabiliyyəti olmayan, öz hərəkətlərinin mənasını dərk etməyən şəxs tərəfindən bağlanması təəssüratı yaratmağa çalışmışlar. Halbuki, Cavabdeh2 tibbi sənədlərə əsasən ümumi xəstəlikdən ikinci qrup əlildir, fəaliyyət qabiliyyətlidir. O, müqavilə imzalamaq üçün həm səlahiyyətli şəxs olmuş, həm də psixi cəhətdən sağlam, tam fəaliyyət qabiliyyətli olmuşdur. Bu səbəbdən, iddiaçıların iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun deyil. Digər tərəfdən, əgər Cavabdeh2 fəaliyyət qabiliyyətli şəxs olmasaydı belə, əqdi mübahisələndirmək üçün subyektiv hüquq iddiaçılara deyil, Cavabdeh2 qanuni nümayəndəsinə məxsus olacaqdı ki, bu halda da iddiaçıların məhkəmədə bu qəbildən olan iddia irəli sürmək üçün hüquq baxımından imkanları olmayacaqdı. Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı qeyd etməyi zəruri hesab edir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında alğı-satqı müqaviləsi bağlanmış, notariat kontorunda qanunla müəyyən edilmiş qaydada təsdiq edilmişdir. Alıcı həmin alğı-satqı müqaviləsi əsasında mənzil üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, adına bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddia ərizəsində qeyd edilənlər əsassız olmaqla, mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Hazırki işdə əqdin həqiqi olmaması (etibarsız hesab edilməsi) üçün Mülki Məcəllənin 140-cı maddəsində muəyyən edilən hallar mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Həmin məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. «S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi müvqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmçinin «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin «H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Həmçinin «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2004-cü il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında Plenum vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda, Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də, hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli evə münasibətdə vicdanlı əldə edən olduğundan, onunla Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. İşin hallarından da göründüyü kimi, mübahisəli evin dəyəri tam şəkildə ödənilmiş, ev alıcıya təhvil verilmiş, ötən müddət ərzində mülkiyyətçi olaraq Cavabdeh2 evin dəyəri, eləcə də, alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı mübahisə irəli sürməmişdir. Yalnız İddiaçı1 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra, hazırki iş üzrə cavabdeh qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs Göyçay rayon Notariat kontoruna qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçün şəxs Göyçay rayon Notariat kontoruna qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1150/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1150/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver