Məhkəmə qərarları › İş №2(046)-1158/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1158/2021

22.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1158/2021 22.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır sədrliyi,Səmidli Nərmin Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə,İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı «tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi, cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı «tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi, cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tikilinin sökülməsi, vurulmuş ziyanın dəyəri olaraq 2.000 manat pulun cavabdehlərdən alınması və gələcəkdə xüsusi mülkiyyətində olan evə qanunla müəyyən edilmiş ara məsafəsi gözləmədən hər hansı bir tikilinin inşa edilməsinə cavabdehlərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə həmsərhəd ərazidə yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsində cavabdehlər tərəfindən təxminən 2014-cü ilin əvvəllərində onun evinə bitişik tikili inşa edilərək, həmin tikilidə süd və süd məhsullarının istehsalı ilə məşğul olurlar. Cavabdehlərin istehsalla məşğul olduğu tikili onun fərdi yaşayış evinə bitişik olduğu üçün, yaşayış evinə su sızır və nəticədə yaşayış evinə ziyan dəymişdir. Dəfələrlə cavabdehlərə qanunsuz inşa etdikləri tikilinin sökülməsini, ona vurulmuş ziyanın ödənilməsini, eləcə də gələcəkdə bu kimi halların təkrarlanmamasını tələb etsə də, cavabdehlər buna məhəl qoymamış, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı xüsusi mülkiyyətində olan evindən sərbəst istifadə edə bilmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Şərh edilən qanun normasının tələbindən görünür ki, yaşayış evlərinə münasibətdə qonşu ilə həmsərhəd ərazini müəyyən edən divarın hündürlüyü 3 metr olduqda, 75 sm ara məsafəsi saxlamaqla, tikinti işləri aparıla bilər. Lakin cavabdeh mübahisəli tikilini inşa edərkən, yuxarıda şərh edilən qanun normasının tələbinə riayət etmədən, yəni qanunla müəyyən edilmiş qaydada 75 sm ara məsafə saxlamadan mübahisəli tikilini inşa etmişdir ki, həmin tikili xüsusi mülkiyyətində olan evinə ciddi ziyan vurur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının yaşayış evinə su sızmışdır ki, həmin su sızma nəticəsində yaşayış evinin döşəməsi və divar kağızı sıradan çıxmış, nəticə də iddiaçıya 2000 manatdan artıq ziyan dəymişdir. Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, B litrli talvar tikilisi iddiaçının fərdi yaşayış evinə bitişik olsa da, həmin talvar iddiaçının evi inşa edilməmişdən öncə tikilmişdir. İddiaçı həmin talvar tikilisi inşa olunduqdan xeyli sonra yaşayış evi inşa etmiş, yaşayış evini talvara bitişik inşa etmiş və ara məsafəsi saxlamamışdır. Həmin talvar tipli tikilidə həqiqətən süd qəbul edirlər. Sanitar-gigiyena qaydalarına riayət edilməsi üçün talvarı təmiz saxlayırlar, yuyurlar. Lakin, nəmişlik iddiaçı tərəfə keçmir, keçə bilməz. Həmçinin, qeyd etdiyi kimi, talvar tikilisi inşa edilərkən, orada iddiaçının evi mövcud olmamışdır. İddiaçı evi tikərkən ara məsafəsi saxlamalıdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, B litrli talvar tikilisi iddiaçının fərdi yaşayış bitişik olsa da, həmin talvar tikilisi inşa olunduqdan xeyli sonra yaşayış evi inşa etmiş, iddiaçı yaşayış evini talvara bitişik inşa etmiş və ara məsafəsi saxlamamışdır. Həmin talvar tipli tikilidə həqiqətən süd qəbul edirlər. Sanitar-gigiyena qaydalarına riayət edilməsi üçün talvarı təmiz saxlayırlar, yuyurlar. Lakin, nəmişlik iddiaçı tərəfə keçmir, keçə bilməz. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 408-1/3211 inventar nömrəli texniki pasportdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair yaşayış evinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatı, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri, tikintilərin mərtəbələr üzrə planı (miqyas 1:200), torpaq sahəsi haqqında məlumatlar qeyd edilməklə, İddiaçı adına texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinin 0,04496 ha hissəsi onun, 0,01725 ha hissəsi isə Cavabdeh3 adına qeydiyyata alınmışdır. xx xxxxxx 2019-cu il tarixdə verilmiş texniki pasportdan görünür ki, Göyçay şəhəri Nizami küçəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan 200 saylı fərdi yaşayış evinə dair torpaq sahəsinin planı (miqyas 1:500), tikintilərin mərtəbələr üzrə planı (miqyas 1:100), yaşayış evinin texniki göstəriciləri, mərtəbələr üzrə otaqların təsnifatı, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri qeyd edilməklə, zəruri texniki göstəricilər təsbit olunmuşdur. Texniki sənədlərdə iddia ərizəsində mübahisələndirilən talvar tikilisi «B» literi və qırıq-qırıq xəttlərlə işarələnmişdir. Bundan başqa, texniki sənədlərdə talvar tikilisinin 40 % aşınma dərəcəsi olduğu qeyd edilmişdir. Cavabdehlərin yaşadıqları evin və torpaq sahəsinin digər hüquqmüəyyənedici sənədləri də iş materiallarına əlavə olunmuşdur (vərəsəlik və s. bağlı sənədləşmə). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 31116 saylı rəyindən görünür ki, Göyçay şəhəri Nizami küçəsində cavabdehə məxsus olan talvar (B literli) Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən verilmiş texniki pasportda öz əksini tapdığını və DƏDRX-də qeydiyyata alındığını nəzərə aldıqda, həmin tikinti işlərinin norma və qaydalara uyğun aparıldığı müəyyən olunur. Lakin cavabdeh tərəfin iddiaçının evinə bitişik inşa olunmuş tikilinin Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Göyçay şəhəri Nizami küçəsində yerləşən iddiaçıya məxsus olan yaşayış evində yaranmış qüsurların səbəbini müəyyən etmək üçün su sızmanın səbəbinin müəyyən olunması üçün müvafiq avadanlıqla (Rothenberger ROLeak aqua Plus) müayinə aparılmış, texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçının evinin 4,8 x 7,6 m ölçüdə yaşayış otağının divarları döşəmədən təqribən 0,45 m hündürlükdə suvaq və şpatlevkanın qatının qopması, divar kağızının aralanması və döşəməyə vurulmuş taxtanın divara bitişik hissədə qaralanması, çürüməsi müşahidə olunmuşdur. Lakin dəymiş ziyanın dəyəri aparılmış söküntü nəticəsində yaranmış qüsurların dərəcəsi, istifadə olunacaq materialın dəyərindən asılı olaraq müəyyən oluna bilər.Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 69.5.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi ara məsafəsi müəyyən edilir. Cavabdeh iddiaya etirazını talvar tikilisinin daha öncələr mövcud olması ilə əsaslandırır. Məhkəmə ilk öncə vurğulamağı zəruri hesab edir ki, talvar tikilisi iddiaçının fərdi yaşayış evinə zərər vurması halında, həmin tikilinin texniki pasportda göstərilməsinin, həmçinin fərdi yaşayış evindən öncə orada mövcud olmasının əhəmiyyəti qalmır. İşin faktiki hallarından göründüyü kimi, ünvan 1 ünvanda yerləşən, iddiaçıya məxsus fərdi yaşayış evinə su sızır, nəmişlik müşahidə olunur. Ekspert rəyində bunun müşahidə olunan təzahürləri qeyd edilmişdir. Belə ki, iddiaçının evinin 4,8 x 7,6 m ölçüdə yaşayış otağının divarlarının döşəmədən təqribən 0,45 m hündürlükdə suvaq və şpatlevkanın qatının qopması, divar kağızının aralanması və döşəməyə vurulmuş taxtanın divara bitişik hissədə qaralması, çürüməsi müşahidə olunur. İddiaçının evinin damında, dama aid digər konstruktiv elementlərində yağış suyunun evin içinə daxil olaraq, yaxud divara sirayət edərək, qeyd olunan fəsadları yaratması mümkün deyil. Cavabdehin özünün də etiraf etdiyi kimi, talvar tikilisində süd məhsulları qəbul edir, orada sanitar-gigiyena qaydalarına riayət edilməsi üçün talvarın divarı və döşəməsi mütəmadi olaraq yuyulur. Talvar tikilisinin iddiaçının fərdi yaşayış evinə bitişik olması, fərdi yaşayış evində müşahidə olunan su sızması, nəmişlik izləri və cavabdehlərin talvardan istifadə etmə şəkli onu deməyə əsas verir ki, iddiaçının fərdi yaşayış evində müşahidə olunan nəmişlik və su sızması cavabdehlərin istifadə etdikləri talvar tikilisindən qaynaqlanır. İddiaçının əmlakına nəmişlik və su sızması nəticəsində zərər vurulması aşkardır. Məhkəmə ekspert rəyində qeyd olunan – su sızmanın, yaxud nəmişliyin yaranması səbəbinin dəqiqliklə müəyyən oluna bilməməsinə dair məqama tənqidi yanaşır və bildirir ki, rəydə göstərlən, iddiaçının fərdi yaşayış evində müşahidə edilən zərərin vurulmasına əsas olan digər ağlabatan səbəblər mövcud deyil. Qanunvericiliyə əsasən vətəndaşlar elə hərəkət etməlidirlər ki, bu hərəkətlər qonşuların və üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanan normalarına görə: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Lakin cavabdeh, iddiaçının evinə bitişik olan talvarda müəyyən fəaliyyət növü ilə məşğul olarkən, məqsədyönlü şəkildə olmasa da belə, qonşuluq münasibətlərinə xələl gətirmiş, iddiaçının fərdi yaşayış evinə su sızmaqla, yaxud nəmişlik yaranmaqla ziyan dəymişdir. Bu halda, cavabdehlərə məxsus ərazidə yerləşən talvar tikilisinin iddiaçıya məxsus fərdi yaşayış evindən öncə quraşdırılmasının, yaxud tikilməsinin bir önəmi qalmır. Bundan başqa, tikililər öz xüsusiyyətlərinə görə, əhəmiyyətlilik dərəcəsinə görə fərqlənir. Bu, özünü tikilinin təyinatında biruzə verir. Fərdi yaşayış evi, yaxud mənzil əsas yaşayış sahəsi olmaqla, qeyri-yaşayış sahələrindən, konstruksiyalardan, talvar, tövlə, hin, qaraj kimi tikililərdən daha önəmlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlərə məxsus ərazidə yerləşən talvar tikintisindən iddiaçıya məxsus fərdi yaşayış evinə su, yaxud nəm keçir, bu isə iddiaçıya məxsus fərdi yaşayış evinə ziyan vurur. Hazırkı mülki iş üzrə iddiaçı onun fərdi yaşayış evinə bitişik olan talvarın sökülməsini, vurulmuş ziyanın dəyəri olaraq 2.000 manat pulun cavabdehlərdən alınması və gələcəkdə xüsusi mülkiyyətimdə olan evə qanunla müəyyən edilmiş ara məsafəsi gözləmədən hər hansı bir tikilinin inşa edilməsinə cavabdehlərə qadağa qoyulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Hazırki mübahisə üzrə iddiaçıya mülkiyyətində olan fərdi yaşayış evinə dəymiş ziyanın məhz cavabdehlərin hansının təqsirli hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində, başqa sözlə desək mülki hüquq pozuntusu nəticəsində vurulması sübut olunmadığından, eləcə də, dəymiş ziyanın dəqiq məbləği müəyyən edilmədiyindən məhkəmə hesab edir kiİ, iddianın – 2000 manat maddi ziyanın cavabdehlərdən alınması hissəsində təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik olan «B» literli talvar tikilisi cavabdehlərin öz hesablarına sökülməli, iddiaçının xüsusi mülkiyyətində olan evə qanunla müəyyən edilmiş ara məsafəsi gözləmədən gələcəkdə hər hansı tikilinin inşa edilməsi cavabdehlərə qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə bitişik, Cavabdeh1 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa edilmiş «B» literli talvar cavabdehlərin öz hesablarına sökülsün. İddiaçının xüsusi mülkiyyətində olan evə qanunla müəyyən edilmiş ara məsafəsi gözləmədən gələcəkdə hər hansı tikilinin inşa edilməsi cavabdehlərə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İş üzrə ekspertiza xərci olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar